Deputatın qızı iynəni qadının bağırsağında unutdu - Özü insanların suyunu kəsir, həkim qızı insanların həyatını

Deputatın qızı iynəni qadının bağırsağında unutdu - Özü insanların suyunu kəsir, həkim qızı insanların həyatını
14:17 09-11-2019 | icon 9731

Deputat sarıdan Sumqayıtın bəxti heç gətirməyib. Bütün seçki dairələrində adı keçən deputatlar seçkidən sonra yoxa çıxıb, hər kəs öz biznesi ilə məşğuldur. Şəhərin uğursuz deputatlarından biri Mirzəcan Xəlilov da deyilən kateqoriyaya aiddir.

O, bundan əvvəl mandat üçün bəxtini Sabirabad rayonunda sınamışdı. Ordan deputatlığa namizədliyini irəli sürsə də, bəxti üzünə gülməmişdi. Xəlilov orda ulduzunun parlamayacağına əmin olduqdan sonra növbəti seçkidə namizədliyini 1 saylı Sumqayıt seçki dairəsindən verdi və mandat sahibi oldu. “Lal deputat”lar siyahısında yer alan Xəlilovun adı mətbuatda bir çox qalmaqallarda hallanır.

Bu qalmaqallardan biri onun villasında işlətdiyi fəhlələrə qarşı etdiyi haqsızlıqla bağlı olub. Məsələni mətbuata usta Zülfüqar Əliyev açıqlayıb. 2013-cü ildə onun Mirzəcan Xəlilovla Novxanıdakı villasının fasadının təbii daş örtüyü ilə üzlənməsi üçün aralarında anlaşma olub.

Bu iş üçün tələb olunan xərclər ümumilikdə 185 min manat dəyərləndirilib. Anlaşmadan sonra Zülfüqar Əliyev briqadiri olduğu 20 nəfərlik usta-fəhlə heyəti işə başlayıb. 2014-cü ilin may ayına qədər işlərin 90 faizə yaxını görülüb. Sonra materiallar bahalaşdığı üçün işçilərin zəhmət haqqına əlavə 55 min manat tələb olunub.

Bunu eşidən Mirzəcan Xəlilov çox sərt reaksiya verib və bildirib ki, əlavə bir manat da verməyəcək. Mübahisə yarandığına görə, o əvvəldən razılaşdığımız məbləği də tam olaraq ödəməyib, 185 min manatın 25 min manatını da verməyib. Beləliklə, iş gedib məhkəməyə qədər çıxıb.

Deputatla bağlı da mətbuatda gedən yazılarda bildirilir ki, Xəlilov “Azərsutəchizat tikinti” ASC-nin rəhbəri olaraq dövlət torpaqlarını suvarma adı ilə özünün təsərrüfatını genişləndirib.
2006-cı ildə Sabirabadın içməli su təchizatı ilə bağlı milyonluq tenderin qalibi olmuş “Azərsutəchizat tikinti” ASC ilə bağlı korrupsiya iddiaları da vardı. Lakin sonradan Xəlilovun təşkilatı yenidən tenderlərin qalibi olub. O, Sabirabad rayonu ilə Kürdəmir rayonu arasındakı istifadəsiz olan 100 min hektarlarla ərazinin şoranlaşmadan yuyulması üzrə elan olunan tenderi də udub. Xəlilov həmin əraziləri şoranlaşmadan təmizləyərək özü üçün bostan sahəsinə çevirib. Sabirabad rayonundan olan sakinlər bu faktı təsdiqləyirlər.

2015-ci ildə seçki kampaniyası zamanı seçicilərinə çoxlu vədlər verən Mirzəcan Xəlilova ağsaqqallardan biri belə sual ünvanlamışdı: “Sən harda işləyirsən?” “Mən “Azərsutəchizat tikinti” ASC-nin rəhbəriyəm, – deyə Mirzəcan Xəlilov bildirmişdi. Sonrakı polemika belə olmuşdu: “Sənin işçilərin bilirmi ki, sən deputatlığa namizədsən?” “Bəli.” “Onlar bilirlərmi, sən bu gün bu məhəllədə görüş keçirəcəksən?” “Bəli.” “Onda üç gündür niyə bu məhəlləyə su vermirlər. Heç olmasa sənin görüşə gəldiyinə görə işçilərin bizə su verəydi.”

Deputatla bağlı gündəmə gələn başqa bir qalmaqal da onun həkim qızı ilə bağlı olub. Deputatın qızı Günay Xəlilova Sabirabad sakini Vüsalə Abdullayevanı əməliyyat etdiyi zaman iynəni bağırsağında unutduğu üçün onu ömürlük analıqdan məhrum edib. Gənc ailə bu məsuliyyətsizliklə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə həkimi təqsirli bilməyib və işi qapadıb.

Araşdırıb dosyesi ortalığa tökülən bütün deputatların içindən beləcə “qurdlar” çıxır. Min bir problem içində çapalayan xalq da başına-gözünə döyür ki, “biz niyə bu günə qaldıq?” Nədən bu günə qaldığımızın səbəbləri ortada. Başımıza gələn ən böyük bəlaların səbəbkarı elə bu deputatlardır.

https://storage.googleapis.com/qurium/azadliq.info/230219.html

Mənbə Azadlıq.info