Gəncə Dövlət Universiteti haqqında yazılarla bağlı əsl gerçəklik

Gəncə Dövlət Universiteti haqqında yazılarla bağlı əsl gerçəklik
16:38 07-10-2019 | icon 718

Son günlər bəzi internet saytlarında Gəncə Dövlət Universiteti və onun rəhbərliyi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Dövlət Universiteti haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır.

Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından universitetdə təhsil alan tələbələr və müəllim kollektivi böhtan xarakterli bu  məqalələri qətiyyətlə pisləyir  və öz iradlarını bildirirlər.

Bildirmək istəyirik ki,professor Yusif Yusibovun rektor olduğu dönəmdə  Gəncə Dövlət Universitetinin inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Bu illər ərzində universitetin infrastrukturu müasirləşdirilib, maddi texniki bazası zənginləşdirilib, kadr potensialı yüksəldilib, həmçinin ali təhsil müəssisəsinin dünyanın, xüsusən də Avropanın qabaqcıl elm-təhsil mərkəzləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formada əməkdaşlıq əlaqələri genişlənib.

Yeni tədris ili respublikamızın qərb bölgəsinin ən qocaman, böyük və nüfuzlu ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti üçün yüksək göstəricilərlə başlayıb. Belə ki, bu təhsil ocağına daxil olan tələbələrin sayı bu il müstəqillik dövründəki bütün illərlə müqayisədə ən yüksək həddə çatıb. Ötən il Gəncə Dövlət Universiteti qəbul planının yerinə yetirilməsinə görə respublikanın bütün universitetləri arasında 2-ci və 3-cü yerləri bölüşüb.

Bu ilki qəbul planının yerinə yetirilməsinə görə isə Gəncə Dövlət Universiteti  Təhsil Nazirliyi tabeliyindəki ali məktəbləri  arasında ilkin sıraya yüksəlib. Həmçinin yüksək balla daxil olan tələbələrin sayına görə də Gəncə Dövlət Universitetində  yüksək nəticələr qeydə alınıb. Belə ki, bu il GDU-ya 500-dən yüksək balla daxil olanların sayı 92 nəfər, 600-dən yüksək bal toplayan gənclərin sayı isə 6 nəfər olub. Həmçinin,bildirmək istəyirəm ki, Gəncə Dövlət Universitetində qeydə alınmış bu göstəricilər region universitetləri arasında ən yüksək göstəricidir.

Bir daha bildirmək istəyirəm  ki, bəzi media orqanlarında  guya GDU-da olan  “anarxiya”  ilə  bağlı  materiallar dərc olunur və bu materiallarda  konkret heç bir fakt göstərilmir, ümumi sözlərlə universitetin artan ictimai nüfuzuna zərbə vurmağa çalışılır.Bu anonim şikayət məktubundan  bir  cümlə  göstərək:

 “Bu iddia universitetin müəllimləri- Fizuli Fərəci, Fəxrəddin Həsənov və Gülsüm Fətəliyeva tərəfindən  göndərilən  şikayət  məktubunda qeyd olunub”

Bildirmək istəyirəm ki,GDU-da Fizuli Fırəci adlı əməkdaş yoxdur. Gülsüm Fətəliyeva universitetin humanitar məsələlər üzrə, Fəxrəddin Həsənov isə universietin təsərrüfat işləri üzrə prorektorlarıdır.Bunlar universitetin rəhbər şəxslərindəndir.Bu materiallarda isə bunlar şikayətçi kimi təqdim olunur,bundan başqa , şikayət məktublarında   sadalanan  “faktlar”  isə kimlərinsə məqsədli şəkildə uydurulmuş fantaziyalarından ibarətdir.Belə çıxır ki,universitet rəhbərliyi özü özündən şikayət yazır.

Ümumiyyətlə,bildirmək istəyirik  ki,Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən böhtan xarakterli yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Bu yalan və böhtanları Gəncə Dövlət Universitetinin bütün  kollektivinə qarşı yönəlmiş hesab edirik.

Biz buradan üzümüzü bəzi saytlara və qəzetlərə tutub xahiş edirik ki,Gəncə Dövlət Universitetində görülən işləri görmədən yalan və şantaj xarakterli anonim şəkildə göndərilmiş yazıları dərc etməyəsiniz,özündə heç bir  fakt daşımayan məlumatları araşdırmadan yaymayasız.

Xahiş edirik ki, yazı hazırlayarkən əvvəlcə işi araşdırın, sonra olduğu kimi dərc edin. Çünki, kimlərsə  araqarışdırmaq  üçün  böhtan xarakterli yazıları  yazıb, bu məktubdan xəbəri olmayan ayrı-ayrı şəxslərin adından  kütləvi informasiya vasitələrinə göndərirlər. Axı, bu yazılanları  araşdırmaq  həm də KİV haqda qanunun tələbidir.

 Hörmətlə,

 ELÇİN CAVADOV,

 Gəncə Dövlət Universitetinin dosenti,

texnika elmləri üzrə fəlsəfə doktoru