Fatmayıda sursat aşkarlanıb

Fatmayıda sursat aşkarlanıb
21:50 05-10-2019 | icon 39

 Fatmayı kəndində sursat aşkar olunub. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti tərəfindən verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə, Abşeron rayonunun Fatmayı kəndində sursat aşkar olunması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib.

Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararsız olan 3 ədəd top mərmisidir. Mərmilər ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.