Bakıya yağan yağış kanalizasiyaya yol tapa bilmir, bilmirik, necə başa salaq

Bakıya yağan yağış kanalizasiyaya yol tapa bilmir, bilmirik, necə başa salaq
18:07 01-11-2019 | icon 32

Günay Malikqızı yazır...

Yağış yağanda Bakı qəribə olur. 

Bir tərəfdə çiskinli havanın dənizkənarı şəhərə verdiyi qeyri-adi ab-hava ilə selfi çəkənlərin “Payız gəldi”, “Yağış yağır, mən gəzirəm” mətnli şəkilləri, digər tərəfdə isə.... 

Digər tərəfdə yaşananların arasından isə çox sular keçib. Bu uzunömürlü münasibətlərdən çox danışılıb. 

Neçə ildir ki, Bakıya yağan yağış kanalizasiyaya yol tapa bilmir. Vallah, billah, bilmirik ki, bu yağışa kanalizasiya yolunu necə başa salaq. Amma mən bu gün Bakı yağışı və kanalizasiyanın heç cür düzəlməyən münasibətlərindən danışmayacam. 

Yağış yağanda nə etmək lazımdır?

Heç nə, çətirimizi götürüb, ən uzunboğaz çəkməmizi geyinib işimizin-gücümüzün dalınca gedə bilərik. 

Amma... Yenə də amma var. Amma da odur ku, bəlkə də, piyadalar qalxan da götürməlidirlər. 
Aha, ağlıma yaxşı fikir gəldi, bəlkə, yağış yağanda avtomobillərin təkərlərinin altından qalxan sudan qorunmaq məqsədilə qalxanların istehsalı ilə məşğul olum. 

Bundan çox pul qazanmaq olar. İnsanlarımıza adi davranış qaydalarını başa salmaqdan keçib. 

Səhər avtomobillər elə şütüyürdü ki, arxalarınca piyadaların səsləndirdikləri mərtəbəli “alqışları” eşitmirdilər.   

Mən də avtomobil sürürəm. Yavaş getməyimin bir səbəbi var idi. Yolda su çox idi, bir az sürəti qaldırsan, avtomobilin təkəri ətrafa su dağıdar.

Bəli razıyam, küçələrdə o qədər su olmamalıdır. Amma var. Varsa, yalnız özümüzü yox, ətrafımızdakı piyadaları da düşünməliyik. 

Məcburuq. Biz bir şəhərin sakinləriyik. Avtomobildə olmayanlar arasında da çox gözəl, ağıllı insanlar var.

Nə olar ki siz atlısınız, biz piyada. Özünüzü ifadə etmək üçün yağışın yağmağını gözləməyin.

Üstün olduğunuzu göstərmək üçün başqa vasitələrə əl də ata bilərsiniz.