Polis və prokurorluq azyaşlı Fəridə görə hərəkətə keçdi, cinayət işi başlandı

Polis və prokurorluq azyaşlı Fəridə görə hərəkətə keçdi, cinayət işi başlandı
16:50 21-09-2019 | icon 91

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində tüfeyli həyat tərzi sürən azyaşlı Vlasov Fərid Ruslan oğlunun yerininin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Məlumata görə, valideyn himayəsindən məhrum olan, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə küçələrdə yaşayan 2005-ci il təvəllüdlü Fərid Vlasovu onun qayğısına qalmalı olan şəxslər tərəfindən bilə-bilə köməksiz vəziyyətdə qoymaları faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 

Fərid Vlasov Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Şəfqət Nuru” Kimsəsizlərə Yardım İctimai Birliyinin “Nur” Uşaq Evinə yerləşdirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.