ƏHALİNİN SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDADIR! – Mənşəyi bilinməyən şprislərin ölkədə satılmasının məsuliyyətini kim daşıyır?

ƏHALİNİN SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDADIR! – Mənşəyi bilinməyən şprislərin ölkədə satılmasının məsuliyyətini kim daşıyır?
18:50 27-09-2019 | icon 947

“Azərbaycanda satılan şprislərin mənşəyi bilinmir, müvafiq qurumlar məsələni ciddi nəzarətə götürməlidir… Bu şprislərdən insanlara tibbi xidmətdə istifadə yolverilməzdir”. Bu fikirləri Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev təxminən 20 gün əvvəl “AzPolitika.info”ya açıqlamasında bildirmişdi.

7

Namiq Tağıyev belə söyləmək üçün əlində ciddi əsasların olduğunu, monitorinqlər zamanı ölkə apteklərindən toplanan şprislərin standartlara cavab vermədiyinin xarici laboratoriyalardan aldığı cavablarda əks olunduğunu qeyd etmişdi: “Cənab Prezidentin tapşırığına əsasən ölkədə satılan məhsulların vətəndaşların sağlamlığına zərər vurmaması üçün biz də öz səylərimizi ortaya qoyduq. Monitorinqlər zamanı apteklərdən aldığımız şprislərin standartlara nə qədər cavab verdiyini yoxlamaq üçün xaricdə akreditasiya olunmuş laboratoriyalara göndərdik. Bu sınaqlar kifayət qədər baha olsa da, biz öz hesabımıza bunu həyata keçirdik. Təəssüf ki, nəticə heç də ürəkaçan olmadı. Belə ki:

- Əvvəla, şprislərin iynələrinin ölçüləri və qalınlıqları standartlara uyğun deyil. Bu da istifadə zamanı insanlara əziyyət verir.

- İkincisi, vurulan mayenin bir hissəsi geri qayıdır, insan bədəninə keçmir. Nəticədə xəstələr lazımi dozanı ala bilmirlər.

– Üçüncüsü, şprislərin şkalası düzgün göstərmir.

– Bundan əlavə, şprislər 2 hissəli və 3 hissəli (bu şprislərdə qara rezin hissə mövcuddur) olurlar. Avropa, habelə qabaqcıl ölkələr artıq 2 hissəli şprislərə keçib. Hissə nə qədər az olarsa, şprisi steril etmək daha asan olur, belə ki, 3 hissəli şprislərdə (yəni porşen üzərində qara rezin hissə olan) sterillik 30-35% risk altına düşür, yəni hər 3 şprisdən biri tam steril olmaya bilər. Bizdə isə hələ də 3 hissədən ibarət keyfiyyətsiz şprislər satılır. Şprisin germetikliyini təmin etmək məqsədi ilə isifadə olunan həmin qara rezin hissə bir çox dərmanla reaksiyaya girərək, insanlarda allergik fəsadlar törədir və bu şprislər çox qaldıqda həmin rezinlər zaman keçdikcə quruyur və ondan qopa biləcək mikrohissəciklər istifadə zamanı insan həyatına təhlükə törədir.

Buna görə də, inkişaf etmiş ölkələrdə BU CÜR ŞPRİSLƏRDƏN İSTIFADƏ OLUNMASI QADAĞANDIR. Çox təəssüf ki, sexlərdə hazırlanan və çox ucuz başa gələn belə şprislər hələ də bizim apteklərdə kütləvi şəkildə satılır. Bunu demək lazımdır ki, bizim istehlakçılar nədən istifadə etdiklərini bilsinlər…”

Qeyd edək ki, nəinki inkişaf etmiş Avropa dövlətlərində, hətta postsovet ölkələrində, qonşu respublikalarda belə bir açıqlama böyük aşiotaj yaradar, müvafiq dövlət qurumlarının hərəkətə keçməsinə səbəb olardı. Heç şübhəsiz, mənşəyi bilinməyən, təhlükəli şprislərin ölkəyə buraxılmasının məsuliyyətini daşıyanlar istefaya göndərilərdi.

Ancaq Azərbaycanda bu sahə ilə məşğul olan institutun direktoru ölkəyə gətirilən şprislərin əhalinin sağlamlığını təhlükə altında qoyduğunu bəyan etsə də, heç bir dövlət orqanı hər hansı reaksiya vermir. Sanki Azərbaycan haqda, bu ölkənin vətəndaşlarının təhlükə altında olduğu haqda deyil, hansısa yad bir ölkədən danışılır.

14503515993620740397_1000x669

Nə vətəndaşların təhlükəsizliyini təmin etməli olan hökumətdən səs çıxır, nə mənşəyi məlum olmayan bu şprislərin satışına icazə verən Səhiyyə Nazirliyindən, nə də bunları ölkəyə buraxan Gömrük Komitəsindən…

Daxili bazarı keyfiyyətli məhsulla təmin etmək üçün yerli şpris zavodunun açılmasına milyonlarla dövlət vəsaitini sərf edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu da 5 aya yaxındır fəaliyyətə başlayan bu müəssisənin məhsullarının apteklərdə niyə olmamasına aydınlıq gətirmir.

Hamısı, necə deyərlər, “ağzına su alıb oturub”. Ya məsuliyyəti bir-birinin üzərinə atırlar, ya da laboratoriyanın olmadığını bəhanə gətirərək məsuliyyətdən qaçırlar. Milyonlarla, milyardlarla dövlət vəsaiti lazımsız təmir-tikinti işlərinə xərcləyən müvafiq dövlət qurumlarının indiyədək belə laboratoriyanı niyə ölkədə quraşdırmadığına isə heç kim izah etmir…

Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru, idxal edilən şprislərin mənşəyinin məlum olmadığını, insan sağlamlığı üçün zərərli olduğunu bildirir. Bu o deməkdir ki, Azərbaycana düşmən olan qüvvələr, hətta ermənilər belə bu şprislərin istehsalçısı ola bilərlərFikrimizcə, bunun Azərbaycan vətəndaşları üçün hansı təhlükə törətdiyini isə xüsisi izah etməyə ehtiyac yoxdur.

66

Məsələ ondadır ki, Azərbaycanda satılan şprislərin böyük hissəsi Çində və ya başqa bir ölkədə “yeraltı” sexlərdə hazırlanan, təxminən biri 1-2 qəpiyə və ya kiloqramla alınan keyfiyyətsiz məhsullardır. Bu şprisləri idxal edən şirkətlərin bəziləri onların müvafiq sertifikatlara malik olduqlarını göstərmək üçün bir az da zavod məhsulu gətirilir. Aidiyyəti qurumlara, daha doğrusu şprislərə uyğunluq sertifikatı verən özəl şirkətlərə də bunları təqdim edirlər.

Çin kimi ölkələr xaricə ixrac olunan məhsulların beynəlxalq keyfiyyət standartlarına cavab verməsinə xüsusi diqqət etmədən, onlara mənşə və uyğunluq sertifikatı verdiyindən, şirkətlərin bir çoxu, heç az da olsa, zavod məhsulu gətirmir.

Çünki tibbi təyinatlı xammaldan istehsal edilən və insanların istifadəsi üçün nəzərdə tutulan tam steril 2 və 5 qramlıq şprislərin maya dəyərinin 3.5-4 qəpikdən aşağı olması qeyri-mümkün olduğundan, DAHA ÇOX QAZANC əldə etmək istəyən şirkətlər onları alıb gətirməkdə maraqlı deyillər.

Təsadüfi deyil ki, ölkədə şpris idxalında əhəmiyyətli yer tutan, hətta inhisarçı mövqeyə malik olan “Avromed”, “Azərimed” və digər şirkətlər idxal etdikləri şprislərin hansı zavodların məhsulu olduğunu açıqlamaqdan qaçırlar. İdxal etdiyi məhsulun keyfiyyətsiz olması ittihamlarını qəbul etməsələr də, şprisi xaricdən gətirməyin yerli zavoddan almaqdan daha sərfəli olmasına aydınlıq gətirə bilmirlər…

Zatən keyfiyyətli məhsul satsaydılar, xaricə getməyə ehtiyac qalmazdı. Elə ölkədəki mütəxəssislərin rəyinə görə, yüksək keyfiyyətli şpris istehsal edən zavodun məhsulunu alardılar. Hansı ki, Prezident İlham Əliyev də Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun tikilməsi təşəbbüsü ilə məhz buna görə çıxış etmişdi – ölkəyə mənşəyi bilnməyən, təhlükəli şprislərin gəlməsinin qarşısını almaq.

755398_17

Elə bu ilin may ayında zavodun açılışı zamanı müəssisənin kollektivi qarşısında çıxışında da bunu söyləmişdi: “Azərbaycanda bu sahədə də idxaldan asılılıq aradan götürülmüş olacaq. Bu zavodda bizim siyasətimiz öz əksini tapır, çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər BİZ ŞPRİSLƏRİ XARİCDƏN ALIRDIQ, İNDİ İSƏ BUNA EHTİYAC QALMIR”.

Ancaq zavodun açılışından 5 aya yaxın vaxt keçsə də, ölkə aptekləri, klinikaları, hətta dövlət xəstəxanaları xaricdən gətirilən keyfiyyətsiz, mənşəyi bilinməyən və TƏHLÜKƏLİ şprislərin “işğalı altındadır”. İllik gücü 150 milyon olan yerli zavodun “Diamed” şpris istehsalı zavodunun məhsullarının hara getdiyini isə bilən yoxdur. Belə çıxır ki, milyonlarla xərc çəkilən zavod ya fəaliyyətini dayandırıb, ya da məhsullarını xaricə ixrac edir…

Bu məsələyə aydınlıq gətirmək istəsək də, zavodun rəhbərliyi açıqlma verməkdən yayındı.
Ancaq sualları cavablandırmaqdan yayınan yalnız zavod rəhbərliyi olmadı. Aidiyyatı qurumlardan da bu məsələ ilə bağlı hər hansı cavab ala bilmədik.

Ölkəyə keyfiyyətsiz, vətəndaşların sağlamlığını təhlükədə qoyan şprislərin gətirilməsinin qarşısını almaq üçün hökumətin hansı tədbirlər gördüyünə dair sorğumuz Nazirlər Kabineti tərəfindən iki gün ərzində cavablandırılmadı.

Səhiyyə Nazirliyində və Dövlət Gömrük Komitəsində isə ümumiyyətlə suallarımıza cavab verəcək məsul şəxs tapa bilmədik. Bu qurumlarda mətbuat xidməti maaşını alanlar telefonlara cavab verməyi belə, görünür, özlərinə yaraşdırmırlar.

Dövlət Gömrük Komitəsinin saytında Komitə sədrinin, müavinlərin telefon nömrələri də yerləşdirib. Hamısına zəng etdik, heç biri cavab vermədi. Maraqlıdır, bu telefon nömrələri nə üçün yerləşdirilib? Komitənin yalnız “Qaynar xətti” cavab verdi ki, o da suallarımızı cavablandıra bilməyəcəyini dedi.

dovlet-gomruk-komitesi

Ölkədə keyfiyyətsiz, insan sağlamlığına təhlükə törədən şprislərin satılmasına görə əsas məsuliyyət daşıyan Səhiyyə Nazirliyi isə yox kimidir. Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru, idxal edilən şprislərin mənşəyinin məlum olmadığını, insan sağlamlığı üçün zərərli olduğunu bildirir, Səhiyyə Nazırliyindən səs çıxmır! Bu qədər ciddi bir məsələyə heç bir reaksiya verilmir.

Prezidentin təşəbbüsü ilə ölkədə şpris zavodu açılır, Səhiyyə Nazirliyi hələ də keyfiyyətini müəyyənləşdirə bilmədiyi şprislərin Azərbaycanda satışına şərait yaradır. Hətta tabeliyindəki xəstəxanalarda belə xaricdən gətirilən təhlükəli şprislərin alınıb işlədilməsinə imkan verir. Niyə? Belə çıxır ki, Səhiyyə Nazirliyinin məsul şəxsləri ya ölkəyə şpris idxal edən inhisarçı şirkətlərlə şərikdirlər, ya onlardan qorxurlar, ya da ölkə vətəndaşlarının sağlamlığı ilə, ümumiyyətlə, maraqlanmırlar.

Bəs İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu hara baxır? Düzdür, nə İqtisadiyyat Nazirliyini, nə də Fondu daxili bazarı keyfiyyətsiz və təhlükəli şprislərin “işğal” etməsinə görə ittiham etmək olmaz. Ancaq məhz Azərbaycanı belə şprislərdən “təmizləmək” üçün Prezidentin təşəbbüsü ilə tikilən zavoda Fonddan da 5 milyon dövlət vəsaiti ayrılıb.

Niyə İqtisadiyyat Nazirliyi 5 aya yaxındır fəaliyyət göstərən zavodun məhsullarının ölkə apteklərində satılmaması, klinikalar, xəstəxanalar tərəfindən alınmamasının səbəbləri ilə maraqlanmır? Niyə şpris bazarını işğal etmiş inhisarçı şirkətlərin keyfiyyətsiz və təhlükəli məhsullarla bazarı işğal etməsinin qarşısını almaq üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılmır?

Suallar çoxdur, əlbəttə. Ancaq cavab verən yoxdur. Görünür yenə, məsələyə Prezident səviyyəsində müdaxilə olunmalıdır! Axı Azərbaycan vətəndaşlarının sağlamlığı təhlükə altındadır!

Murad Məmmədov
AzPolitika.info