Biqeyrət və fahişələr lazımdır, vakansiyalar da elə budur

Biqeyrət və fahişələr lazımdır, vakansiyalar da elə budur
11:30 05-10-2019 | icon 71

Kubra Məhərrəmova yazır...

Bütün şirkətlərə, holdinqlərə biqeyrət və fahişələr lazımdır. Vakansiyalar da elə budur.

Dünəndən hamı Teymurun qələbəsindən danışır. KİV-dən tutmuş adi vətəndaşa kimi. Nə oldu?

Deməli, fəxr edirsiniz də. Deməli, zəkanın, ağılın, ziyanın qələbəsi sizi də sevindirir. Deməli, oxumaq, öz üzərində işləmək boş şeydir, əsas “daydaydır” söhbəti boş imiş də. Çünki dünyanın ən güclü şahmatçıları ilə mübarizə aparmaq üçün “dayday” yox, ağıl və ustalıq tələb olunur.

Çünki şahmat taxtası arxasında iki nəfər döyüşür. Və biri digərini “mat” qoyur. 

Bu dünən idi. Bu gün isə Teymurun haqqında danışılacaq şayiələri gözləyirəm. Xalqımız bu sahədə dünyanın ən məşhur fantast yazıçılarını kölgədə qoya biləcək yaradıcı potensiala malikdir. Elə versiyalar səslənəcək ki, gəl, görəsən. Məncə, ən maraqlılarına mükafat da vermək olar.

İndi isə əsas sual: niyə biz beləyik? Özümüz iki eşşəyin arpasını bölə bilmədiyimiz halda, niyə başqasının əziyyətini heç edirik. Çəkdiyi əziyyəti fantastik və sehrbaz “dayday”  obrazı ilə bağlayırıq. Özümüz savadsız olduğumuz halda, zəka sahibinə rişxənd edirik. Niyə biz öz-özümüzə bu qədər paxıllıq edirik. Erməniyə, gürcüyə, ingilisə yox, özümüzə. 

Erməni porno ulduzunu “xalq qəhrəmanı” etdiyi halda, biz savadlı, zəkalı, işıqlı adamlarımıza qara yaxırıq. Özümüzdə beş inək olsa belə, qonşunun bir toyuğuna paxıllıq edirik. Övladlarımızı da belə böyüdürük. 

Ümumiyyətlə, bizim cəmiyyətdə uğur qazanan insan avtomatik olur “xalq düşməni”. Kişidirsə, olur biqeyrət, qadındırsa, olur fahişə. Çünki bizim cəmiyyətin reallığında uğura gedən yol yalnız budur. Çünki bütün şirkətlərə, holdinqlərə biqeyrət və fahişələr lazımdır. Vakansiyalar da elə budur.

Şirkətlərə nə mühasib, nə mütəxəssis, nə aşpaz, nə İT mütəxəssis lazımdır. Cəmi iki vakansiya var, biqeyrət və fahişə. Oy, üzr istəyirəm fahişənin yerinə “seks işçisi” yazmalı idim.

İndi bunu da söz edəcəklər. Hə, şirkətlər də öz-özünə necəsə idarə olunur, işləyir və qazanır.

Dünya bu təcrübənin qarşısında hələ də deməyə söz tapmayıb. 

Belə bir deyim var. Əgər bir xərçəngi vedrəyə salsan, özü vedrədən çıxacaq. Yox, əgər vedrəyə beş xərçəng salsan, heç biri vedrədən çıxa bilməyəcək. Bir-birini ayağından çəkib qaytaracaqlar vedrəyə. İndi bizi də gərək tək-tək atasan dünyanın hər tərəfinə. İki nəfər olsaq, bir-birimizin başını yeyib meyitini evinə göndərərik. Tək olanda isə uğur əldə edirik.

Sonda isə Teymur Rəcəbovu təbrik edirəm. Hər zaman uca ol, qüdrətli ol deyirəm. Həqiqətən də, qürur duyulası hadisədir. Tarixdə ilk dəfə.