Ermənistanın dəmir yollarının Rusiya tərəfindən idarə edilməsinə aid müqavilə ləğv olunur

Ermənistanın dəmir yollarının Rusiya tərəfindən idarə edilməsinə aid müqavilə ləğv olunur
17:00 21-09-2019 | icon 42

“Kommunizmdə həqiqətən də ərzaq məhsullarını telefonla sifariş etmək mümkündür? Doğrudur, amma onları televizordan əldə edəcəksiniz!”

Sovet İttifaqında soyuducu və televizor haqqında zarafat geniş yayılmışdı. O illərdə insanlar bu səpkidə zarafat edirdilər: televiziya kabelinə soyuducunu qoşmaq olar və soyuducu bol ərzaqla aşıb-daşacaq. Çünki televizoru açaraq sovet vətəndaşının yaxşı təmin olunmasını hər zaman eşitmək mümkün idi. Amma sadəcə soyuducunun qapısını açıb ərzaq məhsullarının çatışmazlığını görmək mümkün idi.

Anoloji vəziyyət Ermənistanda da yaranır. Baş nazir Nikol Paşinyan xalqını “iqtisadi inqilab”a inandırmağa çalışır. Amma onun dedikləri vəd olaraq qalır, ağır iqtisadi vəziyyətdən çıxmaq üçün Paşinyan konkret bir addım atmır.

Bununla yanaşı, erməni cəmiyyəti gərginliklə 2020-ci ili gözləyir. Çünki Rusiyanın “Qazprom” şirkətinin qiymət siyasəti ilə bağlı məsələ tam həll edilməyib. Məlum olduğu kimi, 2019-cu ilin 1 yanvar tarixindən “Qazprom” şirkəti Ermənistana satdığı qazın qiymətini (min kubmetr üçün) 150 dollardan 165 dollara qaldırıb. Bununla yanaşı, əhali üçün qaz tarifinin qiyməti dəyişməyib.

İndi isə Ermənistan iqtisadiyyatının üzərində növbəti qara buludlar toplaşır. Belə ki, Rusiyanın Nəqliyyat naziri “Rusiya dəmir yolları” şirkətinin Ermənistanın dəmiryolu şəbəkəsini idarə etməsi barədə müqaviləni vaxtından əvvəl ləğv edəcəyini deyib. Hazırda müqavilənin ləğvi üçün variantlar üzərində iş gedir.

Rusiyanın Nəqliyyat nazirinin müavini Vladimir Tokarev RTVİ-yə müsahibəsində bildirib ki, Ermənistanın yaratdığı vəziyyət nəticəsində “Cənubi-Qafqaz dəmir yolu” Qapalı Səhmdar Cəmiyyəti normal fəaliyyət göstərə bilmir: son 10 ilin sənədləri götürülüb, sübut edilməmiş ittihamlar irəli sürülüb və heç bir təminat verilməyib.

Kanal isə mənbəyə istinadən bildirir ki, 2018-ci ilin avqust ayında sözügedən şirkətdə 19 min dollar vergidən yayınma ittihamı ilə axtarış aparılıb. Bundan sonra isə dekabr ayında Ermənistanın Nəqliyyat nazirinin müavini şirkətdə aparılan axtarışlar zamanı qanun pozuntularını gizlətdiyi üçün tutduğu vəzifədən azad edildi.

Ermənistanın İstintaq Komitəsi isə məlumat verib ki, “Cənubi-Qafqaz dəmir yolu” şirkətinin son 10 il ərzində fəaliyyətini tədqiq edir və 230 milyon dollarlıq sərmayənin effektivliyi yoxlanılır. 2019-cu ilin sentyabr ayında Paşinyan bildirdi ki, yoxlamalar Ermənistanın maraqları çərçivəsində aparılır.

“Cənubi-Qafqaz dəmir yolu” Qapalı Səhmdar Cəmiyyəti “Rusiya dəmir yolları” Açıq Səhmdar Cəmiyyətinin törəmə şirkətidir və Ermənistanın dəmir yollarını idarə edir. Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ilin 13 fevral tarixində imzalanan müqaviləyə əsasən, sözügedən şirkətə güzəştli idarəetmə əsasında verilib. Güzəştli idarəedilmənin müddəti 30 ildir və şirkətin bu müddəti daha 10 il artırma hüququ var.

Rasim Babayev