“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham

“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
15:36 07-01-2020 | icon 3241

Aprel şəhidi pilot Təbriz Musazadənin anası Tovuz Musazadə gəlini Pərişan Musazadənin oğlunun şəhid statusundan istifadə etməsindən və nəvələrini ona göstərməməsindən narazıdır.  

“Millətinsəsi.info” xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən şəhid anası bildirib ki, oğlunun qırx mərasimindən sonra gəlini evi tərk edib:

“Mən hamıdan kömək istəyirəm. Ürəyim doludur, Təbrizimin iki balasının mənlə görüşməsinə Pərişan icazə vermir. İndiyə kimi oğluma, nəvələrimə görə susmuşam. O, çox pis iş elədi. 40 mərasimindən sonra dedi ki, gedib Təbrizin evində uşaqlarla tək yaşayacaq. Bizim yanımızda durub xəstələrə baxası deyil.

İndi Pərişan evlənib özü bilər. Ancaq hazırda birgə yaşadığı Mehdi Əsədullayevlə rəsmi nikaha girmir. Bunu ona görə etmir ki, şəhid xanımı statusunu özündə saxlasın. Dövlətin bu məqsədlə ona ayırdığı pulu başqalarına verir. Mehdi vaxtilə hərbi məktəbdə oxumuşdu. Birinci kursdan sonra onu hərbdən atdılar. İndi də ailəsini, 3 uşağını atıb. Pərişan Mehdinin yoldaşına deyib ki, narahat olmasın, kəbinlə bir yerdədirlər, onun ailəsinin heç bir şeyə ehtiyacı olmayacaq. 

Həmin Mehdidən 1 yaşında qızı da var imiş. Bizim heç nədən xəbərimiz olmayıb, biləndən sonra da oğluma, iki nəvəmə görə susmuşam. Amma artıq dözə bilmirəm. Mənim balamın adından, şəhid xanımı statusundan istifadə edir.

Bir müddət Təbriz üçün verilən evdə yaşayıblar. İki körpənin şəhid övladlarının atasından qalan evdə başqa kişiylə yaşamaq olarmı? Mən uşağımdan qalanları niyə başqalarına verməlidir? Mən ölkə rəhbərliyinə müraciət edirəm ki, bizə bu işdə köməklik etsinlər. Hökumətin mənim uşağıma ayırdığı pulları başqalarına yedirtməsin. Biz ondan başqa heç nə istəmirik. İndi də eşitmişəm ki, şəhid evini də satıb, gedib Xırdalanda ev alıb orada yaşayırlar”. 

T. Musazadə nəvələrinin ona göstərilməməsi ilə bağlı ötən il Xətai rayon məhkəməsinə müraciət edib:

“Məhkəmə ötən ilin iyul yayında bizim xeyrimizə qərar çıxardı. Ancaq uşaqları yenə bizə göstərmir. Məktəblərini də dəyişib. Böyük nəvəm məni istədi, qorxdu, dedi anam icazə vermir. İcraçılar dedi ki, uşağa psixoloq lazımdır. Uşaqların psixoloji durumu pis vəziyyətdə idi. Mən üstlərinə getmədim. Dedim böyüsünlər, nə vaxt istəsələr mənim yanıma gələrlər. Onların arxasındayam, həftədə bir-iki dəfə uşaqların oxuduğu Atatürk liseyinə gedirdim. Mənə dedilər ki, uşaqları buradan çıxarıb”.  

Bu arada bildirək ki, hazırda Tovuz Musazadə tək yaşayır. Şəhidin atası Taryel Musazadə 2017-ci ildə dünyasını dəyişib. 

Məsələ ilə bağlı Pərişan Musazadə ilə əlaqə saxlanılsa da, o bu mövzuda danışmaq istəmədiyini qeyd edib.

“Hamıdan kömək istəyirəm, ürəyim doludur” -

“Normal evdən heç bir gəlin çıxıb getməz. Konkret olaraq mənə gəlincə, Təbrizin 40 mərasimindən sonra məni döyüb övladlarımla çölə atıblar”.  Bu sözləri Yenisabah.az-a şəhid pilot Təbriz Musazadənin xanımı Pərişan Musazadə qayınanası Tovuz Musayevanın ittihamlarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, qayınanası ona böhtan atır və bu yeni məsələ deyil. “4 il əvvəl də bu söhbətlər ortaya atılmışdı. Mən bu barədə danışmaq istəmirdim. Amma deməyə məcburam. Hələ Təbriz sağ olanda da bizimlə yola getmirdi. İldə iki dəfə evdən qovulurduq. Təbrizin 40 mərasimindən sonra da məni döyüb uşaqlarımla çölə atdılar. Hətta anamı da döyüblər”, - deyə Pərişan Musazadə vurğulayıb.

Onun sözlərinə görə, evdən qovulduqdan sonra N saylı hərbi hissənin şəhərciyində Təbriz Musazadəyə verilən müvəqqəti  evə köçüblər: “Məndə açar yox idi. Çünki əlimdən almışdılar. Təbrizin hərbçi dostları sağ olsunlar. Onlar kömək etdilər. Balkondan keçib qapını açdılar və biz mənzilə daxil olduq. Orda bir ay yaşayandan Prezidentin sərəncamı ilə bizə verilən evə köçmək qərarına gəldim. 

Neftçilərdə yerləşən həmin evə getdim, lakin bəlli oldu ki, müqavilə qayınatamla bağlanıb. Sən demə, Təbrizin 7-dən sonra gedib deyib ki, gəlinin vəziyyəti pisdir məni yollayıb ki, evi adıma keçirəsiniz. Halbuki belə şey olmayıb. Mənim adımdan yalan danışaraq evi ələ keçirmək istəyiblər.

Onlar da inanıb müqaviləni qayınatamla bağlayıblar. Mən bunun qanunsuz olduğunu bildirdim. Çünki Prezidentin sərəncamında evin Təbriz Musazadənin ailəsinə, uşaqlarına verildiyi qeyd olunub. Mənə bildirdilər ki, o zaman qayınatan imtina ərizəsi yazsın. Xəbər göndərdilər, amma qayınatam gəlmədi. Dedi o evi verməyəcəyəm. Bu işi məhkəmə yolu ilə həll etdik. Müqavilə yeniləndi, mən həmin sənədlə çıxarış da aldım. 

Bundan sonra qayınatam gəlib deyib ki, imtina ərizəsi yaza bilərəm. Ona deyiblər ki, artıq çıxarış da alınıb ehtiyac yoxdur. Amma o bildirib ki, həyat yoldaşı tərəfinin adamları həmin evi mənim əlimdən ala bilərlər. Ona görə də ərizə yazıb imza atıb. Bu sənəd də indiyə qədər durur. 

Amma uşaqlarımın nənəsi deyir ki, guya mən evi onların əlindən almışam. Zatən o ev mənə və övladlarıma verilmişdi”.

Şəhidin xanımı şəxsi həyatı barədə deyilənləri iyrənc iftira adlandırıb. “Mənim adıma söz çıxarırlar. Daha bir komandir, polkovnik qalmayıb ki, adımı onunla hallandırmasınlar. Adam da nəvələrinin anasına bu cür iyrənc iftira atar?

İddia edirlər ki, guya Təbrizlə bir yerdə oxumuş, dostluq münasibətləri olan Mehdi Əsədullayevin ailəsini dağıtmışam. Onun keçmiş həyat yoldaşı Sevinc xanım və özü bu məsələlər aydınlıq gətirib. Hər ikisi bildirib ki, onların ayrılmasında mənim hər hansı bir rolum yoxdur. Bu sadəcə iftiradır, bu cür iftiralar atmaq ayıbdır. İnsanların şəxsi həyatlarına, məhrəmlərinə toxunmaq, böhtan atmaq ayıb işdir”, - deyə Pərişan Musazadə bildirib. 

Şəhidin xanımı əlavə edib ki, dəfələrlə qarşı tərəfin təzyiq və təhdidlərinə məruz qalıb: “Təhsil mərkəzi açmışdıq. Onun qarşısında təhdidlər, bıçaqlar... Ayıbdır e bunları danışmaq. Amma məcbur edirlər. Sonda məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Təhlükəsizliyimlə bağlı müvafiq polis orqanına tapşırıqlar verilib”.

Pərişan Musazadə hesab edir ki, ona qarşı bu kampaniya parlament seçkilərində iştirakı ilə bağlı ola bilər. 

Məlumat üçün deyək ki, şəhidin xanımı 36 saylı Xətai dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb. O, bundan əvvəl Ümid Partiyasının xətti ilə bələdiyyə seçkilərinə qatılmışdı.