“Azərsu” sədri açıqladı - Regionlarda alternativ su mənbələri yaradıldı

“Azərsu” sədri açıqladı - Regionlarda alternativ su mənbələri yaradıldı
11:35 07-11-2019 | icon 10721

Azərbaycanda son vaxtlar yağıntıların az olması ilə əlaqədar bir neçə rayonda su mənbələri ilə bağlı çətinlk olub. Bu çətinlik xüsusən yay aylarında qeydə alınıb.

milletinsesi.info-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlanılıb:

“Artıq Gədəbəy və Lerikdə bu işlər başa çatıb, Şəki, Şamaxı, Tovuz rayonlarında isə bu işlər gələn il başa çatacaq”.

Q.Hüseynov regionlarda suyun keyfiyyətindən də danışıb:

“Strateji yol xəritəsinə uyğun olaraq regionlarda su-kanal idarələri və regional laboratoriyalar yaradılıb. İlkin mərhələdə laboratoriyaları avadanlıqlar, kadrlarla, maşın mexanizmləri ilə təmin etmişik ki, “Azərsu”un balansında olan bütün su infrastrukturunun nəzarətdə saxlanılması təmin olunsun. Hədəfimiz gələcəkdə bütün bölgələrdə vətəndaşların istifadə etdiyi suların nəzarətə götürülməsidir”.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Azərbaycanın rayonlarında su pasportları hazırlanır.

Onun sözlərinə görə, suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi kimi parametrlər pasportda öz əksini tapacaq. Sədr qeyd edib ki, regionlarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsi daim diqqətdə saxlanılır: “Ölkənin 50-dən çox regionunda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyat keçilir”.

“Azərsu” ASC-nin sədri Qorxmaz Quliyev Bakıda yağış yağanda bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət bildirib:

“Xüsusilə yağış barədə məlumat alan kimi bu kanalizasiyalar yenidən təmizlənir. Kanalizasiya xətlərinə yad tullantlar atılır. Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Burada kanalizasiyalarda problem ola bilər. Kanalizasiya tutulur, yağış suları çox olduğuna görə kanalizasiya sistemləri çatdıra bilmir”.

“Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”, - deyə sədr qeyd edib.

Q.Hüseynov bildirib ki, kritik yerlər müəyyən edilib: “Həmin qəsəbələrdə yağış sularının çəkilməsi üçün layihələr icra edilir. Bu işlərin gələn il başa çatması gözlənilir. Bakının Ramana, Biləcəri, Zabrat qəsəbələrində, Abşeron rayonunun Məhəmmədi qəsəbəsində gələn il yağışdan sonra gölməçələrin yaranmasının qarşısı almaq mümkün olacaq”.

Qorxmaz Hüseynov bildirib ki, Bakıda su filtrlərinin reklamı ilə “Azərsu”nun sakinlərə verdiyi suyu antireklam edirlər.

Onun sözlərinə görə, bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir: “Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə “Azərsu”nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur”. 

Q.Hüseynov korporativ binalarda suyun çirkli olması məsələsindən də danışıb.

Sədr qeyd edib ki, korporativ binaların özlərinin su anbarları olur:  “Su anbarları ən azı ildə bir dəfə təmizlənməlidir və yuyulmalıdır. Ancaq təəəssüflər olsun ki, bir çox korporativ binalarda bunu etmirlər. Biz Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparılır”.

“Azərsu” ASC sosial şəbəkələrdə “Azərsu” gəlir yolu qazır, boruları təmir edir, yol təmirsiz qalır” məsələsinə aydın gətirib.

Qorxmaz Hüseynov bildirib ki, cəmiyyətdə bu fikir haqlı şəkildə formalaşıb: “Biz qəza olursa, mütləq oranı qazmalı və təmir işləri aparmalıyıq. “Azərsu” yolu qazdı, təmir etmədi və getdi” demək düzgün yanaşma deyil. Bizim qurumun asfalt təsərrüfatı yoxdur.  Biz 2-3 kvadrat metr yol qazırıq. AAYDA-nın da o imkanı yoxdur ki, biz deyən kimi dərhal gəlib ərazini düzəltsin. Ərazinin bərpası üçün bir neçə gün vaxt lazım olur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz iş aparırıq ki, belə hallar minimuma çevrilsin”.

“Artıq AAYDA da bu işlərin həyata keçirməsi üçün lokal qurğular alıb”, - deyə sədr qeyd edib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Babək prospektində kanalizasiya xətlərinin yenidən çəkiləcəyi ilə bağlı xəbər yanlışdır.

Onun sözlərinə görə, yayılmış informasiya tamamilə səhvdir və bu məlumatla bağlı texniki xəta olub: “Həmin prospektdə işlər çoxdan başa çatıb. Bu, sadəcə, saytda yaranmış texniki bir səhv olub. Orada bizim heç bir işimiz qalmayıb. Saytda tarix səhv qeyd olunub”.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov binaların üzərindən çənlərin yığışdırılması və bu səbəbdən əhalinin susuz qalması məsələsinə münasibət bildirərkən deyib ki, Bakıda bəzi binaların üzərindən çənlərin yığışdırılmasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yanlışlığa yol verilib.

Onun sözlərinə görə, qurum hansı ərazilərdə fasiləsiz su rejiminə keçirsə, bununla bağlı rayon icra hakimiyyətlərinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edir:

“Həmin xətlərin kəsilməsi və su axıntılarının qarşısının alınması üçün dəstək veririk. Bu çənlərin yığışdırılmasında da ilk təşəbbüs bizim tərəfimizdən verilib. Amma bu məsələdə bir anlaşılmazlıq oldu, səhv etmirəmsə, bu hadisə Xətai rayonunda baş verdi.

Bakı Şəhər İcra Hakimiyyəti orada layihə həyata keçirəndə çənləri götürmüşdü. Sonra bizim mütəxəssislər ora göndərildi. Məlum oldu ki, həmin binalardan çənləri götürmək olmaz. Çünki həmin əraziyə fasiləsiz su vermək mümkün deyildi. Bu səbəbdən də çənlər geri qaytarıldı”.

“Bundan sonra artıq koordinasiya qurduq ki, hansı qurum layihə icra edirsə, bizimlə razılaşdırsın”, - deyə sədr əlavə edib.