Əmlak idarəçiliyində elektronlaşma: cari ilin 8 ayında 200 mindən çox, ümumilikdə isə 1,2 milyondan artıq elektron xidmət göstərilib

Əmlak idarəçiliyində elektronlaşma: cari ilin 8 ayında 200 mindən çox, ümumilikdə isə 1,2 milyondan artıq elektron xidmət göstərilib
11:45 10-09-2019 | icon 225

Müasir dövrün əsas tələblərindən olan elektronlaşma hazırda bütün sahələri əhatə etməkdədir. Yeniliyə daima açıq olan Əmlak Məsələləri Dövlət Komitəsi də fəaliyyət sahəsi üzrə göstərilən xidmətləri elektronlaşdırmaqda davam edir.

Artıq vətəndaşların məlumatları axtarmaq və əldə etmək üçün çox vaxt sərf etmələrinə ehtiyac qalmır. Bununla da xidmətlər operativ və şəffaf formada göstərilir, daha əlçatan olur, vətəndaş-məmur münasibəti minimuma enir, o cümlədən vətəndaş məmnunluğu təmin edilir. Komitənin təqdim etdiyi 3 SMS, 41 elektron xidmət, o cümlədən 3 onlayn xidmət birbaşa olaraq vətəndaş rahatlığının artırılmasına yönəlib. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin Elektron Xidmətlər Portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.

Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2019-ci ilin 8 ayı ərzində 200 mindən çox elektron xidmət göstərilib. Ümumilikdə isə vətəndaşlar, fiziki və hüquqi şəxslər müxtəlif fəaliyyət istiqamətləri üzrə 1 milyon 200 minə yaxın elektron xidmətdən istifadə edib.

Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, cari ilin 8 ayı ərazində daşınmaz əmlakın qeydiyyatı üzrə 26 elektron xidmətdən istifadə edənlərin sayı 22 min 300-ə yaxındır.

Ümumilikdə isə bu rəqəm 180 minə yaxındır. Komitənin Elektron Xidmətlər Portalı (www.e-emdk.gov.az) üzərindən ən çox istifadə olunan elektron xidmətləri ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlər təşkil edir. Bu xidmətlərdən istifadə edənlərin sayı bütövlükdə 156 minə yaxındır. Cari il ərzində komitənin göstərdiyi elektron xidmətlərə müraciətlərin böyük hissəsi, 188 minə yaxını daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların - “Forma-1”in alınmasına aiddir.

Qeyd edilməlidir ki, komitənin təqdim etdiyi elektron xidmətlərdən 26-sı daşınmaz əmlakın qeydiyyatı, 10-u dövlət əmlakının özəlləşdirilməsi, 3-ü dövlət əmlakının idarə edilməsi və icarəsi, 2-si isə kadastr ilə bağlıdır. Bu xidmətlərin 38-i interaktiv, 3-ü isə informativ xidmətlərdir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsi ilə yanaşı, özəlləşmə sahəsində də səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur. Bundan başqa qeydiyyatdan keçmədən də hərracları onlayn izləmək mümkündür. Həmçinin bu ilin 8 ayı ərzində 20-ə yaxın Elektron hərrac baş tutub.

Komitənin elektron xidmətləri daha çox praktiki olmaqla fərqlənir. Belə ki, daşınmaz əmlakın qeydiyyatı və kadastrla bağlı göstərilən fəaliyyət üçün tələb olunan dövlət rüsumunu və xidmət haqqını əvvəlcədən hesablamağa imkan verən “Əmlak kalkulyatoru” və “Kadastr kalkulyatoru” vətəndaşların istifadəsindədir. Bundan başqa mənzillərin ünvanı, tikildiyi tarixi, sahəsi üzrə bazar qiymətini onlayn öyrənmək mümkünüdür. Eyni zamanda əhali çoxmərtəbəli yaşayış binalarında mənzil alarkən, onlara çıxarışın verilməsinin mümkünlüyünü onlayn rejimdə əvvəlcədən öyrənə bilir. Həmçinin vətəndaşlar elektron çıxarışların həqiqiliyini yoxlamaq üçün “Elektron çıxarışın yoxlanması” elektron xidmətindən istifadə edir.

Mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqını və müraciətin icra vəziyyətini, habelə dövlət əmlakının icarə haqqı borcunu öyrənmək də mümkündür

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin əsas hədəflərindən biri göstərdiyi xidmətləri tam elektronlaşdırmaqdır. Komitə sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsiplərini nəzərə alaraq xidmətlərin maksimum sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində işlərini davam etdirəcək.