“Azİz”in baş direktoru: Quba və Maalot-Tarşixa qardaş şəhərlər olacaq

“Azİz”in baş direktoru: Quba və Maalot-Tarşixa qardaş şəhərlər olacaq
16:15 28-09-2019 | icon 9345

Azərbaycanın Quba və İsrailin Maalot-Tarşixa şəhərləri qardaşlaşacaq. 

Bunu milletinsesi.info-a açıqlamasında “Azİz” İsrail-Azərbaycan beynəlxalq assosasiyasının baş direktoru Lev Spivak deyib. 

Məlumat verdiyimiz kimi, sentyabrın 29-dan oktyabrın 6-dək bir sıra İsrail şəhərlərinin merləri və mer müavinlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Nümayəndə heyətinin səfəri “Azİz” assosasiyası tərəfindən hazırlanıb. 

“Azərbaycanın Quba və İsrailin Maalot-Tarşixa şəhərləri arasında qardaşlaşma ilə bağlı ilkin razılaşma mövcuddur. Çox ümid edirəm ki, sənədin imzalanması bizim nümayəndə heyətinin Azərbaycana hazırkı səfəri zamanı imzalanacaq”, - L.Spivak deyib və əlavə edib ki, “Azİz” assosasiyası uzun illərdir ki, qardaşlaşmış şəhərlər proqramını reallaşdırır. 

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə İsrailin 12 şəhərinin meri və mer müavinləri daxildir. 

“İsraildə ümumilikdə 67 şəhər olduğu üçün bu, kifayət qədər çoxdur. Ölkəmizdə şəhərlər və şəhər merləri İsrail siyasətinin “ayaqları” hesab edilir. Bu insanlar müxtəlif partiyaların fəallarıdır, müddət keçdikcə onlar Knessetin deputatları olurlar”, - “Azİz”in baş direktoru qeyd edib. 

L.Spivak deyib ki, nümayəndə heyətinin tərkibində Azərbaycan əsillilər də var. 

“Diqqətəlayiqdir ki, Maalot-Tarşixa şəhərinin meri Arkadi Pomeranets və merlərin müavinləri Kiriyat-Yamdan Adam Amilov və Xolondan Mixail Sutovski Azərbaycan əsillidirlər”, - o əlavə edib. 

L.Spivakın sözlərinə görə, nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Vergilər naziri, Azərbaycan-İsrail hökumətlərarası komissiyanın həmsədri Mikayıl Cabbarov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev ilə görüşlər keçirəcək, respublikanın yəhudi dini icmalarının rəhbərləri ilə birlikdə Heydər Əliyev Mərkəzini və Milli Məclisi ziyarət edəcək.

Səfər proqramında Qubaya, Qubanın Qırmızı qəsəbəsinə, Sumqayıta, Qobustan dövlət tarix-memarlıq qoruğuna, “Atəşgah” məbədinə səfərlər də daxil edilib. 

“Hər il yəhudilərin Sukkot bayramı ərəfəsində biz Azərbaycanda müxtəlif mədəni tədbirlər keçiririk. Budəfəki tədbirlərimiz merlərin səfəri ərəfəsində baş tutacaq. Belə ki, Maqsud İbrahimbəyov adına yaradıcılıq mərkəzində İsraildə keçirilən “Nəsimi-650” şeir müsabiqəsinin qalibləri ilə görüş olacaq. Azərbaycan Milli İncəsənət Muzeyində isə məşhur israilli fleyta ifaçısı Anatoliya Koqanın konserti keçiriləcək”, - L.Slivak qeyd edib. 

Hazırda İsrail və Azərbaycan arasında qardaşlaşmış şəhərlər var: Mingəçevir – Afula, İsmayıllı – Kiryat-Bialik, Şamaxı – Tirat Karmel, Qəbələ - Yokneam.