Azərbaycanlı qadınların "kölgə" və azadlıq axtarışı ilə əcnəbilərlə evlənməsi neçəyə başa gəlir?

Azərbaycanlı qadınların "kölgə" və azadlıq axtarışı ilə əcnəbilərlə evlənməsi neçəyə başa gəlir?
13:50 09-09-2019 | icon 50

Son vaxtlar əcnəbilərlə ailə quran azərbaycanlı qadınların sayı çoxalıb. Statistik göstəricilərə görə, 2019-cu ilin altı ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 1013 nikah bağlanıb. Əcnəbilərlərlə ailə quranların 544 nəfəri azərbaycanlı qadınlardır. Daha çox isə Türkiyə, Rusiya və Gürcüstan vətəndaşları ilə evlənməyə üstünlük verilir.

milletinsesi.info-a danışan "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, azərbaycanlı qadınlar yaşadıqları mühitdən azad olmaq və iqtisadi durumlarını düzəltmək üçün xaricilərlə ailə qurmağa üstünlük verir:

"Bizim qadınlar əcnəbilərin ailəyə sadiq və  iqtisadi baxımdan üstün olduqlarını düşündükləri üçün bu addımı atırlar. Həmçinin, bəzi qadınlar yaşadıqları mühitdən qaçmaq üçün xarici vətəndaşla nikaha girir.

Hesab edirlər ki, ölkəmizdə istədikləri azadlıq yoxdur. Belə ki, ənənələr, davranışlar və müəyyən qanunlar onların azad olmasına şərait yaratmır. Bu səbəbdən də başqa ölkədə daha sərbəst olacaqlarını düşünürlər. Həmçinin, ikinci dəfə ailə qura bilməyən və uşaq vaxtı zorlananlar da əcnəbilərə üstünlük verir.

Ümumiyyətlə, xarici vətəndaşla ailə quran qadınlar psixoloji öyrəşmə prosesini keçdikdən sonra boşanma halları olmur. Ailə sabit qalır. Hər zaman əcnəbi kişilərin zorakılığa meyli olmadığı deyilir. Amma bir çox ölkələrdə zorakılıq halları bizdən çoxdur.

Əcnəbilərin öz qaydaları, davranış və ailə modeli var. Ona görə də bizim qadınlar ölkələrin qanunlarını bilmədikləri üçün xeyli çətinlik çəkirlər".

Mehriban Zeynalova onu da əlavə edib ki, azərbaycanlı qadınların çoxu qonşu ölkə vətəndaşları ilə qeyri-rəsmi şəkildə yaşayır:

"Türkiyədə bu proses daha geniş yayılıb. Avropa ölkələrində isə nikah zamanı müqavilə bağlanılır. Hər şey qayda-qanunla həyata keçirilir".

Bəs əcnəbilərlə ailə qurmaq qanunla necə tənzimlənir və rüsumlar nə qədərdir?

Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə nikaha daxil olduğu zaman nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən həyata keçirilir.

Əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar nikahın qeydə alınması və əlaqədar əməliyyatlar üçün qanunla müəyyən olunan dövlət rüsumu ödəyir.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunub:

1) nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə - 30 ABŞ dolları;

2) xarici ölkələrin VVAQ orqanları tərəfindən nikahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə - 20 ABŞ dolları;

3) nikah haqqında akt qeydində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə - 20 ABŞ dolları;

4) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən, təkrar şəhadətnamələrin verilməsinə görə - 40 ABŞ dolları.

Eyni zamanda, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən nikahın qeydə alınması ilə əlaqədar aşağıdakı sənədlərin nümunəsi tələb olunur:

1. Nikahın qeydə alınması və nikah haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının diplomatic nümayəndəlik və ya konsulluğuna ünvanlanan ərizə nümunəsi;

2. Nikah haqqında akt qeydinin nümunəsi;

3. Nikah haqqında şəhadətnamənin nümunəsi;

4. Nikah haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə ərizənin nümunəsi.

Sevinc Yasinqızı