Nuşirəvan şahın «varisləri« Beyləqandadır...

Nuşirəvan şahın «varisləri« Beyləqandadır...
12:49 10-09-2019 | icon 287

1989-cu ildə rayonun o dövrdəki rəhbəri Mürşüd Əzimov tərəfindən təməli qoyulan məscid xaraba qalıb

Adam haqqı inkar etməsin gərək. Haqqı danmaq insana başucalığı gətirməz. Hər kəsə məlumdur ki, hakimiyyətə gəldiyi andan mərhum prezident Heydər Əliyev və hazırda onun siyasi kursunu davam etdirən prezident İlham Əliyev dinə, dindarlara daim diqqət göstəriblər.

Ölkəmizin istənilən yaşayış məskənində, şəhərlərdə gözəl məscid binalarının tikilib istifadəyə verilməsinin şahidiyik. Hətta elə şəhər və yaşayış məntəqələrimiz var ki, orada bir yox, bir neçə məscid tikilib dindarların ixtiyarına verilib.

Beyləqan şəhərinin ölkəmizin qədim yaşayış və mədəniyyət mərkəzlərindən olması heç kimə sirr deyil. Beyləqan orta əsrin şəhəri sayılanda indiki şəhərlərin əksəriyyəti  yox idi. Bəs, necə ola bilər ki, 25 mindən çox insan yaşayan şəhərdə məscid yoxdur?! Beyləqanda yaşayan mömünlərin günahı nədir ki, onlar cümə namazını 30 ildir yarımçıq qalmış məscid binasında qılmağa məcbur edilirlər?! Şəhər əhalisi bugünədək  rayon rəhbərliyinin, yerli icra hakimiyyətinin, şəhər bələdiyyəsinin rəhbərlərinin məscidin tikintisinə pis münasibətinin nədən, hardan  qaynaqlandığını müəyyən edə bilmir.

Səlahiyyət sahibləri hələ də dərk etmirlər ki, Beyləqan XII əsrin dahi şairi, Nizami və Məhsəti Gəncəvinin müasiri olmuş görkəmli şairimiz Mücirəddin Beyləqani bu şəhərdə dünyaya göz açıb, yaşayıb, yaradıb. Bu şəhər tarix boyu Azərbaycana kifayət qədər şöhrət və şərəf gətirib. Dəfələrlə yadellilərin işğal hədəfinə çevrilsə də,  öz şöhrətini, adını qoruyub saxlayıb.

Monqolların bu şəhərdə törətdiyi vəhşilik tarixin ən faciəvi hadisələri sırasında, xalqımızın qan yaddaşında durur...

Beyləqan şəhəri yeganə şəhərdir ki, onun igid oğulları Qarabağ və işğal olunmuş ərazilərimizin azad olunması ilə bağlı Ümummilli lider Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixdə xalqa müraciətindən sonra, 1993-cü ilin dekabrında erməni işğalçılarının darmadağın edilməsini təmin etdilər və 1994-cü ilin əvvəlində ordumuzun qələbələr seriyasının başlanğıcını qoydular! Təəssüf ki, indi bunlar rayon rəhbərlərinin yadından çoxdan çıxıb və başları başqa işlərə qarışıb...

Qeyd etdiyimiz keçmiş tarixi hadisələri xatırlamaqla yanaşı, xatırladım ki, uzun fasilədən sonra, son bir ildə ölkə prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə Beyləqan şəhərində xeyli tikinti-abadlıq işləri görülüb. Xüsusən rayonun yol infrastrukturu tam yenidən qurulub. Yalnız rayon mərkəzinin yox, rayondakı bütün kənd və qəsəbələrinin yolları yüksək səviyyədə təmir olunub, asfalt örtüyü çəkilib...

Lakin görülmüş işlərlə yanaşı, Beyləqanda əhalini narahat edən bir sıra nöqsanlar və çatışmazlıqlar mövcuddur. Bu nöqsan və çatışmazlıqların həll olunması barədə rayon rəhbərliyinə insanlar dəfələrlə xahiş, tələb, şikayət etsələr də, problemlər həll olunmur.

Beyləqan şəhərində həlli vacib olan məsələlərdən biri yuxarıda haqqında bəhs etdiyim və şəhərdə 30 ilə yaxındır yarımçıq qalmış məscid binasının tikintisinə rəhbərliyin hələ də yad münasibət göstərməsi, məscid tikintisinə heç bir əhəmiyyət verməməsidir.

Burada Nizami Gəncəvinin "Nuşirəvanla bayquşların söhbəti" əsərində bəhs olunan rəvayət yadıma düşdü.

Xatırladım ki, əsərdə şahla vəzirin ova çıxdığı hadisə təsvir olunur. Onlar xarabalığın yanından keçəndə şah bayquşların danışığını eşidir. Quş dili bilən vəzirindən soruşur ki, vəzir, bayquşlar nədən danışırlar? Vəzir deyir ki, oğul atası bayquş qız atası bayquşdan soruşur ki, oğlum qızınla evlənir, qızına cehiz nə verəcəksən? Qız atası bayquş da cavab verir ki, heç təlaş etmə, Nuşirəvan məmləkətdə nə qədər ki, şahdır qızıma istədiyin qədər xaraba cehiz verəcəm. Şah  vəzirin cavabından çox razı qalır və ova davam edir.

Bəli, əsər səkkiz əsr bundan əvvəlki dövrdən bəhs etsə də, mövzusu aktuallığını itirməyib. Əziz beyləqanlılar, sizin Beyləqanda nə qədər ki Nuşirəvan şaha bənzər rəhbərləriniz olacaq nəinki məscid, hələ çox problemlərin həlli yarımçıq qalacaq. Buna əsla şübhə etməyin!..

 

Röyal Əsədli

P.S. Qeyd edək ki, rayon sakinlərinin verdiyi məlumata görə, 1989-cu ildə rayonun o dövrdəki rəhbəri Mürşüd Əzimov tərəfindən təməli qoyulan məscidin tikilməsi üçün 1,5 hektar torpaq sahəsi ayrılıb. Həmin il məscidin tikintisinə başlanılıb. Məscidin günbəz hissəsinə çatdıqda isə tikinti dayandırılıb. Tikilinin yarımçıq qalmasına səbəb 1990-cı illərdə baş verən siyasi hadisələr olub. Müharibə dövründə məscid baxımsız vəziyyətə düşüb.

mescid beyleqanmescid beyleqan1