Fizika üzrə fəlsəfə doktoru Elman Yusifov: "Həmişə təbiəti sevən adam olduğum üçün fotoaparatla gəzirdim"

Fizika üzrə fəlsəfə doktoru Elman Yusifov: "Həmişə təbiəti sevən adam olduğum üçün fotoaparatla gəzirdim"
16:09 10-01-2020 | icon 7335

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin yanvarın 9-da keçirilən iclasında Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifovun vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. E.Yusifovun vəzifəsindən kənarlaşdırılmasından sonra onun barəsində bir sıra ittihamlar irəli sürülüb.

Sabiq direktor sözügedən məsələlərlə bağlı Axar.az-ın suallarını cavablandırıb:

- AMEA-da institut direktorları seçki yolu ilə seçilir. Sizin işdən çıxarılmağınızın səbəbi nədir?

- Düzü, mən çox yorulmuşdum, elmi işim yarımçıq qalmışdı. Doktorluq işim 17 ildir qalıb. Rəhbər şəxs elmi işlə məşğul olmağa heç cür vaxt tapa bilmir. Düşünürdüm ki, gedib işdə işləyəcəm, amma laboratoriya işləri və s. mənim çox vaxtımı alırdı. Hazırda müdafiə ərəfəsindəyəm. Mən də doktorluq işimi tamamlamaq məqsədilə direktor vəzifəsindən azad edilmək üçün ərizə yazdım. Ramiz Mehdiyev sağ olsun, məni başa düşdü və ərizəmə qol çəkdi. Mənim yerimə təyin olunan Elşad Əhmədov çox layiqli namizəddir.

Hesab edirəm ki, burada heç bir problem yoxdur. Mən institutda qalıram və işləyirəm. Elmi fəaliyyətimə davam edəcəyəm. Mövzum Azərbaycanın biomüxtəlifliyi ilə bağlıdır. Bu da ekspedisiya tələb edir. Dağa-dərəyə düşmək, heyvanların GPS koordinatlarını təyin etmək çox vaxt aparır. Adminstrativ vəzifə ilə bu üst-üstə düşmədiyi üçün direktorluqdan uzaqlaşmaq qərarına gəldim.

- Sizi qarşı ittihamlardan biri də fizik olduğunuz halda Zoologiya İnstitutunda uzun müddət direktor işləməyiniz göstərilir...

- Bu, yanlış məlumatdır. İxtisasca bio-fizikəm. Yəni sırf bioloji işlə məşğul olmuşam. Ondan sonra da Zoologiya İnstitutunda 10 ildən çox şöbə müdiri işləmişəm. Yəni bu dezinformasiyadır.

- Bildirilir ki, siz direktor vəzifəsinə qədər institutda fotoqraf kimi işləmisiniz.

- Yalandır. Mən həmişə təbiəti sevən adam olduğum üçün fotoaparatla gəzirdim. Qırmızı kitabın və faunanın toksonomik spektrinin hazırlanmasında bizdə şəkil qıtlığı var. Mənim çəkdiyim həmin o fotoşəkillər indi çox yerinə düşüb.

Fikirlər müxtəlifdir, məni sevən də var, sevməyən də. Amma onu deyim ki, heç vaxt fotoqraf işləməmişəm. Bir müddət Ekologiya və Təbii Sərvətlər Nazirliyində elm şöbəsinin müdiri, Elmi Tədqiqat Meşəçilik İnstitutunda elmi işlər üzrə direktor müavini olmuşam, Neft Şirkətində baş ekoloq işləmişəm. Mənim əmək fəliyyətim bundan ibarətdir.

- Direktor işlədiyiniz müddətdə zooloq alimləri institutdan didərgin saldığınız da deyilir...

- Mənim elə bir səlahiyyətim yoxdur. Direktor heç kəsi işdən çıxara bilməz. Bilirsiniz ki, AMEA-da iş müqavilə əsasındadır. Müqavilələr də əsasən müddətsiz olur. Digər tərəfdən, daxili qaydalara əsasən, Akademiyada yaş senzi yoxdur. Yəni bütün bunlar dedi-qodudur. Kimsə işdən çıxıbsa, bu, fəaliyyətindəki uyğunsuzluğa, sistemli şəkildə işə gəlmədiyinə görə və ya öz xoşu ilə olub. Ola bilsin, bu dezinformasiyanı da o adamlar yayır.

- İnstitutun həyətində özünüz üçün qoyun, keçi, inək saxlatdırmağınız kimi iddialar var.

- Bəlkə o heyvanları həm də otarırdım? Allah sizi güldürsün... Bu iddiaları kim səsləndirirsə, məncə, o, daha ətraflı məlumat verə bilər. Bəlkə orda pendir zavodu da açmışam? (gülür) Bəzən sensasiya yaratmaq xətrinə belə məlumat yayırlar.

- Necə düşünürsünüz, sizə qarşı bu qərəzin səbəbi nədir?

- AMEA-da mənə qarşı həmişə böyük hörmət olub. Bütün vitse-prezidentlərlə təmasda olmuşam. Böyük işlər görmüşük. Zoologiya İnstitutunda sistem yaratmışıq, xarici əlaqələr qurmuşuq, yeni laboratoriyalar yaratmışıq, ABŞ-la işləmişik və s. Bunlar hamısı faktlardır və mən də sevinirəm ki, kiçik də olsa, bir iz qoymuşam.