Minik avtomobillərinin idxal imkanları asanlaşdırılmalıdır

Minik avtomobillərinin idxal imkanları asanlaşdırılmalıdır
19:07 10-12-2019 | icon 142

Pərviz Heydərov yazır...

Ölkəyə 6-7 il öncəyə qədər minik avtomobillərinin idxalı və satışı indikindən qat-qat yüksək səviyyədə təşkil edilirdi. Buna 3 başlıca səbəb var idi: birincisi, ölkəyə neftin dünya bazar qiymətləriylə bağlı valyuta çox daxil olurdu, ikinci, manat ABŞ dollarından baha idi, üçüncüsü isə bank kreditləşdirməsi də asan xarakter daşıyırdı. Artıq, 5-6 ildir ki, idxal da zəifdir, satış da. Son 1-2 ildir ki, vəziyyət hələ bir az yaxşıdır, əvvəl lap, pis idi. 2017-ci ildən etibarən, iqtisadi sabitlik yarandıqdan sonra proses səngiyib. Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 35457 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 16121 ədəd və yaxud 2 dəfəyə yaxın çoxdur. 

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, ümumiyyətlə, başa çatmaqda olan bu ilin ilk 10 ayı ərzində sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələrinin idxalı 2,5 dəfə artaraq 441 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 84,1 % artaraq 31 934 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 70,4 % artaraq 2 934, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 64,4 % artaraq 148 ədəd təşkil edib.

Artıma səbəb əsasən, təkrar edirəm ki, ölkədə iqtisadi sabitlik, işgüzar fəaliyyətdə cüzi canlanma, gəlirlərdə artım qeydə alınması və ən əsası da, neftin dünya bazar qiymətlərində əlverişliliyinin hökm sürməsi amilləridir. Sözüm bunda deyil. İş ondadır ki, DGK istehsal ili 7 ildən yuxarı təşkil edən nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoymaq barədə təklif irəli sürüb. Bu həm ekoloji tarazlığı, həm də insanların sağlamlığını qorumaq baxımından izah edilib. 

Əlbəttə, bu, müsbət haldır. O baxımdan ki, küçələrdə tıxacların da sayının getdikcə artmasının qarşısı nisbətən alınar, havanın çirklənməsi tempinin də sürətlə inkişaf etməsi geri qalar və sair... 

Ancaq bir məsələ vardır ki, istehsal tarixi 7 ildən köhnə olan avtomobillərin ölkəyə gətirilməsi qadağan edilərsə, vətəndaşların istifadə etdiyi avtomobillərdən ibarət parkın köhnəlməməsi qayğısına da qalmaq lazımdır. O səbəbdən ki, yeni avtomobil alışı çox çətinləşib. Və belə davam etsə, ölkədə sözügedən avtomobil parkının özü də 5-6 ildən sonra köhnəlmiş vəziyyətdə olacaq.

Ölkəyə avtomobil idxalı və onun satışı təkrar edirəm, ona görə zəifdir ki, birincisi, vətəndaşlarımızın alıcılıq qabiliyyəti və yeni avtomobillərə əlçatanlıq səviyyəsi 6-7 il öncəki vəziyyətdə, yəni neftin dünya bazar qiymətləri 100 ABŞ dolları ətrafında fırlandığı dövrdəki kimi deyil. İkincisi, səbəb devalvasiya amilidir ki, 2015-ci ilədək manat dollara nəzərən 0,78 qəpik olanda 20-25 min dollarlıq minik avtomobilini 15-19 min AZN-ə almaq mümkün idisə, indi 45-50 mindən yuxarıdır. Üçüncüsü isə, bu, həm də hökumətin istəyinə uyğun və ya 2014-cü ildən bəri ardıcıl şəkildə yürütdüyü siyasət nəticəsində baş verən bir tendesiyadır ki, avtomobillərin gətirilməsinə tətbiq olunan rüsumlar hər il artırılmaqdadır. Odur ki, bilavasitə məhz sonuncu səbəbə dair hələ 2017-ci ilin əvvəlində yazdığım məqalədə qeyd etmişdim ki, ölkədə minik avtomobillərinin satışının və həmçinin idxalının məhdudlaşdırılması əslində, böyük səhv addım idi. O səbəbdən ki, bank sektorunun iflası, fəaliyyətinin dalana dirənməsinin ilkin təzahürləri də məhz bundan sonra büruzə verməyə başladı. Sözüm bunda deyil. Xatırladım ki, ölkədə istehlak kreditlərinin verilməsi prosedurasının sərtləşdirilməsi ilk dəfə olaraq, məhz avtomobil satışına tədbiq edildi. Düzdür, təkcə avtomobil deyil, məişət əşyalarına, hətta torpağa, mənzilə görə təklif olunan kredit məbləğləri üzrə də eyni tələb irəli sürülmüşdü. Lakin, 2014-cü ildən tədbiq olunmağa başlanılan həmin tədbirin əsas hədəfi bilavasitə minik avtomobillərinin satışını azaltmaq məqsədi üzərinə yönəlmişdi ki, bundan başqa Nazirlər Kabineti ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normaya keçirilməsi barədə qərar da qəbul etmişdi. Hansı ki, “Avro” standartı heç bir ölkədə avtomobil idxalını məhdudlaşdırmaq məqsədi daşımırdı, amma bizdə eyni standartda yanacaq istehsal olunmadığından hədəf əslində məhz, buna doğru yönəlmişdi.

Bəs, bütün bunların nəticəsi nə oldu? Cavab odur ki, minik avtomobillərinin satışı, onların gətirilməsi tempi enməyə başladı.

Avtomotik olaraq, kommersiya banklarının fəaliyyəti zəifləməyə, onların onsuz da sağlam olmayan maliyyə vəziyyətləri pisləşməyə doğru istiqamət götürdü ki, dövriyyədə nəğd pul kütləsinin artım sürəti zəifləməklə, azalmağa doğru istiqamət aldı. İqtisadi aktivlik zəiflədi. Bir çox iri holdinq, böyük şirkətlərin fəaliyyətləri və işləri məhdudlaşaraq dar çərçivəyə düşdü. Və bütövlükdə, ölkədə ticarət dövriyyəsi enməyə başladı. Odur ki, bir daha hesab edirəm ki, bu, çox mənfi və düşünülməmiş bir addım idi.

Şərhlərimdə və açıqlamalarımda qeyd etmişəm və bir daha təkrar edirəm ki, ümumiyyətlə, ölkəmizdə kommersiya banklarının problemləri məhz bu addımdan sonra üzrə çıxmağa başladı. Belə ki, yəni bank sektoru “serroza düçar olmuşdusa” neftin dünya bazar qiymətləri enməsəydi, xəstəlik bir az gec üzə çıxacaqdı. Sadəcə olaraq, tərslikdən hər ikisi eyni vaxtda üst-üstə düşdü. Yəni, neft də məhz 2014-cü ilin iyun ayından ucuzlaşmağa başladı ki, buna müvafiq olaraq da, sonradan manatın devalvasiya prosesi bankları lap, “beli üstə” qoydu...

Maraqlıdır, bütün bunlara rəğmən, ötən hər ilin yanvarın 1-dən etibarən iri həcmli mühəriki olan minik avtomobillərinin idxalına tətbiq edilən rüsumlar isə artırılmaqda davam edib. Sözün qısası, hələ 2 il öncə yazmışdım ki, ölkədə bankları dirçəltmək, iqtisadi aktivliyi tam bərpa etmək, ticarət dövriyyəsini artırmaq, dövriyyədə nağd pul kütləsinin həcmini genişləndirmək üçün minik avtomobillərinin idxalına qoyulan bir sıra məhdudlaşdırıcı tədbirləri yumşaltmaq, istehlak kreditlərinin verilməsi, xüsusən də onun minik avtomobillərinə yönəliik ödənilməsi prosedurunu 2014-cü ildən əvvəlki dövrə qaytarmaq vacibdir.

O ki qaldı istehsal tarixi 7 ildən çox olan avtomobillərə, yəni bunların ölkəyə gətirilməsinə qadağa təklifinə və bu kimi məsələlərin məqsədinə, bu elə bir hədəfdir ki, onlara digər yollarla da nail olmaq mümkündür və lazımdır. Çünki minik avtomobillərinin gətirilməsi və satışı özlüyündə həm də bir iqtisadi fəaliyyət növü, yəni biznes göstəricidir. 

Avtomobil parkının sürətlə köhnəlməməsi, əhalinin istifadəsində olan avtomobillərin daha yeni və müasir olması üçün, eyni zamanda ekologiyanı da qorumaq baxımından, paralel olaraq yeni avtomobillərin alışına əlçatanlıq səviyyəsi də stimullaşdırılmalı, gömrük rüsumları azaldılmaqla bankların kreditləşdirmə mexanizmi yüngülləşdirilməlidir. Bəli, Azərbaycanda bu gün minik avtomobilləri istehsal olunur. Bu, çox müsbət və böyük hadisədir. Ancaq bu avtomobillərin, ölkəyə gətirilənlərlə müqayisədə rəqabət qabiliyyəti, keyfiyyəti və alıcı cəlb etməsi imkanları hələki məhdud xarakter daşıyır.

Digər ən mühüm mənfi amil isə yerli istehsala məxsus avtomobillərin kifayət qədər baha qiymətə satış təklifləri ilə bağlıdır. Bu heç də əlverişli vəziyyət sayılmır. Onsuz da avtomobil bazarında qiymətlər yüksəkdir. Köhnə avtomobillərin gətirilməsinə qadağa isə ikinci əl avtomobillərini bahalaşdıracaq.