Qulu Məhərrəmli: “Xəzər”, “Space” və “Lider” telekanallarında nöqsanlar hələ də var

Qulu Məhərrəmli: “Xəzər”, “Space” və “Lider” telekanallarında nöqsanlar hələ də var
12:21 06-11-2019 | icon 53

Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunan formada təqdim olunur. Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda özəl televiziya kanallarındakı nöqsanlardan barədə danışarkən deyib:

“Reytinqi əsas tutaraq bütün işləri görmək çox ciddi nöqsanlara səbəb olur. Ümumiyyətlə, özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir”, - deyə sədr bildirib.

milletinsesi.info-a danışan teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, seriallarımızda xarici ölkələrin həyat tərzi Azərbaycan ailəsinə tətbiq olunur:

“Nuşirəvan Məhərrəmlinin serialla bağlı fikirləri ilə razıyam. Çünki bizim serial yaradıcılığımız lazım olan peşəkarlıq səviyyəsində deyil. Zəif ssenarilər hazırlanır, dramaturji material zəif olur. Bütün bunlarla yanaşı, həm də xarici ölkə olan Türkiyə, Latın Amerikası ölkələrinin həyat tərzi Azərbaycan ailəsinə tətbiq olunur. Yəni bu ailələri tanımaq olmur.

Cəmiyyət qarşısında pis niyyəti yoxdusa, bu, ailə dəyərlərini təbliğ eləmək əslində serialın məqsədidir. Amma bizdə əksinədir. Seriallarda elə ailələr göstərilir ki, orada qüsursuz ailə görmürsən. Sanki bütün ailələrin əxlaq, düşüncə, övlad və ya ciddi problemi var. 

Mən demirəm ki, senzura olsun. Hər halda ümumi olsa da, serialın ideasının nədən ibarət olduğunu bilmək lazımdır. Ona görə də qatar çıxıb gedəndən sonra onun getməyinə təəssüflənməyə dəyməz. Artıq o seriallar yayıma verilib, baxılır. Hesab edirəm ki, artıq onunla bağlı danışmağın o qədər də böyük effekti yoxdur”.

Qulu Məhərrəmli “Xəzər”, “Space” və “Lider” televiziyalarında nöqsanların hələ də olduğunu qeyd edib:

“Son aylarda televiziyalarla bağlı verilişlərin tənqid olunması müəyyən dərəcədə öz təsirini göstərib. Bəzi özəl televiziyalarda deyilənlər nəzərə alınır. Amma “Xəzər”, “Space” və “Lider” televiziyalarında nöqsanlar qalıb. Onlarında aradan qaldırılması üçün addımlar atılmalıdır.

Əsas nöqsan səviyyənin aşağı olmasıdır. Bayağı, şit danışıqlar, məişət düşüncəsinin ekranlara daşınması, insanların şəxsi həyatının şouya çevrilməsi, süni yolla gülüş və ya dramaturji gərginlik yaratmaq hesabına insanlar ələ salınır”.

Əməkdar jurnalist televiziyalarda aparıcı davranışlarının da çox qıcıqlandırıcı olduğunu da əlavə edib:

“Onların nitqi, danışığı, adamlara yanaşma tərzi, dioloq qura bilməməsi, yuxarıdan aşağı baxış, etik normadan kənarlaşma buraya daxildir. Bunların hamısı bir çox özəl televiziyalarda ciddi nöqsan olaraq qalır”.