Ceyhun Bayramov: 20 mindən çox gənc müəllim işə qəbul olunub

Ceyhun Bayramov: 20 mindən çox gənc müəllim işə qəbul olunub
11:15 11-09-2019 | icon 113

Növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur. 

milletinsesi.info-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, son illərdə ölkədə təhsil sahəsində müsbət dinamika müşahidə olunub və bir sıra əsaslı nailiyyətlər əldə edilib.

Nazir müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də danışıb:

“Bu il müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son beş ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

Bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi (hər dörd abituriyentdən biri) müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir”.

Bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə altı rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və əmək müqavilələrinə xitam verilib.

Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, bəzi hallarda təhsildə qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir: "Bir il bundan əvvəl keçirilən analoji konfransda bu istiqamətdə olan məsələnin üzərində çox dayanmadım. Bu məsələlərin növbəti tədris ilərində aktual olmaması və müzakirə predmetinə çevrilməsinə ehtiyac olmamasını arzu edirəm. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqin tapıb" .

Nazir bildirib ki, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və üç nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərləri işlərində verdiyi nöqsana görə intizam tədbirləri tətbiq edilib:

"Nöqsanlara görə səkkiz nəfər məktəb direktoru, altı nəfər direktor müavini müqaviləsinə xitam verilib. 29 nəfər direktor və 37 nəfər direktor müavini intizam tədbirləri tədbiq edilib.

80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman növbəti dəfə əmək müqaviləsinin uzadılması barədə qərara alınarkən davamlı şəkildə nəticələrin aşağı olması onların müqavilələrin uzadılmamasına qərar verilib.

Yeddi hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".

Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib ki, ötən müddət ərzində 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. 

Onun sözlərinə görə, onların dərs yükü norması 1,5 dəfə, əməkhaqları iki dəfə artırılıb: “Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb.

Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Eyni zamanda, ümumtəhsil sistemində çalışan 5000-dən müəllimin bu artımdan sonra əməkhaqqı 1000 manatdan çox təşkil edir”, - deyə nazir qeyd edib.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, qarşımızda duran vacib məsələlərdən biri tam orta təhsil səviyyəsində məktəb daxilində keyfiyyətli təhsilin təmin edilməsidir. 

Onun sözlərinə görə, bütün məktəblərdə tam orta təhsil səviyyəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi əsas hədəflərdəndir:

“Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Elə məktəblər var ki, təhsili yüksək səviyyədə təşkil edə bilmir. Bu, bir çox məqamlarla özünü təsdiq edir. 

Bəzi məktəblərdə arxayınlıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib”.

“Azərbaycan məktəblərində düzgün mənəvi-psixoloji mühitin formalaşdırılması, şagirdlər arasında düzgün ünsiyyətin formalaşması, şagird-müəllim münasibətlərində xüsusi olaraq buna diqqət edilməsi, valideynlərin tədris prosesinə daha aktiv cəlb edilməsi qarşımızda duran vəzifələrdəndir.

Hesab edirik ki, məktəb rəhbərləri məktəb daxilində istənilən neqativ halların, psixoloji, mənəvi zorakılıq hallarının aşkar edilməsi, onlara qarşı adekvat tədbirlərin görülməsini xüsusi diqqətdə saxlamalıdırlar.

2019-cu ilin may ayında Təhsil Nazirliyi tərəfindən imzalanmış xüsusi tədbirlər planının icrasını diqqətdə saxlayacağıq və çoxsaylı tədbirlər həyata keçirəcəyik”, - deyə C. Bayramov qeyd edib.

Nazir bildirib ki, bir çox yerlərdə təmayül siniflərin yaradılmasının çətinlikləri nəzərə alınaraq təmayül siniflərinin yaradılması üçün 20 şagird deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir:

“Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin  tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edilib”.