Erməni casus şəbəkəsinin ifşası və yeni taktikası - ŞƏRH

Erməni casus şəbəkəsinin ifşası və yeni taktikası - ŞƏRH
16:07 08-02-2020 | icon 1114

Azərbaycanda bəzi qüvvələrin iş görən, Vətənə qulluq edən insanları sifarişlə hədəf almaları hallarına tez-tez rast gəlinir. Niyə tənqid deyil, hədəf almaq deyirik? Çünki sağlam tənqid ilk andan sezilir və heç kim bunun əleyhinə ola bilməz, olmamlıdır. Bir də var qərəz, intiqam hissi ilə şər-böhtan atmaq. Bunu edənlərin isə mütləq cavabı verilməlidir.

Müxtəlif dairələrin göstərişlərini yerinə yetirənlər son zamanlar Azərbaycan Ordusunun ən peşəkar və parlaq zabitlərindən biri olan korpus komandiri, general-mayor Hikmət Həsənov barədə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Amma bunu edən dəstənin digərlərindən fərqi də var. Bu da onların vətən xainlərinin yaxınları olmasıdır.

Bəs general-mayor Hikmət Həsənov kimdir? 1975-ci ildə Füzuli rayonunda anadan olan H.Həsənov Azərbaycanda Hərbi Akademiya ilə yanaşı Çində də Quru Qoşunları Ali Hərbi Akademiyasında təhsil alıb, Türkiyədə, Almaniyada kurs keçib, NATO əməliyyat qərargahında qərargah zabiti kimi fəaliyyət göstərib, NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk azərbaycanlı hərbçi olub.

1995-ci ildə Azərbaycan Ordusunun sıralarına qatılan H.Həsənovun hərbçi kimi həyatının böyük hissəsi ön xətdə keçib, düşmənlə üz-üzə olan postlarda, hərbi hissələrdə qulluq edib. 2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu götürdüyünə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post şəhid Dilqəmin adını daşıyır.

2014-cü ildən Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan “N” saylı birləşmənin komandiridir.

Komandirliyi dövründə 2015-2017-ci illərdə düşmənə Ağdam-Tərtər-Goranboy istiqamətində ciddi itkilər yaşadıb, 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində: Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib.

Aprel döyüşlərində rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik Ohanyan müdafiə xəttini yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi işğalçılardan təmizləyib.

Hazırda ona qara yaxan, şər-böhtan atanlar 2017-ci ilin may ayında Tərtərdə ifşa olunan və Vətənə xəyanətə görə həbs edilən hərbçilərin ətrafında olan şəxslərdir.

Qeyd edək ki, Azərbaycan Ordusunda 2017-ci ildə üstə açılmış vətənə xəyanət işi üzrə 2017-2018-ci illərdə hüquq mühafizə orqanları tərəfindən ümumilikdə 43 nəfər tutulub. Tutulanlardan 18 nəfəri birinci, qalanları digər ordu korpuslarında olub. Məhkəmə ekspertizası və şahid ifadələri ilə 66 nəfər zərərçəkən şəxs tanınıb.

H.Həsənov haqqında ən çox danışan, şübhəli mənbələrdən maliyyələşən saytların ulduzuna çevrilənlərdən biri Əliyev Nasirdi. Halbuki onun oğlu Tovuzda həbs olunub və H.Həsənova heç bir aidiyyəti yoxdur. Yəni onun cavabdeh olduğu ərazidə həbs edilməyib. Amma nədənsə ancaq H.Həsənovun adını çəkir.

Digər biri isə Məshəti Hüseynovdur. Onun oğlu İsmayıl Hüseynov Şəmkir korpusunda xidmət edib, vətən xaini kimi Gədəbəydə həbs olunub. Amma nədənsə o, da Hikmət Həsənov haqqında danışır. Halbuki oğlu nə Hikmət Həsənovun tabeçiliyində olub, nə də onun cavabdeh olduğu ərazidə həbs edilib.

General-mayoru günahlandırmağa cəhd edənlərdən biri də Nəriman Babayevdir. Onun oğlu Orxan Babayev Vətən xaini kimi həbs olunub. Müşfiq Əhmədlinin atası Seymur Əhmədov da oğlunun hansı cianyət törətdiyini, Vətəni satdığını bilir.

Tərtər işinə görə həbs olunanların günahı istintaq və məhkəmədə tam sübuta yetirilib. Onların təqsirli olduqları aparılan araşdırmalarla sübuta yetirilib. Bunlar hamısı məhkəmə qərarlarında əksini tapıb.

H.Həsənov haqqında ən çox təhqir, şər böhtan yazan jurnalistlərdən biri Polad Aslanovdur. O artıq ifşa edilib. Dövlət Təhlükəsizlik Xidmətinin bir neçə ay öncə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. P.Aslanov Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə təqsirləndirilir. O, İrana casusluq edirmiş, hazırda məhkəməsi gedir.

Əslində, Azərbaycan cəmiyyəti həqiqəti bilir və Vətən xainlərinə birmənalı münasibət göstərir. Ölkədə heç kim o xainləri bağışlamaq niyyətində deyil. Baxmayaraq ki, bu xainlərin əməlləri istintaq sirri olduğu ü,ün tam açıqlanmır, cəmiyyət işin mahiyyətin tam detallı bilmir.

Müharibələrdə xain və satqınların zamanında üzə çıxarılması böyük əhəmiyyət daşıyır. Əgər bu şəbəkə vaxtında ifşa olunmasaydı cəbhə xəttində Azərbaycan üçün ciddi təhlükə yarana bilərdi. Dəstə üzvləri həbs olunandan sonra onların dəhşətli əməllərinin üstü açıldı. Məlum oldu ki, ermənilər həmin satqınların əli ilə yeni işğal planı hazırlayırmışlar. Həmin plana əsasən düşmən Tərtərin Qapanlı kəndini tutmalıymış və xeyli sayda mülki şəxsi girov götürəcəkmiş. Ermənistan Qapanlıdan çıxmaq və girovların qaytarılması üçün Azərbaycan Ordusunun Aprel döyüşlərində azad etdiyi yüksəkliklərdən geri çəkilmək şərtini irəli sürəcəkdi. Düşmən bu planı 2017-ci ilin mayın 9-da həyata keçirməyi nəzərdə tuturdu. Amma mayın 1-də Azərbaycanın hüquq-mühafizə orqanları xain şəbəkəni ifşa etdi. Bununla da düşmənin böyük bir planının qarşısı alındı.

Məlum oldu ki, satqınlar Azərbaycan Ordusunun tanklarının bakına qum doldurublar, topların iynələrini çıxarıblar. Hətta Qapanlıda bir necə ev kirayələyiblər və orada Ermənistanın xüsusi təyinatlılarını gözləyirmişlər. Bütün bunlar hücum anında ermənilərə kömək etmək və Azərbaycan Ordusunun düşmənə zərbə vurmasının qarşısını almaq üçün edilmişdi.

Şəbəkənin əsas hədəflərindən biri də ordumuzun peşəkar və təcrübəli zabitləri olub. Həmin zabitlər postlara baş çəkən zaman xainlər qəsdən havaya atəş açırmışlar. Dəstə ifşa olunandan sonra aşkarlandı ki, sən demə bu parol imiş, xainlər bununla düşmənə xəbər verirmişlər ki, komandir gəlib. Bu zaman ermənilər həmin postu intensiv atəşə tuturmuşlar. Belə faktlardan biri korpus komandiri, general-mayor H.Həsənovun cəbhənin Tərtər istiqamətində yerləşən postlardan birinə baş çəkməsi zamanı qeydə alınıb. Düşən bir neçə gün ərzində Azərbaycan Ordusunun mövqelərini intensiv şəkildə atəşə tutub, şəhid və yaralananlar olub. Bu planın məqsədi general H.Həsənovu ön xəttə aparmaqmış. Korpus komandiri posta gedir, amma əvəvlcədən planlaşdırılan yolla deyil, başqa istiqamətdən. O, yolda başqa bir posta baş çəkir. Elə bu da general-mayoru ölümdən xilas edir. Sonrada məlum olur ki, satqınlar H.Həsənovun posta baş çəkəcəyi ilə bağlı erməni kəşfiyyatına informasiya ötürüblər. Korpus komandirindən əvvəl posta bir neçə zabit gedib, ermənilər də əvvəlcədən ötürülən informasiya əsasında gələnin general-mayor olduğunu zənn ediblər və postumuzu davamlı atəşə tutublar. Xoşbəxtlikdən düşmən gülləsi boşa çıxıb.

Tərtər işindən qabaq bu xain şəbəkənin başqa bir xəyanətinin də üstü açılıb. 2017-ci ilin fevralında 5 kəşfiyyatçımız düşmən tərəfindən pusquya salınaraq şəhid edilib. Həmin kəşfiyyatçılar Beyləqan korpusunda xidmət edirdilər. Vətən xainləri keçiriləcək əməliyyat barədə düşmənə məlumat ötürüblər. Nəticədə kəşfiyyatçılarımız pusquya salınaraq şəhid ediliblər. Daha sonra bu şəbəkənin xain ünsürlərinə Tərtər və Ağdamda rast gəlinib. Çünki ortada şübhəli məsələlər var idi. Bunlardan biri 2014-cü ilin iyulunda 7 silahsız əsgərimizin cəbhə xəttindən aralıda pusquya salınaraq şəhid edilmələridir. Digər bir şübhəli fakt isə Azərbaycan Ordusu tərəfindən vurulan erməni vertolyotundan meyitlərin götürülməsi idi. Hansı ki, vertolyotun düşdüyü ərazi ciddi qorunurdu. Amma ermənilər ordan ölmüş pilotlarının meyitlərin götürə bilmişdilər.

Daha sonra Aprel döyüşlərində mövqelərimizin yerləşdiyi kordinatlarn ermənilərə verilməsi, əsgərlərimizin düşmənə təhvil verilib alçaldılması da (adları istintaqda var) bu xəyanətkar qrupun əməlidir.

H.Həsənovu ittiham edənlərin bir fikri xüsusən diqqəti cəlb edir: onlar bir ağızdan deyirlər ki, Hikmət Həsənov ordan getməlidir. Bu da səbəbsiz deyil. Çünki Hikmət Həsənov düşmənə çox böyük və ciddi itkilər yaşadıb. Bunlardan biri də 2015-ci ildə baş verib. Ermənilər Madagizdə qondarma Dağlıq Qarabağ Respublikasının “müstəqillik” gününə həsr olunan parada hazırlaşırdılar. Parada xüsusi təyinatlılar cəlb olunmuşdu. Hikmət Həsənovun əmri ilə parada hazırlıq keçirilən poliqon bombalanıb və yerlə yeksan edilib. Nəticədə düşmənin 37 xüsusi təyinatlısı məhv edilib.

Vətən xaini kimi mühakimə olunanların belə bir generalı ittiham etməsi, heç şübhəsiz, təsadüfi deyil və düşmənin maraqlarına xidmət edir.