Zakir Qaralov Rusiya Baş Hərbi prokuroru ilə görüşüb

Zakir Qaralov Rusiya Baş Hərbi prokuroru ilə görüşüb
15:21 08-10-2019 | icon 193

Bu gün Azərbaycanın Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Baş prokurorunun müavini - Rusiya Federasiyasının Baş Hərbi prokuroru Valeri Petrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  

Baş Prokurorluğun mətbuat xidmətindən "MillətinSəsi.info"a daxil olan məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə olduğu kimi hərbi və hüquq sahələrində də uğurla inkişaf etdiyini xüsusilə qeyd olunub.

Xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20% ərazisinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokuror, bu günlərdə Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ifadə etdiyi tarixi tezislərdən sitatlar gətirib. Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror, dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunmuş nailiyyətlərdən geniş danışıb.

Baş prokuror ötən illər ərzində prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırılması istiqamətində aparılan mütərəqqi işlər, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə qonaqlara məlumat verib.

Azərbaycan və Rusiyanın hərbi prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və gələcək perspektivlərindən danışıb.  

Möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan - Rusiya əlaqələrinin bir çox sahələrdə olduğu kimi özünü hüquq mühafizə sahəsində də büruzə verdiyini diqqətə çatdıran Baş prokuror cari ilin iyununda Rusiya Federasiyası Baş prokuroru Yuri Çayka ilə Moskvada baş tutmuş görüşünü xatırladıb, səfər çərçivəsində iki ölkənin Baş Prokurorluqları arasında imzalanmış “Əməkdşalıq haqqında Saziş”in əhəmiyyətini vurğulayıb.  

Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən Valeri Petrov ölkəmizə ilk səfəri olduğunu qeyd edərək, nümayəndə heyətinin üzvlərində artıq Azərbaycan haqqında çox sürətlə inkişaf edən, dinamik, müasir və təhlükəsiz ölkə imicinin formalaşdığını bildirib.

Qonaq qarşılıqlı səfərlərin, geniş ünsiyyətin və mütəmadi təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyinə əminlik ifadə edərək, ölkəmizlə bir çox sahələrdə olduğu kimi, hərbi və hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verildiyini, Azərbaycan hərbçilərinin Rusiyada keçirilmiş "Beynəlxalq Ordu Oyunları-2019" çıxışını qeyd edib.  

Görüşdə hərbi xidmət əleyhinə olan cinayətlər, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Zakir Qaralov Rusiya Baş Hərbi prokuroru ilə görüşdü