Azərbaycan təhsili dünya reytinqində irəlilədi

Azərbaycan təhsili dünya reytinqində irəlilədi
16:49 21-10-2019 | icon 72

Dünya İqtisadi Forumu tərəfindən ötən həftə yayılmış “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan səkkizi üzrə ölkəmiz MDB ölkələri arasında yüksək nəticələr əldə edib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən "Bacarıqlar" (“Skills”) kateqoriyası üzrə Azərbaycan bu il altı pillə irəliləyərək 48-ci yerdə, “İnnovasiya bacarığı” (“İnnovation Capability”) üzrə isə bu il üç pillə irəliləyərək 68-ci yerdə qərarlaşıb.

Belə ki, "Bacarıqlar" kateqoriyasının tərkib hissəsi olan işçilərin peşəkar inkişafı göstəricisi üzrə Azərbaycan 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyəti göstəricisi üzrə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçiləri tapmaq asanlığı göstəricisi üzrə 2 pillə irəliləyərək 29-cu yerlərdə qərarlaşıb.

Tədrisdə tənqidi düşüncə göstəricisi üzrə isə ölkəmiz yeddi pillə irəliləyərək 20-ci yerdədir. “İnnovasiya bacarığı” kateqoriyasında Azərbaycan beynəlxalq müştərək ixtiralar üzrə üç pillə irəliləyərək 96-cı, elmi nəşrlər üzrə üç pillə irəliləyərək 105-ci, patent ərizələri üzrə üç pillə irəliləyərək 105-ci, elmi-tədqiqat institutlarının qabaqcıllıq indeksi üzrə səkkiz pillə irəliləyərək 78-ci yerlərdə qərarlaşıb.