Ağsu sakini: Prezident sərəncam verib, pul ayırıb, niyə onun göstərişinə əməl edən yoxdur?

Ağsu sakini: Prezident sərəncam verib, pul ayırıb, niyə onun göstərişinə əməl edən yoxdur?
12:33 31-10-2019 | icon 1461

Gülarə Məmmədova: “Şikayət etdik, əncam çəkəcəklərini deyib aldadırlar”

“Evin arxası dəlik-deşikdir, sıçovullar divardan içəri girib-çıxır. Gecələr yata bilmirəm, səhərə kimi işığı söndürmürəm, qorxuram ki, siçovul gəlib ayağımı dişləyər”. Bunu Meydan TV-yə Ağsu şəhəri, Heydər Əliyev küçəsi, ev 4 ünvanında yaşayan Gülarə Məmmədova deyir:

“Evi olan adama ev tikirlər, amma mənim yaşadığım daxma uçub başıma tökülür, bunların heç vecinə deyil. Meydan TV-də şikayət materialımız çıxandan dərhal sonra gəldilər, evə yenidən baxış keçirdilər. Əvvəlcə, hədə-qorxu gəldilər ki, niyə şikayət etmisiniz, sonra da evə əncam çəkəcəklərini deyib çıxıb getdilər. Bir aydan sonra isə gəldilər, evin əşyalarını bizə boşaltdırdılar ki, gələn həftədən tikinti aparacağıq. Artıq iki ay keçib, hələ də gözləyirik. Bizə evi söküb, yenidən tikəcəklərini demişdilər. Öyrənmişik ki, yenə təmir yazıblar. Bizi aldadırlar, mən çox xahiş edirəm ki, gəlib, evə yenidən baxış keçirib, düzgün qərar versinlər”.

evqezas

“Bizə vəd verib, aldatdılar. Bircə ümid ona qalıb ki, təkrar yuxarılara şikayət edim”, - Gülarə Məmmədova deyir:

“Neçə dəfə icra hakimiyyətinə getmişəm, adamı saymırlar. Prezidentə, Birinci vitse-prezidentə məktub yazmışam. Vitse-prezidentə yazdığım məktuba cavab gəlib. İcra da məktuba cavab yazıb ki, evə baxış keçirilib, bərpa yazılıb. Bununla da işlərini bitmiş hesab edirlər. Təkrar Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna məktub yazacağam.

Rəhmətlik atam evi 1939-cu ildə çay daşından, özü də necə gəldi tikib, bünövrəsi yoxdur. Bünövrəsi olmadığı üçün də sürüşmə gedir, divarlar aralanıb. Üstündən “tros”la dartıb bağlamışıq, bir gün dam üstümə düşəcək. Tutaq ki, üstdən təmir etdilər, zəmanət verirlər ki, bünövrəsi olmayan ev sabah başıma uçmayacaq? Prezident sərəncam verib, pul ayırıb, niyə onun göstərişinə əməl edən yoxdur? Rayonda elə adamların evini tikitlər ki, baxıb dəhşətə gəlirəm. Həyətində iki evi olur, ona tikirlər. Lakin yetim-yesirin, kasıbın, imkansızın evini tikmirlər”.

ev qeza1

Bu evdə ayaqyolu belə yoxdur. Gülarə Məmmədova deyir ki, ona qardaşının arvadı baxır. O, işdə olanda isə evdə tək qalır:

“Əlil adamam, bu yaxınlarda yıxıldım, ayağım sındı. Yaxşı ki, bacı-qardaşım var. Yoxsa qarnıma yemək tapıb yeyə bilmərəm, acından ölərəm. Aldığım pul iynə-dərmana gedir.

Təxminən 30 il bundan qabaq şoka düşmüşəm. Ondan sonra belə olmuşam, yaxşı, normal adam idim. Kor bağırsaqdan əməliyyat olundum, yara çirk elədi, təkrar yardılar, ayyarım xəstə yatdım. Təzədən sancılandım, apardılar, orada iynə vuran kimi şoka düşmüşəm, ayılmamışam. Kliniki ölüm keçirmişəm, ondan sonra da belə olmuşam. Kökəlmə gedib, ağır çəkidən əziyyət çəkirəm. 47 yaşım var, ikinci qrup əliləm, 130 manat pul alıram. İndi ödümdə daş var, əməliyyata pul yoxdur, ev də ki belə vəziyyətdə“.

ev qeza2

Ağsu Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Mirəli Qurbanov Meydan TV-yə bildirib ki, vətəndaş evinə verilən rəydən narazıdırsa, Fövqaladə Hallar Nazirliyinin komissiyasına müraciət etsin:

“Təmir işlərinə başlanan gündən həmin nümayəndələr Ağsu rayonunda işləyir. Təmir, qəzalı və bərpasına ehtiyac olan evlərə rəyi də onlar verir. Təkrar müraciət olunsun, evə təkrar baxış keçirilsin”.

Mirəli Qurbanov bildirib ki, Ağsu rayonu üzrə ümumilikdə 2104 evin təmir, bərpa və tikintisi nəzərdə tutulub. İndiyədək 642 ev hazır olaraq təhvil verilib. O, təxmin edir ki, tikinti işləri gələn ilin sonlarına kimi davam etdiriləcək.

Mənbə: Meydan TV

ev qezali4