Nazirlik “barak”larda yaşayan sakinlərin çıxarılmasına aydınlıq gətirdi

Nazirlik “barak”larda yaşayan sakinlərin çıxarılmasına aydınlıq gətirdi
17:07 30-01-2020 | icon 2927

Daha əvvəl Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsində yaşayan sakinlərin şikayəri əsasında evlərindən çıxarılmaları ilə bağlı  xəbər vermişdik. 

Sözügedən ərazinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında olduğu müəyyənləşib. 

Məsələ ilə bağlı milletinsesi.info Müdafiə Nazirliyinə sorğu ünvanlayıb. 

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, sakinlər həmin ərazidə qanunsuz şəkildə məskunlaşıb:

“Belə ki, göstərilən ünvanda yerləşən hərbi şəhərcikdəki mənzillərdə vaxtı ilə müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələri yaşayıb. Onlarla bərabər həmin ünvanda bu kateqoriyadan və Müdafiə Nazirliyi ilə əlaqəsi olmayan şəxslər də yaşayıblar.

Buradakı qaçqın və məcburi köçkün ailələri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yeni tikilən mənzillərə köçürülüb.

Qeyd olunan hərbi şəhərcik ərazisindəki tikililərdə Müdafiə Nazirliyi ilə əlaqəsi olmayan şəxslər qeydiyyatsız və qeyri-qanuni olaraq hələ də yaşayırlar.

Taxta konstruksiya və tezalışan materialdan tikilmiş “barak” tipli tikililərin istismar müddəti artıq çoxdan başa çatıb. Uzunmüddətli istismar nəticəsində qəzalı vəziyyətə düşmüş tikililərin bugünkü vəziyyəti orada məskunlaşan sakinlər üçün daimi təhlükə mənbəyinə çevrilib”.

Açıqlamada sakinlərin “Harada yaşayaq?” sualına gəldikdə isə ailələrin nazirliyin balansında olan başqa şəhərciklərə köçürülməsi barədə təklif irəli sürüldüyünü qeyd edilib:

“Bu məsələ həmin ünvana baxış keçirilərkən ailələrin yüksək yanğın təhlükəli, eləcə də qəzalı vəziyyətdə yaşadıqları bina barədə müvafiq dövlət qurumlarının tərtib etdikləri aktlarda da öz əksini tapıb.

Bu səbəbdən orada məskunlaşan şəxslərə həmin mənzilləri təhvil vermələri barədə tərəfimizdən dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, onlar hazırda da orada yaşamaqda davam edirlər. 

Eyni zamanda buradakı ailələrə Müdafiə Nazirliyinin balansında olan digər hərbi şəhərcikdəki boş mənzillərə köçürülmələri ilə əlaqədar bir neçə dəfə müraciət olunsa da, onlar bu təklifdən də imtina ediblər.

Sonda onu da qeyd edək ki, qəzalı mənzillərdən ailələrin çıxarılması ilə bağlı müvafiq məhkəmə orqanı tərəfindən qərar qəbul edilib və onun icrası aidiyyəti qurumlar tərəfindən həyata keçirilməlidir”.