İsfəndiyar Axundov "dələduzlar"ın ağsaqqalıdır?!

İsfəndiyar Axundov "dələduzlar"ın ağsaqqalıdır?!
13:37 07-10-2019 | icon 6091

80 yaşlı el ağbirçəyi Durna Seyidova: "İsfəndiyar Axundovun dələduzluğuna son qoyulsun, ailəmizə dəymiş ziyan ödənilsin!"
 

80 yaşlı el ağbirçəyi Durna Seyidova Mehriban xanıma və Hüquq Mühafizə Orqanlarına müraciət ünvanlayıb. Həmin müraciətin bir nüsxəsində redaksiyamıza ünvanlayan 80 yaşlı el ağbirçəyi Durna Seyidova şikayətinin ictimailəşdirilməsini xahiş edib. Şikayəti olduğu kimi oxucuların diqqətinə çatdırırıq.

Müraciətdə deyilir: 

Hörmətli Mehriban xanım,

Mən Sizə, Respublikanın Birinci lider qadını, bacarıqlı, səriştəli və savadlı aparat rəhbəri, humanistliyi, insanpərvərliyi və mərhəməti özünə həyat meyarı seçən bir dövlət başçısı və ictimai siyasi xadim kimi müraciət edirəm və xüsusi vurğulamaq istəyirəm ki, dəyərli vaxtınızı almağıma zərurət yaradan 80 yaşlı el ağbirçəyi olaraq ünvanınıza göndərdiyim çoxsaylı müraciətlərimə əhəmiyyət verilməməsidir.

Gözləmək olardı ki, ölkəmizin mötəbər söz sahibi, Respublikanın Birinci vitse-prezidenti və lider xanımı kimi ünvanınıza göndərdiyim müraciətlərim hüquq mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülərək və İsfəndiyar Axundovun ailəmizə vurduğu maddi ziyanın ödəniıməsi istiqamətində hərəkətə start veriləcək.

Lakin heç də gözlədiyimiz kimi olmur. Respublika Hüquq Mühafizə Orqanlarının heç birindən səs-səmir çıxmır.

Bütün bunlara istinadən demək mümkündür ki, Respublikamızda vətəndaşların ərizə, şikayət və təkliflərinə baxılması iflis vəziyyətindədir və bunun da başında nadan rüşvətxorluq və özbaşınalıq dayanır. Nəticədə insanlar arasında ciddi sosial narazılıq yaranır.

Məhz buna görə də təkrarən xatırlatmaq lazım gəlir ki, neçə illərdir dələduzluq yolu ilə insanları aldadaraq hiylə yolu ilə malını, pulunu mənimsəyən, MTK sədri kimi bir mənzili bilərəkdən bir neçə dəfə sataraq ölkədə sosial gərginlik yaradan Şərurlu İsfəndiyar Axundovun zərər vurduğu və hiyləsinə məruz qalan hədəflərdən biri də bizim ailəmizdir.

Hörmətli Mehriban xanım,

İsfəndiyar Axundovun bilavasitə rəhbəri olduğu, başqasının adına rəsmiləşdirilib kənardan fəaliyyətinə dirijorluq etdiyi “İN Eksklyuziv Servis” Məhdud Məsuliyyətili Cəmiyyəti ilə 2007-2008-ci illərin ayrı-ayrı vaxtlarında Yeni Yasamal yaşayış kompleksində tikilməsi planlaşdırılan yaşayış binalarında bir neçə irikvadraturalı mənzillər və qeyri-yaşayış sahələri almaq üçün beş müqavilə imzalamışıq. Müqavilənin şərtlərinə uyğun olaraq MMC-nin xəzinəsinə 346.000 Amerika dolları ödəmişik və ödəniş qəbzlərini qoruyub saxlayırıq və lazım gələrsə təqdim edə bilərik.

Bir daha qeyd etməyim yerinə düşər ki, adıçəkilən vəsaiti Moskvada yaşayan övladlarım şəxsən mənim məsləhətimlə bizim həm mənzil şəraitimizi yaxşılaşdırmaq həm də qeyri yaşayış sahələri alıb obyekt kimi icarəyə verərək özümüzə xoş güzəran yaratmaq üçün göndərmişdilər. Lakin həmin vaxtdan ötən müddət ərzində İsfəndiyar Axundovdan nə pulumuzu ala bilirik, nə də yaşayış və qeyri yaşayış sahələrini.

Onun ölçüyə sığmaz sayda o qədər qanunazidd əməlləri var ki, ona görə də ortada görünmür.

Dəfələrlə gedib ofisində və ya ayrı-ayrı ünvanlarda tapırıq lakin dərhal aradan çıxır. Elə də olur ki, bizləri həbslə hədələməkdən də çəkinmir. Lazım da gələndə çöhrəsində yazıq görünmək üçün süni cizgilər yaradır və düşdüyü rəzil vəziyyətdən çıxmaq üçün məktəbdə oxumadığını, yazıb oxumağı bacarmadığını bildirir halbuki o dələduz olaraq professordur.

Əgər o, aktyorluq ixtisasına seçmiş olsaydı onlarla yaddaqalan obrazlar yarada, Azərbaycanın Xalq artisti fəxri adına çoxdan layiq görülə bilərdi.

Mətbuatda dəfələrlə dərc edildiyi kimi onun oğlu ən bahalı 650.000 manat dəyərində avtomaşından istifadə edir. Görəsən, İ.Axundov bu pulu alnının təri ilə qazanıb, haradan alıb?

Sualın cavabı birmənalıdır! Adıçəkilən ən bahalı avtomaşın bizim pulumuzla alınıb! İnşaallah avtomaşını satıb bizim pulumuzu qaytarması da qaçılmaz olacaq.

Çünki O, cəzasızlıq mühitindən yararlanıb bu addımları atır, “Mənəm, mənəm” deyir.

Hörmətli Mehriban xanım,

Bizi dərindən düşündürən yalnız bizə dəymiş maddi ziyanın ödənilməsidir.

Onu da qeyd etməyi lazım bilirəm ki, artıq Moskvada yaşayan oğlanlarımın üzünə baxa bilmirəm, xəcalət çəkirəm. Çünki onların imkanlarını nəzərə alaraq Moskvadan pul göndərilməsinin və Bakıda obyektlər alınmasının təşəbbüskarı mən olmuşam. Ona görə də məni gündəlik ciddi narahat edən mənəvi işgəncələrdən çıxış yolunu yalnız Sizin ailəmizə edəcəyiniz köməklikdə görürəm.

Bizlərə dəymiş maddi ziyanın ödənilməməsi, haqsızlıq sözün indiki mənasında məni məhv edir. Lakin təsəllim də böyükdür güman edirəm ki, Hüquq Mühafizə Orqanlarının rəhbərləri adınızı uca, xatirinizi əziz tutacaq, ədalət şər üzərində zəfər çalacaq.

Onu da qeyd etməyim yerinə düşər ki, göndərdiyim çoxsaylı müraciətlərimdən biri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məsul əməkdaşı Moşu Paşayevin icraatına verilmişdi. O, bizi dəvət edib izahatımızı aldı lakin İsfəndiyar Axundovla görüşdükdən və bağlı qapılar arxasında onunla söhbət etdikdən sonra bizə verdiyi mobil telefon nömrəsinə cavab vermədi. Görünən budur ki, avtogen açmayan qapını pul açıb.

Hörmərli Mehriban xanım,

Ağbirçək olaraq bildirirəm ki, bu yaman günümüzdə ailəmizə edəcəyiniz yaxşılığınızı heç zaman unutmayacağıq. Onu da bildirməyi vacib hesab edirəm ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsi qarşısına məqsəd qoysa gün ərzində İsfəndiyar Axundovun ailəmizə vurduğu maddi ziyanı ödətdirə bilər.

P.S. Məsələ ilə bağlı İsfəndiyar Axundovla əlaqə yaratmaq cəhdimiz alınmadığından qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

MillətinSəsi.info