Bakıda polis həyatını riskə atıb iranlını xilas etdi

Bakıda polis həyatını riskə atıb iranlını xilas etdi
15:45 10-10-2019 | icon 100

Oktyabrın 9-da paytaxtın Nərimanov rayonunda İran vətəndaşının iştirakı ilə xoşagəlməz hadisə baş verib.

Nərimanov Rayon Polis İdarəsindən milletinsesi.info-a verilən məlumata görə, “102” xidmətinə İran vətəndaşı S.Touloun tərəfindən zəng gəlib.

Kişi həyəcanla oğlu, 1998-ci il təvəllüdlü Seyidrzanın saat 19:20-də intihar etmək məqsədilə evi tərk etdiyini bildirib.

18-ci Polis Bölməsinin əməkdaşları xəbərdarlığa cəld reaksiya verərək, saat 22:00-da Əliəşrəf Əlizadə küçəsində 61 nömrəli, 17 mərtəbəli yaşayış binasının damından cavan oğlanı tapıblar.

Əməliyyatçılardan biri həyatı bahasına intiharın qarşısını alıb. Sahə müvəkkili İran vətəndaşını yüksəklikdən endirərkən özünü çətinliklə saxlayıb.

Polis S.Toulounun problemli gənc olduğunu bildirib. Bundan əvvəl onun adı bıçaqlanma hadisəsində hallanıb. Həmin hadisə ilə bağlı aparılan istintaq zamanı S.Touloun Azərbaycandan çıxmağa cəhd edib.

İstintaq davam edir.

Ramella İbrahimxəlilova