Rafael Cəbrayılov borca görə deputat vəsiqəsini girov qoyub

Rafael Cəbrayılov borca görə deputat vəsiqəsini girov qoyub
12:35 20-09-2019 | icon 844

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.

Millətinsəsi.info "Report.az"a istinadla xəbər verir ki, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məsələ ilə bağlı verən Təranə Fətəliyeva ilə əlaqə saxlayaraq təfərrüatları öyrənib. İddiaçı deyib ki, onun deputatla qohumluq münasibətləri var. Təranə Fətəliyeva həmçinin qeyd edib ki, 300 min ABŞ dolları tək onun deyil: 

“Biz Binəqədidə ev almışdıq. Rəfael Cəbrayılov dedi ki, həmin evləri satın, pulunu verin mənə. Tikinti biznesilə məşğul olduğunu deyərək bizi də bu işə cəlb etmək istədiyini dedi. Biz də evləri satdıq, qardaşım iki qarajını satdı, bir neçə nəfərdən pul toplayıb verdik Rəfael Cəbrayılova. O, Binəqədidə Gənclər Şəhərciyində binalar tikirdi. Qardaşı da onunla bu biznesə şərikdir. Biz buna görə inandıq. 

Lakin sonradan bizə məlum oldu ki, o bizi aldadıb. Həmçinin borcu almaq üçün onun qapısına gedəndə gördüm ki, bizim kimi başqa adamlar da var”.

Onun sözlərinə görə, Rəfael Cəbrayılov yaxın qohumundan da 300 min manat alıb. Həmin pul da indiyə qədər qaytarılmayıb. “Borc üçün gedəndə bizi təhqir edir. Ölkə rəhbərliyinin adını hallandırır. Deyir evləri onlara vermişəm, gedin onlardan tələb edin. Biz deyirik axı pulu sənə vermişik. Neçə nəfər adam böyük məbləğlərdə pul verib ona. O, isə deyir mən 3 milyon verib deputat olmuşam, siz mənim karyerama zərbə vurursunuz”,- deyə Təranə Fətəliyeva bildirib.  

İddiaçı Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoymasından da danışıb: “Vəsiqənin biri məndə, biri də rəfiqəmdədir. III və IV çağırışı deputat vəsiqələrinin əslidir. Vəsiqələri zəmanət kimi qoymuşdu”.

Yenisabah.az girovluqda olan vəsiqələrin fotolarını əldə edib.

Vəsiqələrdən biri Təranə Fətəliyevaya, digəri isə Xatirə Nəcəfovaya girov olaraq verilib.

Onu da qeyd edək ki, həmin vəsiqələr III və IV çağırış Milli Məclisin vəsiqələridir. Daha aydın olmaq üçün belə qeyd edək ki, vəsiqələrin istifadə müddəti bitib. Deputat istifadəyə yararsız vəsiqələri sözügüdən xanımlara girov kimi verməklə onları aldadıb.

Vəsiqələrin fotolarını təqdim edirik:

 

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilməsi barədə yayılmış xəbərə münasibət bildirib.

Məsələ ilə bağlı deputat Rafael Cəbrayılov bu barədə danışmayacağını bildirib:

“Bu, tamam başqa məsələdir. O adamla dostam. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək. Başqa heç nə danışmaq istəmirəm. Susuram”.

R.Cəbrayılov deyib ki, son dövrlərdə ona qarşı ləkələmə kampaniyası gedir:

“Təəssüf edirəm ki, bu məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Jurnalist araşdırması aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir”.

Onun sözlərinə görə, son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşları, habelə özü ilə bağlı reallığa uyğun olmayan informasiyalar müxtəlif saytlarda yayılır.

R.Cəbrayılov buna görə, təəssüfləndiyini bildirib.