Bakıda yeni tikilinin sahibinə qarşı etiraz aksiyası -  “Olimpik” MTK tikinti şirkəti "protokoldan çıxarış" üçün pul tələb edir

Bakıda yeni tikilinin sahibinə qarşı etiraz aksiyası -  “Olimpik” MTK tikinti şirkəti "protokoldan çıxarış" üçün pul tələb edir
12:45 27-09-2019 | icon 8289

Binəqədi rayonundakı yeni binanın sakinləri tikinti şirkətinin sahibinə qarşı kütləvi etirazlarını bildiriblər. Sentyabrın 26-da 100 nəfərə yaxın insan Əcəmi Naxçıvani küçəsindəki 3068-ci məhəllədə yerləşən yaşayış binasının həyətinə toplaşıb. Bu barədə milletinsesi.info-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Narahatlığa səbəb “Olimpik” MTK tikinti şirkətinin sahibi Lətif Kərimovun sakinlərə aldıqları mənzillər üçün sənəd verməkdən imtina etməsi olub. Ev sakinləri polisə şikayət edərək iş adamının sənədlər üçün onlardan pul tələb etdiyini söyləyib.

Operativ qrup hadisə yerinə gedərək çox sayda etirazçı ilə qarşılaşıb. Etirazçılar polisə mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar olaraq Prezident Administrasiyasının qarşısında etiraz etmək niyyətində olduqlarını və bütün aidiyyəti orqanlara şikayət edəcəklərini bildiriblər.

"Şirkət bizə üç sənəd verməlidir. Daha doğrusu şirkət bu sənədləri bizə verməyə borcludur. Biz də həmin sənədləri mənzilimizə çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməliyik. Tikinti şirkəti isə o sənədləri yalnız pul qarşılığında vermək istəyir və bunun müqabilində bizdən qeyri-qanuni olaraq özlərinin təyin etdikləri məbləği tələb edirlər. Halbuki, biz mənzili alanda evin pulunu onlara ödəmişik. Biz MTK-nın sədrləri Lətif Kərimov və İsmayıl İsmayılovla görüşürük və sözümüzü onlara deyirik. Onlar isə bizə sənədləri verməkdən yayınırlar", - sakinlər bildiriblər.

Sakinlərin sözlərinə görə, "protokoldan çıxarış"" sənədini MTK verməli olduğu halda şirkət rəhbərliyi müxtəlif bəhanələr gətirərək bu sənədi verməkdən imtina edir: "Şirkət evin kvadratını 30 qəpikdən hesablayaraq özündən bir məbləğ çıxarır. Şəxsən mənim mənzilimə "protokoldan çıxarış" verilməsi üçün 6000 manat pul istəyirlər. Bunlar hamısı qanunsuzdur. Pulunu verib sənədlərini alan da var", - sakinlərdən biri qeyd edib.

Lətif Kərimov hüquq-mühafizə orqanlarına sakinlərə sənəd verməməsinin səbəbi kimi kommunal xərclərə görə borclarını ödəməmələrini göstərib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sakinlərlə profilaktik söhbət aparıb, bunun ardından aksiya dağıdılıb.

Qeyd edək ki, Bakıda şirkət rəhbərlərinin vəzifələrindən sui-istifadə edərək sakinlərə mənzil sənədləri verməməsi hallarına tez-tez rast gəlinir. 

Hazırda faktla bağlı araşdırma aparılır.