Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd?

Sabunçu məktəblərində uşaq oğurluğuna cəhd?
11:36 24-01-2020 | icon 676

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 saylı məktəbin valideynləri məktəbə uşaq oğurluğu məqsədilə gələn qadın haqda məlumat paylaşıblar.

MillətinSəsi.info xəbər verir ki, valideynlərin votsapp qruplarında paylaşılan səs yazısında bildirilir ki, 96 saylı məktəbin qarşısına gələn qadın (fotogörüntüləri də əlavə edilib-red.) guya nəvəsi üçün gəldiyini deyir, əslində isə məktəbli qızları aldadaraq aparmaq məqsədi güdür: "Maşında 3 nəfər kişi oturub, bu qadın da qız uşaqlarına "telefon verəcəm" deyə aldadaraq aparmaq istəyib. Valideynləyin müdaxiləsindən sonra niyyətinə çata bilməyib".

Valideynlər açıqlamalarında onu da bildiriblər ki, fotodakı qadın Sabunçuda yerləşən bir neçə məktəbdə görünüb: "Mənim övladım 67 saylı orta məktəbdə oxuyur, deyilənə görə, orada da görünüb bu qadın".

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report.az"ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar İdarənin nəzarətinə götürülüb: "Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb.

O qeyd edib ki, BŞBPİ və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib:

"Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır".