Tramp Zelenski ilə naməlum söhbətindən danışdı

Tramp Zelenski ilə naməlum söhbətindən danışdı
04:07 09-11-2019 | icon 28

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə heç kimin xəbəri olmadığı daha bir söhbətinin olduğunu bildirib. 

Bu barədə CNBC məlumat verir.

Amerika liderinin sözlərinə görə, bu söhbət iyul ayındakı danışıqlardan əvvəl baş verib. O, siyasi opponentlərinin bu söhbəti ictimaiyyətə açmaq istəyəcəklərini güman edib və bildirib ki, lazım gəldikdə bunu etməyə hazırdır.

Qəzet ehtimal edir ki, naməlum söhbət dedikdə, Trampın aprel ayında Zelenskiyə etdiyi telefon zəngi nəzərdə tutulur. ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Kurt Volkerin “Twitter” səhifəsində yazdığı məlumata əsasən, həmin vaxt ABŞ lideri Ukrayna prezidentini seçkilərdə qalib gəlmək münasibəti ilə təbrik etmişdi.

Xatırladaq ki, ABŞ-da sentyabr ayında Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığından sonra qalmaqal başlayıb. Bəzi məlumatlara görə, ABŞ prezidenti ona ikinci müddətə prezident seçilməsinə kömək etməyi üçün iyul telefon danışığında Ukrayna liderinə təzyiq edib və ondan keçmiş vitse-prezident Co Baydenin oğlunun fəaliyyətinin araşdırılmasına başlamasını tələb edib.

Bildirək ki, Co Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.

İddiaya görə, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.

Ağ Ev administrasiyası isə bundan sonra telefon danışığının stenoqramını açıqlayıb. Lakin stenoqramda Trampın Zelenskini təhdid etməsi ilə bağlı bir məqam yer almayıb.