Azərbaycanda iki nəfər qarayaraya tutulub

Azərbaycanda iki nəfər qarayaraya tutulub
15:30 09-09-2019 | icon 47

Azərbaycanda iki nəfərin qarayara yoluxması barədə xəbər yayılıb. milletinsesi.info-ın məlumatına görə, fakt Sabirabadda qeydə alınıb. 

Səhiyyə Nazirliyindən milletinsesi.info-a məlumatı təsdiq ediblər.

Bildirilib ki, Sabirabad sakini olan 34 və 26 yaşlarında iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

"Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb".

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qarayara xəstəliyi ilə bağlı açıqlama yayıb. 

AQTA-dan milletinsesi.info-a bildirilib ki, Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlunda qarayara xəstəliyi ehtimalı ilə bağlı daxil olan məlumat əsasında Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb və hadisənin baş verdiyi əraziyə ezam olunub.

Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb.

Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.