Qubalı veteran idmançı dünya ikincisi oldu - VİDEO

Qubalı veteran idmançı dünya ikincisi oldu - VİDEO
18:20 10-10-2019 | icon 42

Qubalı idmançı dünya ikincisi olub. 

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində veteran güləşçilər arasında dünya çempionatı keçirilib.

Yüzə yaxın ölkə idmançısının qatıldığı yarışda 130 kq çəki dərəcəsində mübarizə aparan Musa Mirzəyev gümüş medala sahib olub. 

M.Mirzəyevin rəqibləri Çexiya güləşçisi Petr Baystron, gürcüstanlı idmançı Zaza Toidze, yarımfinalda isə Macarıstanlı Gyula Pappla olub. 

Bütün idmançılara tam üstünlüklə qalib gələn güləşçimiz finala yüksəlib. Təmsilçimizin finalda rəqibi isə İran idmançısı Reza Əliəsgəri Təbrizi olub. Lakin bu görüş iranlı idmançının xeyrinə başa çatıb, M.Mirzəyev gümüş medalla kifayətlənib. 

M.Mirzəyev bildirir ki, yarışa yaxşı hazırlaşıb, lakin finala qədər ayağından zədə alıb. Buna görə istədiyi kimi mübarizə apara bilməyib və məğlub olub.

Bu, Mirzəyevin iranlı idmançı ilə ilk yarışı deyil. Bir neçə il bundan öncə  M.Mirzəyev onu məğlub edib. 

Qeyd edək ki, Musa Mirzəyev beynəlxalq yarışlarda iştirak edərək dəfələrlə birinci yerin sahibi olub. Ölkəmizi 20-yə yaxın ölkədə təmsil edib. O hazırda Azərbaycanda yeganə idmançıdır ki, iki yaş kateqoriyasında (böyüklər və veteran güləşçilər ) mübarizə aparır.

Hazırda M.Mirzəyev Azərbaycanın idman ustası, milli komandanın üzvüdür.