Baş Dövlət Yol Polisi İdarəsində rüşvət və korrupsiya bataqlığı- VİDEO

Baş Dövlət Yol Polisi İdarəsində rüşvət və korrupsiya bataqlığı- VİDEO
22:22 15-09-2019 | icon 424

Ölkədə insanları daim təşvişdə saxlayan yol nəqliyyat hadisələrinin sürətlə artmasının əsas səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin rüşvətə qurşanmasıdır.

İdarənin rəhbərliyi sürücülük kursları ilə əlbir olub sürücülük təhsili və təcrübəsi olmayan şəxslərə 1000-1200 manat rüşvətlə sürücülük vəsiqələrini satırlar. Həmin şəxslər isə yol hərəkət qaydalarına riayət etmədən avtomobillərlə facəli sonluqla nəticələnən hadisələr törədirlər. 

Baş Dövlət Yol Polisi İdarəsindəki rüşvət və korrupsiya halları barədə bütün ölkənin məlumatı vardır. Vətəndaşların çoxsaylı şikayət və müraciətlərini araşdıran yoxdur. 

İmtahanlar zamanı sürücülük təcrübəsi olan insanlara rüşvətə görə süni maneələr yaradılır. Onların imtahanlardan keçərək sürücülük vəsiqələri almaları müşkülə çevrilir. 

Bu ölkənin rəhbərliyi nə üçün insanların yol nəqiliyyat hadisələrində davamlı olaraq həlak olmalarına, ailələrin başsız qalmalarına laqeyid münasibət göstərir? Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov idarə etdiyi bazardan yığılan çirkli pulları kimlərə verir? Hakimiyyət xalqa qarşı elan olunmamış müharibə aparan Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi barədə niyə tədbir görmür? İdarənin rəisi Ramiz Zeynalov hansı maraqlara görə müdafiə olunur? 

Gəldiyimiz qənaət budur ki, hazırki mövcud rejim özünün yaratdığı rüşvət və korrupsiya bataqlığında həm məmurları, həm də insanları boğmaq istəyir. 

7GUN.az-ın əməkdaşlarının Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat İdarəsinin qarşısında apardığı müşahidələr sübut edir ki, təyin edilmiş məbləğdə rüşvət alınmadan heç kimə sürücülük vəsiqəsi verilmir.

Təxmini hesablamalara görə yalnız sürücülük vəsiqələrindən əldə edilən gəlirin məbləği ayda 2400000 (iki milyon dörd yüz min) manata yaxındır. Hələ dövlət qeydiyyat nişanları, texniki baxış və sair sahələrdən əldə edilən gəlirləri nəzərə almadıq. Bütün bunlar barədə daha geniş araşdırmalarımızı təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini də öyrənməyə və dərc etməyə hazırıq.