Modelyer mövsümün əsas trendlərini açıqladı

Modelyer mövsümün əsas trendlərini açıqladı
09:28 08-11-2019 | icon 37

Bu il də rəngarəng, iri və xırda toxunuşlu, maraqlı naxışlı trikotajlar dəbdə olacaq.

Bunu milletinsesi.info-a açıqlamasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova builki payız mövsümünün dəbi haqqında danışarkən deyib.

Modelyer bildirib ki, ağ, qara və qırmızı rənglər dəbdə öz aktuallığını qoruyan rənglərdir: “Bu il payız mövsümündə zoğalı, süd rəngi, xardal, göyün bir çox tonları, bişmiş kərpic rəngi, boz kimi rənglər dəbdə olacaq. Ümumiyyətlə, bir çox rəng tonları gündəmdədir. Öndə olan rənglərdən bej, şaftalı çiçəyi rəngi, açıq tonlar daha çox istifadə ediləcək.

Payız mövsümü rənglərin çeşid bolluğu ilə özünü göstərəcək. Demək olar ki, dizaynerlər təbiətdə olan heç bir rəngin “xətrinə dəyməyib”. Kolleksiyalarda üslublara görə fərqli və müxtəlif rənglər istifadə olunur”, - deyə modelyer bildirib.

Gülnarə Xəlilova qeyd edib ki, ziyafət geyimlərində ipək, güpür, tafta, qaşlı, lələkli və muncuq işləməsi olan parçalar istifadə olunacaq:

“Klassik üslubdakı geyimlər, həmişə olduğu kimi, bu il də gündəmdə olacaq. Gündəlik həyatda insanların rahatlığını təmin edən idman üslubu hər zaman gündəmdədir. Eyni zamanda, küçə üslubundakı fərqli geyim tərzləri də aktual olacaq. Trikotajlar və naxışlı parçalardan hazırlanan geyimlər üstünlük təşkil edəcək. Çiçəkli parça kolleksiyaları isə çiçəklərin böyüklüyünə və kiçikliyə görə seçiləcək.

Trikotajlardan pencək, şalvar və palto formaları da aktual olacaq. Ümumiyyətlə, həm rahatlıq baxımından, həm də daha çox istifadə olunduğu üçün trikotajlardan hər formada hazırlanan geyim nümunələri təqdim olunub. Çiyinlərdə həcm, assimmetrik kəsimlər, çoxlu xətlər, iri valanların olması bu ilin dəbinin əsas detallarını təşkil edəcək.

Kənd romantikası adlanan geyim üslubunda isə xırda gül-çiçək naxışları istifadə olunacaq. Hər il olduğu kimi, bu il də retro üslubu gündəmdədir. Ümumiyyətlə, retro üslublar hər mövsüm dəbdə olur. Çünki dəb qanunlarına əsasən, köhnə illərdə istifadə olunan üslublara müraciət edilir.

Hər yeni dəb tarixində köhnələr də qayıdır. Dizaynerlər onları maraqlı interpretasiyada təqdim edirlər. Bu payız mövsümündə geyimlərdə minimalizm də özünü gpstərəcək. Yəni sadəlik hökm sürəcək. Çünki minimalizm üslubunda çoxlu detal, bəzək və naxışlar istifadə olunmur”.

Modelyer son illərdə üst geyimlərində daha çox balonka və dutik gödəkçələrə üstünlük verildiyini vurğulayıb:

“Qaz tükündən və sindifondan olan fərqli dutiklər və balonko kurtkaların hər forması rahat olduğu üçün daha çox istifadə olunur. Onların həm qısa gödəkçələri, həm uzun plaş forması, həm də palto formaları dəbdədir.

İnsanlar tərəfindən onlara böyük maraq və sevgi var. Hətta məşhur bir brend belə dutikdən gəlinlik hazırlamışdı. Təbii və qeyri-təbii dəri və xəzlər də aktual olacaq”.

Gülnarə Xəlilova əlavə edib ki, aksesuarlardan sırğa, boyunbağı və qolbaqlar dəbdə olacaq:

“Uzun illərdir ki, aksesuarlar dəbdədir. Onlarsız geyimimizi təsəvvür edə bilmirik. Şapka, çanta, eynək, şərflər, sırğa, qolbaq, boyunbağı və digər əşyalar aksesuarlara aiddir. Onlar hər mövsüm, hər il fərqli formalarda dəbə daxil olur”.

Sevinc Yasinqızı