Lavrovun Qarabağla bağlı bəyanatı Paşinyanı hiddətləndirib – XİN rəhbərini istefaya göndərmək istəyir

Lavrovun Qarabağla bağlı bəyanatı Paşinyanı hiddətləndirib – XİN rəhbərini istefaya göndərmək istəyir
12:25 09-10-2019 | icon 40

Baş nazir Nikol Paşinyan ölkənin Xarici İşlər naziri Zohrab Mnatsakanyanı vəzifəsindən uzaqlaşdırmaq istəyir.

milletinsesi.info-ın xəbərinə görə, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Məlumatda bildirilib ki, Ermənistanın beynəlxalq tərəfdaşları ilə problem yarandığına görə Z.Mnatsakanyanın istefası gündəmdədir.

Baş nazir N.Paşinyan Qarabağ münaqişəsində Rusiyanın son zamanlar sərgilədiyi mövqedən hiddətlənib.

Belə ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında N.Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını tənqid etmişdi.

“Albaniyanın Baş naziri “Kosova Albaniyadır” elan etməsi kimi, “Qarabağ da Ermənistandır” demək siyasi prosesin yenidən başlaması üçün şəraitin yaradılmasına kömək etmir”,-deyə S.Lavrov bildirmişdi.

İndi isə nəşrin mənbələri bildiriblər ki, N.Paşinyan S.Lavrovun bu açıqlamasından qəzəblənib.

Qeyd olunub ki, Baş nazir Ermənistanın XİN rəhbəri Z.Mnatsakanyanı Rusiya ilə yaxşı əlaqələr qura bilmədiyinə görə vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.

Aqşin Kərimov