Dünya iqtisadiyyatı koronavirusla üz-üzə...

Dünya iqtisadiyyatı koronavirusla üz-üzə...
10:49 29-01-2020 | icon 217

Pərviz Heydərov yazır...

Çində insanlar arasında yayılan, getdikcə daha sürətlə genişlənən koronavirus xəstəliyi bu ölkənin sərhədlərini tam aşmamış dünya iqtisadiyyatı üçün də təhdidlər ortaya çıxmağa başlayıb. Çünki söhbət dünyanın ABŞ-dan sonra bir nömrəli iqtisadi gücə malik ölkəsindən gedir. 

Belə ki, Çin, dünya iqtisadiyyatı üçün istehsal mənbəyi, fabrik rolunu oynayır. Çin həmçinin, dünyada ən böyük istehlakçı ölkə sayılır. Qlobal iqtisadiyyatda bu gün mühərrik rolunda ABŞ iqtisadiyyatı çıxış edirsə, Çin iqtisadiyyatı “ötürücü qutu” hesab olunur.

Odur ki, sözügedən iqtisadiyyatda “nasazlıq” yaranan kimi dünyanın bütün növ bazarları istər-istəməz silkələnir ki, bu da real olaraq bilavasitə koronavirusla bağlı getdikcə daha çox özünü göstərmək istəyində bulunur. Belə ki, belə davam edərsə, nəticədə, digər aparıcı ölkələrin iqtisadiyyatlarında avtomotik olaraq “özünü əyləc” tendensiyasının meydana çıxması qaçılmaz görünür. 

Məsələ bundadır ki, adıçəkilən virus xəstəlik daha çox insanları əhatə etməyə başladıqca Asiya, Avropa və digər regionların əsas fond indekslərində, eləcə də, xammal aktivləri üzrə bazarlarda mənfi dinamika özünü tədricən daha çox büruzə verir. Bu isə təhlükəli tendensiyadır.

Cari həftə başlayandan məsələn, Nikkei 225 indeksi 2 faiz, Çinin Shanghai Composite indeksi 2,75 faiz, Rusiyada Мосбиржи 1,9 faiz, РТС 3,6 faiz, Böyük Britaniyanın FTSE 100 indeksi 2,3 faiz, Almaniyanın DAX indeksi 2,7 faiz, fransız CAC 40 isə 2,7 faiz eniş edib. 

ABŞ-ın özünün fond məkanında da anoloji hal qeydə alınmaqdadır. İndeks Dow Jones 1,6 faiz, S&P 500 1,5 faiz, NASDAQ 2 faizə yaxın azalıb. Hələ bütün bunlar bir yana qalsın, koronavirus əksər xammal şirkətlərinin də səhmlərini ucuzlaşdırıb.

Belə ki, üç ay idi 1 barelə 60 ABŞ dollarından yüksək və yaxud ən azı göstərilən rəqəm həddində qiymət nümayiş etdirən Brent markalı neft ICE (London) birjasında mart ayında qəbul üçün birdən-birə 2,5 faiz səviyyəsində eniş edərək 59,18 dollara düşüb. Bu, keçən ilin oktyabr ayından sonra ən aşağı göstəricidir. Düzdür, neftin ucuzlaşması ABŞ-ın istəyinə uyğun gəlir. 

Belə ki, ABŞ uzun müddətdir çalışır ki, neftin qiyməti hətta 50 dollardan aşağı olsun. Lakin bu, investorların itkiləri ilə bərabər müşahidə edilir ki, üstəlik, ABŞ mərkəzi bankı FES tərəfindən pul-kredit siyasətini yumşaltmaq istəyi ilə də eyni vaxta düşür. Bəllidir ki, neft ucuzlaşarkən amerika valyutası adətən, möhkəmlənməyə meyl göstərir.

ABŞ iqtisadiyyatında artım dinamikasının, ümumiyyətlə müsbət göstəricilərin ötən ilin əvvəlindən etibarən müşahidə olunmağa başlayan nisbətən, zəifləməsi müqabilində isə bu, məqsədəuyğun hesab edilmir. 

Odur ki, koronavirusun nefti ucuzlaşdırması ABŞ-ın istəyinə uyğun deyil.

Bəs neft niyə ucuzlaşır? Və sözügedən vəziyyətlə əlaqədar neftin qiyməti çox enə bilərmi?

Yuxarıda qeyd etdim ki, Çin dünya iqtisadiyyatı üçün istehsal mənbəyi, fabrik rolunu oynayır və həmçinin, dünyada ən böyük istehlakçı ölkə sayılır. 

Məsələ ondadır ki, mövcud vəziyyət Çində alış-verişi azaldacaq ki, bu, dünya iqtisadiyyatı üçün xarici bazarlarda sözügedən ökənin istehsalına məxsus malların satış həcminin enəcəyi gözləntisindən daha mənfi təsir və nəticələr doğuracaq. Bu isə o deməkdir ki, sonuncu Çində əgər istehsalın azalması ilə nəticələnəcəksə, birinci bilavasitə xarici, yəni bu ölkədən kənarda olan istehsalçıların fəaliyyətini zəiflədəcək.

Çünki Çin bir çox dəbdəbəli mallar, məşhur brend istehsalçılar üçün möhtəşəm bir bazar sayılır. Çin əhalisinin bu cür istehlak mallarına marağının azalması elə indidən “Burberry Group”, “Christian Dior”, “Gucci”, “Kering”, LVMH, “Moncler Hermes”, “Richemont” kimi şirkətlərin səhmlərinin 2,5-4,8 faiz aralığında ucuzlaşması ilə nəticələnib. Söhbət hələ ehtimaldan gedir. 

Odur ki, Çin iqtisadiyyatı geriləyərsə, neftin dünya bazar qiymətlərinin enəcəyi şəksizdir. Yeri gəlmişkən, Çində ilin hazırda elə vaxtıdır ki, daxili istehlak və xidmətə tələbatda pik hədd müşahidə olunmalıdır.

Belə ki, bu ölkədə 25-26 yanvar Çin Yeni ili və bununla əlaqədar olaraq da fevralın 10-dək bayramdır. Hər il məhz bu ərəfədə həm Çin əhalisi tərəfindən həddindən artıq fəallıq qeydə alınır, yəni daxili turist səyahətləri - gediş və gəliş geniş xarakter alır, həm də digər ölkələrdən gələnlər çoxluq təşkil edir. Başqa sözlə desəm, ticarət, xidmət və alış-veriş üçün daha əlverişli və münbit şərait yaranır. 

Sözügedən ölkə bu il bundan da məhrum olmuş vəziyyətdədir. Hansı ki, qeyd olunan vəziyyət Çin və dünya iqtisadiyyatı üzrə tələbdə əlavə ehtiyac yaratmaqda idi. Təsadüfi deyil ki, Çin Nəqliyyat Nazirliyi artıq, bəyan edib ki, yanvarın 25-dən ölkə üzrə daxili turist səfərləri 30 faiz azalıb. Yeri gəlmişkən, Çində tüğyan edən koronovirus yadıma 2011-ci ilin mart ayında Yaponiya sahillərində baş verən o dəhşətli sunami hadisəsini salır. 

Nəticədə, bütün yapon minik avtomobilləri sənayesi ən çox zərbəyə məruz qalan sahə olmuşdu. Əlbəttə ki, müvafiq itkilərdən savayı... Və... Həmin təbii fəlakət nəticəsində ABŞ minik avtomobilləri sənayesi dirçəlməklə, bütün dünyada amerika minik avtomobilləri satışı birə beş sayda artdı. ABŞ 2009-2010-cu illərdəki qlobal maliyyə və iqtisadi böhrandan da ən çox məhz bunun sayəsində çıxdı. 

Sözüm bundadır ki, iki ildir ABŞ-Çin ticarət münaqişəsi və yaxud anlaşılmazlığı dünyanı narahat vəziyyətə qoymuşdu. Son məlumatlar isə ondan ibarət idi ki, guya, ortaq razılaşmaya gəlinib. Sözüm bunda deyil. Bəlkə, Çin “yağışdan çıxıb”, indi də koronarvirus sunamisi ilə üz-üzə qalmaq məcburiyyəti qarşısında qoyulub? Bu sadəcə olaraq, subyektiv fikrimdir. Ancaq bu sunami bütün dünya iqtisadiyyatını cənginə almaq iqtidarındadır...

Sözün qısası, vəziyyət kifayət qədər mürəkkəbdir. Şərqi Asiya nəhəngi üzləşdiyi məlum bəladan tezliklə qurtulmasa, vəziyyət, belə görünür ki, həqiqətən, daha da çətin olacaq.