Zakir Qaralov: Korrupsiyada ittiham olunan 397 vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Zakir Qaralov: Korrupsiyada ittiham olunan 397 vəzifəli şəxsin işi məhkəməyə göndərilib
11:05 01-10-2019 | icon 1325

Bu ilin doqquz ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib.

milletinsesi.info xəbər verir ki, bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. 

Zakir Qaralov qeyd edib ki, prosesdə dövləvətə dəymiş 18 milyon manat vəsait ödənilib: “Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur”.

Baş Prokuror Zakir Qaralov deyib ki, Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra şikayətlərlə bağlı məsələ müzakirə olunacaq.

Onun sözlərinə görə, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər: “İddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmə baxışında əgər onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz araşdırma aparacağıq”.

Baş Prokuror Zakir Qaralov bildirib ki, Qadın və uşaq hüquqlarını müdafiə edən bəzi qeyri-hökumət təşkilatları (QHT) AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi dərin işgəncələr, iztirablar, ağır xəsarətlər yetirilməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb olunması üçün Baş Prokurorluğa müraciət ediblər.

Z.Qaralovun sözlərinə görə, həmin müraciət hazırda Baş Prokurorluqda baxılma mərhələsindədir: "Sözsüz ki, biz ilk növbədə zərərçəkmişlərin, həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənməliyik. Bundan sonra qanun çərçivəsində qərar qəbul olunacaq.

Xüsusilə, onu vurğulamaq istərdim ki, bu gün özünü müxalifət adlandıran, özlərini vətəndaşların hüquqlarının müdafiəsi üzrə daim cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz, vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar. Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərliyinin də bundan xəbəri olub və təəssüflər olsun ki, onlar da vaxtında heç bir tədbir görməyib, heç bir məlumat verməyiblər".

Baş Prokuror Zakir Qaralov deyib ki, Gəncədə baş vermiş hadisəyə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib.

Z.Qaralovun sözlərinə görə, Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktını dəstəkləyənlər, şəhərdə kütləvi iğtişaşlar törətmək istəyənlər dini-radikal qüvvələrdir: "Biz prokurorluq olaraq hər kəsin istintaqını aparmışıq, hər bir şəxslə bağlı kifayət qədər sübut əldə etmişik. Hazırda onların məhkəmə prosesi yekunlaşdığına görə qeyd edə bilərəm ki, cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil".

Baş Prokuror Zakir Qaralov bildirib ki, Baş Prokurorluqda yeni yaradılan 961 Çağrı Mərkəzinə vətəndaşlarımız pulsuz zəng edə biləcəklər.

Baş prokurorun sözlərinə görə, həmin Çağrı Mərkəzini idarə edən şöbə prokurorları prokurorluq əməkdaşlarının qanunsuz əməlləri barəsində şikayətləri qəbul edəcəklər: "Eyni zamanda, prokurorluğun fəaliyyət istiqaməti üzrə konkret cinayət işləri, baxılan materiallar və digər şikayətlərin dinlənilməsi həyata keçiriləcək. Hər bir proses audioyazı ilə təsbit olunacaq. Bütün zənglər barədə Baş Prokurora məruzə olunacaq. Baş Prokuror tərəfindən qərarların icrası bağlı müvafiq tapşırıqlar veriləcək".

Z.Qaralov bildirib ki, bu günə qədər də Baş Prokurorluğun qaynar xəttin əlaqə mərkəzi mövcud olub: "Həmin mərkəz də normal fəaliyyət göstərib. Dövlət başçısının tapşırığı var ki, vətəndaş-məmur münasibətləri tam yeni müstəvidə qurulmalıdır".