Deputat tələbələrə görə spikerə müraciət etdi

Deputat tələbələrə görə spikerə müraciət etdi
11:20 10-10-2019 | icon 42

Mən və deputat həmkarım Əli Məsimlinin hazırladığı “Təhsil kreditləri haqqında” qanun layihəsi bir neçə il bundan əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Lakin orada bir məsələ ilə bağlı fikir ayrılığı yarandı. Bu da bank faizləri ilə bağlı idi.

Bunu milletinsesi.info-a açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, məhz bu fikir ayrılıqlarına görə sənəd plenar iclasın müzakirəsinə çıxarılmadı.

“İndi isə mən və Əli Məsimli təkid edirik ki, “Təhsil kreditləri haqqında” qanun layihəsi yenidən komitədə müzakirə olunsun və məsələni plenar iclasa çıxaraq”, - deyə V.Əhmədov əlavə edib.

O qeyd edib ki, üzvü olduğu komitənin növbəti iclaslarının birində bu məsələ müzakirə oluna bilər.

Bank faizləri ilə bağlı məsələnin həllinə gəlincə, V.Əhmədov bildirib ki, bununla bağlı bank rəhbərləri ilə görüş keçirilməlidir:

“Mən Milli Məclisin sədri cənab Oqtay Əsədova da müraciət etmişəm ki, bank sisteminin sağlamlaşdırılması ilə əlaqədar bank rəhbərləri ilə görüşlər keçirilsin. Amma hələlik bir xəbər yoxdur”.

Qeyd edək ki, Milli Məclisin 30 sentyabrda keçirilən plenar iclasında spiker Oqtay Əsədov “Təhsil kreditləri haqqında” qanun layihəsini parlamentə təqdim etməyə çağırıb.

Sözügedən qanun layihəsi təhsil haqlarını ödəyə bilməyən tələbələrə güzəştli şərtlərlə kreditlərin verilməsini nəzərdə tutur.