Anar Kərimov: İntiharların qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı hazırlanır

Anar Kərimov: İntiharların qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı hazırlanır
10:42 26-11-2019 | icon 329

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı tərəfindən birgə iş müstəvisində ölkəmizdə intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq.

milletinsesi.info-ın məlumatına görə, bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının keçirdiyi dəyirmi masada  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

O, intiharların səbəbləri kimi, bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırıldığını deyib.

Nazir müavini qeyd edib ki, intihar hadisəsinin mediada qabarıq şəkildə təqdim edilməsi, intihara haqq qazandırılması və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi yolverilməzdir:

“Belə hallar intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər, ona görə də mediada bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmalıdır. İntihar hallarının azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin, psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələri vacibdir”.

A.Kərimov qeyd edib ki, ilk növbədə İntiharların Qarşısının Alınması ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanmalıdır:

“Hazırkı tədbirin əsas məqsədlərindən biri də budur. Növbəti mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP arasında “İntiharların qarşısının alınması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib ki, Azərbaycanda son beş ildə intiharların sayı təqribən 3000-ə çatıb. Bu, çox yüksək rəqəmdir. Bunun 2/3-i kişilər, 1/3-i isə qadınlardır. Bunun ən üzücü tərəfi odur ki, intihar faktları arasında 173 uşaq və yeniyetmə olub.

On bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 40 saniyədə bir nəfər intihar edir:

“Son zamanlar baş verən intiharlara nəzər yetirsək, görərik ki, intihar edənlərin 1/3-i cavanlardır. Son 40-45 ildə intiharların sayı 60 faiz artıb”.

A.Kərimov intiharların əsas iki aspektinə diqqət çəkib:

“Birinci aspekt budur ki, bunun səbəbləri sosialyönümlü ola bilir. Sosial təminat, işsizlik problemləri, bəzi hallarda sosial psixoloji məsələlər də ola bilər. Digər tərəfdən, görürük ki, Azərbaycanda bir çox hallarda bu, həssas təbəqələr arasında baş verir.

Bura ruhi xəstəliyi, əlilliyi olan insanlar, məişət zorakılığının qurbanları olanlar, keçmiş məhbuslar aiddir. Amma yaddan çıxarmaq lazım deyil ki, intiharlar yalnız kasıb, yoxsul ailələrin problemi deyil. Bir çox inkişaf etmiş Avropa ölkələrində də bu problemə rast gəlinir”.

Nazir müavini qeyd edib ki, intiharlar Azərbaycanda daha çox həssas təbəqələrə aid və sosialyönümlü olduğu üçün onların qarşısının alınması məsələsi buna daha geniş və kompleks yanaşmağı tələb edir:

“Bu yalnız bir qurumun, təşkilatın problemi olmalı deyil. Bütöv cəmiyyət bu problemin aradan qaldırılması üçün səylərini əsirgəməməlidir”.

A.Kərimov bildirib ki, bu il ərzində bir çox sahələrdə, xüsusilə də sosial xidmətlərdə dəyişiklik görülür:

“Bu ona görə vacibdir ki, ilk növbədə sosial xidmətlərin əhatəsi genişlənir, onların çeşidləri artır. Digər tərəfdən, bu xidmətlər elektron şəkildə göstərilir. Bir çox məqamlarda bunlar artıq vətəndaşlarda qıcıq yaratmır. Onlar artıq əlavə süründürməçiliklə üzləşməyə, hansısa sənədləri toplamağa məcbur deyillər. Bu da onların psixoloji durumuna hansısa mənfi təsir göstərməsinin qarşısını alır”.

Nazir müavini qeyd edib ki, intiharların səbəblərindən biri də maddi təminatdır:

“Bu il ərzində 14 növ müavinət, yeddi növ təqaüd  artırılıb. İki yeni təqaüd təsis edilib. Azərbaycanda təqribən 70 min ailə il ərzində ünvanlı sosial yardımdan bəhrələnir. Bu da 160 min insanı əhatə edir. İşsizliyin aradan qaldırılması üçün biznes sturtaplarının olması da vacibdir.

Özünəməşğulluq proqramlarının vacib amillərindən biri odur ki, proqrama cəlb edilənlərin ən azı yarısı daha çox həssas təbəqələr - gənclər, qadınlar, məcburi köçkünlər və sair ola bilər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, evdar xanımlar ailələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Onlar işsiz olduğu üçün maddi-sosial təminatlarının gücləndirilməsi vacibdir.

Onun sözlərinə görə, bu günə qədər müavinətlərin 30 faizi birbaşa qadınlara deyil, uşaqlara dəstək vermək üçün ünvanlanıb:

“Azərbaycancanda hazırda 14-ə yaxın belə sosial müavinət var. Fikrimcə, qurumlar tərəfindən belə bir təklif olsa, bu məsələ müzakirə oluna bilər, çünki növbəti ilin büdcə müzakirələri davam edir. Nazirlik təkliflərə açıqdır. Hazırda çoxuşaqlı ailələrə uşaq yeni doğulanda müavinət verilir”.

A.Kərimov bildirib ki, evdar qadınlara müavinətin verilməsinə sistemli yanaşmaq lazımdır:

“Müavinət, təqaüd, əsasən, həssas qruplara, pensiya ala bilməyən işsiz insanlara verilir. Bu işə sistemli şəkildə yanaşmaq lazımdır ki, digər müavinətlərlə uzlaşsın, mütənasiblik nəzərə alınsın. Bundan başqa, qabaqcıl təcrübəyə də baxmaq lazımdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “uşaq pulu”nun verilməsi məsələsinə aydınlıq gətirib.

Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, hazırda uşaqlara 14 növ sosial müavinət verilir: “Bunun üçün ildə 494 milyon manat ayrılır və 585 min uşağı əhatə edir. Ünvanlı sosial yardımdan təkcə bu il ərzində 160 min uşaq faydalanıb. 

Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. “Uşaqpulu” isə ünvanlılıq prinsipinə tam cavab vermir”.