Keçmiş nazirlərin milyonları necə geri alına bilər? – “Cinayət işi başlanmalıdır”

Keçmiş nazirlərin milyonları necə geri alına bilər? – “Cinayət işi başlanmalıdır”
16:59 09-09-2019 | icon 291

“Keçmiş nazirləri talançılıqda ittiham etmək Azərbaycanda hüquqi dövlətin mövcudluğunu şübhə altına alır. Onların əmlaklarının əlindən alınması isə yalnız obyektiv araşdrımalar nəticəsində ola bilər”. 

Bu sözləri “Yeni Sabah”a iqtisadçı alim Nazim Bəydəmirli deyib. 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bir neçə gün əvvəl keçmiş nazirlərin ünvanına ittihamlar səsləndirib. Keçmiş nazirləri hakimiyyəti müdafiə etməməkdə, YAP-a sayqısızlıq göstərməkdə ittiham edən Siyavuş Novruzov həmçinin onların milyardlarla manat sərvətə malik olduqlarını bildirib.

Keçmiş maliyyə naziri Fikrət Yusifov isə deyib ki, həmin vəsaitlər onlardan alınmalıdır.

Nazim Bəydəmirli bildirib ki, əslində hansısa məmur vəzifədən kənarlaşdırılanda bu baş verir. “Vəzifədə olarkən onların sərvəti barədə susurlar. Həmin məmurların gəlirləri barədə heç bir açıqlama verilmir. Elə ki, vəzifədən çıxarılırlar məlum olur ki, bu adamlar büdcəni talayıblar. Mediada bu barədə geniş yazılar dərc olunur və sonra biz eşidirik ki, əmlaklarla bağlı əl dəyişimi baş verib. Bu çox mənfi tendensiyadır və dövlət adına mənfi haldır”, - deyə iqtisadçı alim bildirib.

Nazim Bəydəmirli hesab edir ki, bu cür hallara qarşı vaxtında tədbir görülməlidir. “Həmin məmurlar vəzifədə olarkən onların fəaliyyətinə nəzarət olunmalıdır. İşdən çıxarılandan sonra hər şeyi onları üzərinə atmaq çox asandır. Amma bununla belə,  keçmiş nazirlərin talama siyasətilə məşğul olduqlarına dair tutarlı faktlar varsa, o zaman cinayət işi başlayıb, məsələni hərtərəfli, şəffafq qaydada araşdırıb həmin vəsaitləri geri almaq olar. 

Amma Azərbaycan reallığında heç bir araşdırma aparılmadan da bu baş verə bilər”, - deyə iqtisadçı alim vurğulayıb.

 

“Qafqazinfo” bu məqamda son altı ildə nazir vəzifəsindən azad edilən şəxslərin hazırki fəaliyyətini araşdırıb.

Milyardı yığıb altına, qaçıb gizlənib

2013- cü ildə 18 illik Müdafiə naziri vəzifəsindən azad edilən Səfər Əbiyev gözlərdən uzaq yaşayır. Uzun müddət onun qohumları ilə belə əlaqə saxlamadığı, hətta xaricdə yaşadığı barədə məlumatlar da var idi. O, son olaraq cari ilin martında  üzv olduğu “Dədə Qorqud” Milli Fondunun mükafatlandırma mərasimində iştirak edib.

Həmin il Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov da vəzifəsindən azad edilib. O, nazir kimi 7 il fəaliyyət göstərib. 2013-cü ildə İsmayıllıda baş verən xalq etirazlarına görə, postundan kənarlaşdırıldığı bildirilirdi.

Keçmiş nazirin hazırda böyük biznes holdinqə rəhbərlik etdiyi vurğulanır.

Bu yaxınlarda isə ABŞ-ın dünyaca tanınan “Massey Ferguson” şirkətinin Azərbaycanda təmsilçiliyini açan F. Ələkbərov mayın 15-də Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olan zaman  şirkətin məhsulları ilə bağlı ölkə başçısına təqdimat da edib.

Misir Mərdanov da 2013- cü ildə nazir postundan azad edilən şəxslər sırasındadır. O, 15 il nazir vəzifəsində çalışıb. Sabiq nazir vəzifəsindən işdən çıxarılandan sonra elmi fəaliyyətlə məşğul olmağa başlayıb. O, hazırda AMEA-nın Riyaziyyat İnstitutunun direktorudur. M. Mərdanov, həmçinin, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvüdür. Onu hakim partiyanın keçirdiyi tədbirlərdə görmək mümkündür.

Bu məqamda əlavə edək ki, M. Mərdanovu Mikayıl Cabbarov əvəzləmişdi.

2015- ci ildə isə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov vəzifəsindən azad edilib. O, işdən çıxarılandan sonra 2016- cı ildə barəsində Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Onun işinin nazirliyin digər məsuliyyətə cəlb edilən məmurlarının işindən ayrı icraata götürüldüyü məlum olub.

Hazırda Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri vəzifəsində çalışır.

2015- ci ildə  Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilən Eldar Mahmudov da qeybə çəkilən nazirlərdəndir. Sabiq nazir vəzifəsindən azad edildikdən sonra bir neçə MTN generalı cinayət məsuliyyətinə cəlb edilib. E. Mahmudovun da həbs ediləcəyi gözlənilsə də,  o,  bu illər ərzində iki dəfə qardaşı oğlu Vüqar Mahmudovla bağlı işdə məhkəmədə ifadə verib. Sabiq nazirin özünün böyük biznesə malik olduğu haqqında mətbuatda dəfələrlə yazılar dərc olunub.


Eks-nəqliyyat naziri Ziya Məmmədov da 2017-ci ildə vəzifəsindən azad edilən məmurlardandır. O, rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra işindən olub. Sabiq nazirin də adı daima oliqarx məmurlar sırasında çəkilib. Zamanında böyük holdinqlərə sahib olan Məmmədov bu gün də biznesiylə məşğuldur.

Bu arada qeyd edək ki, sabiq nazirin son müsahibəsi də geniş müzakirələrə səbəb olmuşdu. O, ibadətlə məşğul olduğunu belə açıqlamışdı: “Mən yaranandan, ağlım kəsəndən Allahı tanıyıram, Allaha bəndəlik edirəm, Onu sevirəm, əməli-saleh olmağa çalışıram. İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm”.

Ziya Məmmədovun qudası, keçmiş Kənd təsərrüfatı naziri Heydər Əsədov da  2017- ci ildə işdən azad edilib. O, hazırda Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsində çalışır.

Sabiq Vergilər naziri Fazil Məmmədov 17 illik postundan 2017-ci ildə çıxarılıb. Sabiq nazir son günlər səhhətində yaranan problemlərə görə yenidən gündəmə gəlmişdi.

Onun biznesini mətbuatda “topdağıtmaz” biznes kimi qələmə verirdilər.

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 2018- ci ildə işini itirən nazirlərdəndir. Hazırda Milli  Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdir i vəzifəsində çalışır. Bir müddət o, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri vəzifəsində də çalışıb. Hesablama Palatasının 2017- ci ildə Fondda audit aparması nəticəsində burada külli miqdarda yeyinti hallarının baş verdiyi aşkar olunmuşdu. Belə ki, auditdə vəfat etmiş 181 şəxsə pensiya təyin olunduğu qeyd edilirdi.

Məhz bu kimi  faktlara görə, sabiq nazirin  cinayət məsuliyyətinə cəlb edilməsi gözlənilsə də, bu hal baş verməyib.

Azərbaycanın ilk Ekologiya və Təbii  Sərvətlər naziri olan Hüseynqulu Bağırov da 17 illik vəzifəsindən 2018-ci ildə azad edilib. H. Bağırov  hazırda Qərb universitetinin rektorudur. Sabiq nazirin də biznesə sahib olduğu bildirilir.