“Yeni Günəşli” qəsəbəsinin sakinləri Prezidentə müraciət ünvanlayıblar: Suraxanı rayon İcra Hakimiyyəti kəskin ittiham olunur

“Yeni Günəşli” qəsəbəsinin sakinləri Prezidentə müraciət ünvanlayıblar: Suraxanı rayon İcra Hakimiyyəti kəskin ittiham olunur
16:14 08-11-2019 | icon 12919

“Yeni Günəşli” qəsəbəsinin sakinləri işıq, su və qaz probleminə görə yenidən ölkə başçısına və əlaqədar qurumların rəhbərlərinə müraciət ünvanlayıblar. Budəfəki müraciətdə Suraxanı rayon İcra Hakimiyyəti kəskin ittiham olunur:

Müraciətdə deyilir:

Hörmətli cənab Prezident, bir müddət əvvəl Sizə, eləcə də “Azəriqaz” ASC-nin Dövlət Neft Şirkətinin və “Azərsu” ASC-nin rəhbərlərinə yaşadığımız binanın 150 ailəsi adından göndərdiyimiz müraciətdə göstərilən problemlərin həllinə köməklik edilməsini xahiş etmişdik.

Gözləmək olardı ki, prezident olaraq adınıza hörmət olunacaq, yaşadığımız binaya su, qaz və işıq verilməsinə start veriləcək. Lakin bütün ümidlərimiz puça çıxdı.

Bu günlərimizə qədər heç bir orqandan səs-səmir çıxmır. Bu arada Suraxanı rayon İcra Hakimiyyətinin rəsmiləri “Azpolitika” saytına imzalanmış məktub göndərərək məsələnin ciddi nəzarətə götürüldüyünün və göstərilən problemlərin artıq həll edildiyini edildiyini qeyd edərək həmin saytda bu barədə məlumat dərc etdirərək geniş oxucu ictimaiyyətini aldadaraq ciddi çaşqınlıq yaratmışlar.

Halbuki rayonun İcra Hakimiyyəti məsələdən xəbərdardır, bu istiqamətdə bu günə qədər heç bir əməli tədbirlər görmür, çoxsaylı ərizə, şikayət və təkliflərimizi nəzərə almır, bizlərə heç bir cavab vermir, köməklik etmir. Beləliklə də istər Suraxanı rayon İcra Hakimiyyəti istərsə də adıçəkilən qurumlar bilərəkdən ölkədə sosial gərginlik yaradır, narazıların sayını artıraraq müxalifətin dəyirmanına su tökürlər. Sual olunur: görəsən, qeyd edilən orqanlar hansı səbəbə görə bizə cavab vermirlər, biz nə vaxta qədər heyvan kimi qazsız, susuz, işıqsız yaşamalıyıq, cəhənnəm əzabı çəkməliyik?

Bilirsiniz, cənab Prezident, bu məmurlar o qədər varlanıblar ki, onlar artıq Sizin də tapşırıqlarınızı icra etmək istəmirlər: “mənəm”, “mənəm” deyirlər.

Bütün bunlara baxmayaraq yenə də ümidimizi itirməmişik, Sizə güvənirik, inanırıq ki, köməkliyinizi əsirgəməyəcəksiniz. Çox gözəl xatırlayırıq ki, 2003-cü ildən başlayaraq prezident seçkilərindən sonra andiçmə mərasimlərinin hər birində

əlinizi Qurani-Kərimə qoyaraq hər bir Azərbaycan vətəndaşının prezidenti olacağınıza and içmisiniz.

Xahiş edirik 150 Azərbaycan ailəsinə kommunal şərait yaradılmasına göstəriş verin, cənab Prezident!

Qoy, mərdi qova-qova namərd etməsinlər, biz intihar həddinə çatmışıq. 2005-ci ildən bu şəraitdə yaşayırıq. Əgər vəziyyət belə davam edərsə həmin orqanlar qarşısında etiraz aksiyalarımız qaçılmaz olacaq. Yaşayış ünvanımızı bir daha xatırladırlq:

Bakı şəhəri, Suraxanı rayonu, “Yeni Günəşli” qəsəbəsi, Samir Cəfərov küçəsi, bina 13 “M”.

Möhtərəm Prezident, Allah Taala xalqımızın xoşbəxt gələcəyi və Respublikamızın daha da tərəqqisi naminə Sizə və doğmalarınıza əbədi cansağlığı, dağlar ömrü bəxş etsin – Amin!

MillətinSəsi.info