İndoneziyanın Azərbaycandakı səfiri  Gəncə Dövlət Universitetinin qonağı olub

İndoneziyanın Azərbaycandakı səfiri  Gəncə Dövlət Universitetinin qonağı olub
17:17 04-11-2019 | icon 4121

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani Gəncə Dövlət Universitetinin qonağı olub. 

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, səfir Hüsnan bəy Fanani ilk olaraq Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə və İnnovasiyalar Deportamentinin əməkdaşları ilə görüşüb.

Rektor professor Yusif Yusibov qonağı salamlayaraq, universitetdə görməkdən məmnun olduğunu bildirib. Professor Yusif Yusibov Azərbaycan və İndoneziya arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açıb.

Rektor GDU-nun yaranma tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələrindən bəhs edib. Bildirib ki, GDU dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, həmçinin beynəlxalq şirkət və qurumları ilə əməkdaşlıq edir.

Azərbaycan və İndoneziya arasında dostluq və qardaşlıq münasibətlərinin gündən-günə inkişaf etdiyini qeyd edən rektor bu əlaqələrin gələcəkdə uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Rektor çıxışının sonunda bugünkü görüşün GDU ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafının hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağını bildirib.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani səmimi qəbula görə rektora və universitetin kollektivinə təşəkkür edərək, İndoneziya haqqında ümumi məlumat verib.

Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə o cümlədən gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda rektor professor Yusif Yusibov və səfir Hüsnan bəy Fanani qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.
Daha sonra diplomat Universitetin professor-müəllim heyəti və tələbələrilə görüşüb.

Universitetlə yaxından tanış olan səfir tələbələr qarşısında mühazirə söyləyib.Diplomat Hüsnan bəy Fanani keçirilən görüşdə İndoneziyanın adət-ənənələri, milli mətbəxi, paytaxtı haqqında ətraflı məlumat verərək, ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin tarixindən və inkişafından söhbət açıb.

Hüsnan bəy Fanani bildirib ki, Azərbaycan ilə İndoneziya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bu gün ölkələrimiz müxtəlif layihələrdə birgə iştirak etməklə dünyada sülh, dözümlülük və demokratiya kimi dəyərləri fəal şəkildə təşviq edirlər. İndoneziya dinlərarası dialoqun həm ikitərəfli, həm də regional səviyyədə təbliğinə xüsusi önəm verir.

Dünyanın ən çox müsəlman əhalisi olan İndoneziya bu gün həm İslam ölkələri, həm də əhalisinin çoxu müsəlman olan ölkələrlə davamlı olaraq fəal və sıx əməkdaşlıq edir.

Azərbaycan-İndoneziya münasibətlərinin daha da sıx olmasını şərtləndirən digər bir xüsusiyyət ölkələrimizin dünyaya bəxş etdiyi ümumi dəyərlərdir. Azərbaycan və İndoneziya müsəlman ölkələri olaraq sülh, həmrəylik və multikulturalizm dəyərlərinin təbliğində də daim birgə əməkdaşlıq edirlər.

İndoneziya ilə Azərbaycan arasındakı münasibətlər davamlı olaraq güclənir.

Səfir bildirib ki, Azərbaycan Odlar yurdu, İndoneziya isə Odlar halqası ölkəsidir. İndoneziya vulkanlarla əhatə olunub. Bu bənzərlik xalqlarımızı bir-birinə bağlayır.

Səfir qeyd edib ki, İndoneziya 13 min 500-dən çox adadan ibarətdir. Burada 300-dən çox etnik qrup və 750-dək dil qrupu mövcuddur. Onların hər birinin öz musiqi alətləri, rəqs, incəsənət, memarlıqdan tutmuş döyüş sənətinədək özünəməxsus nadir mədəniyyəti və ənənələri var.

Ölkələrimiz arasında təhsil sahəsində də yaxşı əməkdaşlığın olduğunu vurğulayan səfir deyib ki, İndoneziya hər il azərbaycanlı tələbələr üçün müxtəlif təqaüdlər təklif edir. O bildirib:

“İldən-ilə azərbaycanlı gənclərin İndoneziyada təhsil almaq həvəsinin artdığını müşahidə edirik. Həmçinin son illərdə həm İndoneziyada, həm də Azərbaycanda illik mədəniyyətlərarası seminarlar keçirilib. Universitetlər arasında tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində birgə elmi tədbirlərin keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur."

Səfir Azərbaycan ədəbiyyatından Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Nəimidən bəhs edib.

Təqdimatının sonunda səfir özünün musiqi bacarığını da nümayiş etdirərək, tələbələri İndoneziya musiqisinin ecazkarlığı ilə tanış edib.

Sintezatorda ölkəsinin milli musiqilərini ifa edən səfir, daha sonra “Azərbaycan” , “Sarı gəlin” mahnılarını da çox ustalıqla səsləndirib. Görüşdə təqdim olunan bənzərsiz musiqi və rəqslər bütün iştirakçıların marağına səbəb olub.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani səmimi qəbula görə minnətdarlığını bildirib.

Sonda Hüsnan bəy Fanani professor-müəllim heyəti və tələbələrlə xatirə şəkli çəkdirib.

FB_IMG_1572887063036

FB_IMG_1572887075516

FB_IMG_1572887081747

FB_IMG_1572887087846

FB_IMG_1572887093695

FB_IMG_1572887100740

FB_IMG_1572887105255

FB_IMG_1572887069611

FB_IMG_1572887121600

FB_IMG_1572887111956