Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib - FOTO

Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib - FOTO
23:49 14-12-2019 | icon 125

Dekabrın 14-də Heydər Əliyev Sarayında “Beat Group” şirkətinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konserti keçirilib. 

Konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. 

AZƏRTAC xəbər verir ki, bu il festivalda iştirak etmək üçün 110 uşaq müraciət edib və təşkilat komitəsi onların arasından 20 ən yaxşı ifaçını seçib. Tədbirin aparıcıları əvvəlki festivallardan da yaxşı tanıdığımız gənc artistlər Rüfət Məmmədov və Suel Heybətova olublar. 

Konsertdən əvvəl iştirakçılar qırmızı xalının üzərindən keçiblər və festivalla bağlı təəssüratlarını bölüşüblər. “Səs. Uşaqlar” şousunun altıncı mövsümünün qalibi Ərcan Maksim “Zima” festivalının yüksək səviyyədə təşkilindən heyranlığını ifadə edib, Bakıya gəlmək və Azərbaycan tamaşaçıları qarşısında çıxış etmək imkanı yaratdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirib. Festivalın aparıcısı Rüfət Məmmədov iştirakçıların hamısına uğurlar arzulayaraq deyib ki, tamaşaçıları maraqlı çıxışlar gözləyir. “Zima” festivalı sayəsində çoxlu yeni dostlar tapmaq olar”, - deyə o vurğulayıb. 

Sonra maraqlı konsert proqramı başlayıb. Xalq artisti Aygün Kazımova və Cəlal Bəşirli birlikdə “Qara gözlər” mahnısını ifa ediblər. Əməkdar artist Sevda Ələkbərzadə isə Fəxriyyə Əliyeva ilə səhnəni paylaşaraq “Qal sənə qurban” mahnısını təqdim ediblər. 

Gənc istedadların parlaq ifaları böyük maraqla qarşılanıb. Sarayın səhnəsində, həmçinin Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Fransa və Böyük Britaniya təmsilçiləri də çıxış ediblər. 

“Zima” festivalı, ilk növbədə, uşaqların musiqi bayramıdır. Hər bir gənc ifaçı böyük səhnəyə çıxmaqla burada artıq qalib olur. Sonda bütün iştirakçılara xüsusi diplomlar və xatirə hədiyyələri təqdim edilib. 

“Zima” festivalı ildən-ilə daha parlaq, maraqlı və genişmiqyaslı olur. Festival iştirakçıları artıq müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrdə uğurla iştirak ediblər. Belə ki, “Zima-2017” festivalının bir qrup iştirakçısı “Vo ves qolos” Beynəlxalq Musiqi Televiziya Festivalının qalibi olub. Fərqlənənlər arasında Rüstəm Kərimov da var. O, “San-Remo Junior-2017” uşaq-gənclər musiqi yaradıcılıq festivalının xüsusi mükafatına layiq görülüb. “Zima-2018” festivalının iştirakçısı Aleksandr Zazaraşvili isə Ukraynada “Qolos. Deti” populyar televiziya müsabiqəsinin qalibi olub.