Metafizik kontuziyadan necə xilas olmalı – xalq kimə inanır: mollaya, yoxsa psixiatra?

Metafizik kontuziyadan necə xilas olmalı – xalq kimə inanır: mollaya, yoxsa psixiatra?
19:40 07-09-2019 | icon 72

Aqşin Yenisey yazır...

Biz Bakıda ağcaqanadlarla min illik mübarizəmizin növbəti iyulunu həmişəki kimi “heç-heçə” hesabla başa vuranda okeanın o tayında “Tesla Motors” və “SpaceX” şirkətlərinin sahibi, Cənubi Afrikadan olan iş adamı Elon Mask “Neuralink” adlı yeni şirkət qurduğunu və insan beynini kompüter proqramlarına bağlayacaq texnologiyalar üzərində işlədiklərini aləmə car çəkdi.  ABŞ-da könüllü insanlar üzərində təcrübələrə başlamaq üçün əlaqədar orqanlara müraciət etdiyini deyən Mask bildirdi ki, meymunlar üzərində aparılan tədqiqatlar nəticəsində kompüterlərin bioloji beyinin gücü ilə idarə edilməsinə nail olublar. “Neuralink” ilk mərhələdə, xüsusilə iflic xəstələri üçün texnoloji yardım əli uzatmağı hədəfləyir. Mask isə yekun məqsədin “insanüstü şüur” yaratmaq olduğunu vurğulayıb.

Rus demişkən, “vot!” Biz də burda beş-altı ağcaqanadın əlində girinc qalmışıq.

Bu gün elmin özünə verdiyi ən böyük suallarından biri budur ki, insan beyni iradəyəmi tabedir, ya əksinə, iradə dediyimiz şey beyinin fəaliyyət formalarından biridir? Elm “iradə” deyilən yarıezoterik insanüstü bir gücü inkar etməkdədir. Bu yaxınlarda İstanbulda işləyən psixiatr dostumuz da insanda “iradə”, “vicdan” deyə bir şeyin olmadığını, hər hərəkətimizin beyin mərkəzlərindən yönləndirildiyini söyləyəndə ölü yerində bir balaca qanQARAÇILIQ yaşandı; vicdanı qanunların metafizikası, tanrısı kimi anlayan və qanundan çox vicdana səcdə edən həmyerlilərimiz psixiatrın naqqal-naqqal danışdığını görüb mollaya “cinlərin də şəhərli və kəndli olanları varmı” sualını ünvanlayaraq doktorun səsini batırdılar.  

Psixiatrın: “Artıq iradə kəlməsi də, vicdan, ruh, tale  kəlmələri kimi arxaik təfəkkürün bələdçisinə çevrilməkdədir” sözlərini heç kim eşitmədi, ya da eşitmək istəmədi.

Maskın ideyası alınsa, belə çıxır ki, yaxın illərdə insanlar ciblərində telefonla yanaşı, köməkçi bir beyin də gəzdirə biləcəklər. Artıq tərəf müqabillərimiz digər insan beyinləri yox, özümüzün ikinci beynimiz olacaq. Bir anlıq düşünək ki, Bakıya ikinci beyinlər gəlib və hərə birini alıb qoşub öz beyninə. Gəlin, təxəyyülümüzü işə salıb təsəvvür edək ki, bizim insan bu ikinci beynindən necə istifadə edəcək? 

Azərbaycanda əsarət illərindən qalma bir düşüncə forması var: “yola vermək”. Bu düşüncə tipi müxtəlif şəkillərdə bütün əzilən xalqların davranışlarında özünü göstərir. Məsələn, afroamerikalıların özünəməxsus yeriş forması var; əllərini, qollarını sallayaraq, yuxulu adam kimi tənbəl-tənbəl yerimək. Sanki küçədə yeriməyə belə ərinirlər. Bu əringəclik onlara kölə əcdadlarının mirasıdır. Bu yerişin alt mənası ağanın əmrinə qarşı kölə saymazlığıdır, yəni mən buyruğun arxasınca kiminsə əmri ilə yox, öz kefimlə gedirəm. Bu yeriş bir kölə kompleksidir. Müasir zənci bu yerişlə ruhundakı afro azadlığının həzzini bədənindəki Amerika əsarətinin ağrısına qarşı qoyur. Kökü kölə “zəhmətkeşliyinə” bağlı olan bu ərincəklik bu gün artıq bir həyat tərzinin rəmzidir; babalarının məşəqqəti olan bir hərəkət nəvələrinin ləzzətinə çevrilib. 
  
Bizdə də “yola vermək” müstəmləkə düşüncəsidir. Babalarımızın ictimai mirasıdır. Və müstəqillik dövründə bütün işlərimizi korlayan da məhz bu “yola vermək” düşüncəsidir ki, bədxassəli şiş kimi kəsilib atılmalıdır.  “İkinci beyin” layihəsi uğurla nəticələnsə və Bakıda da satışa çıxarılsa, bizim insan, yəqin ki, ondan ilk növbədə “yola verdiyi” işlərdə istifadə edəcək. Məsələn, sadə vətəndaş ikinci beyninə deyəcək ki, sən işi yola ver, mən axşama bir az “çak-çuk” eləyim. Bu süni beyinlər ən çox qocaman professorların karına gələcək. Saat kimi səksən dəqiqəyə qurub xahiş edəcəklər ki, sən canın, bezdim əlli il eyni mühazirəni oxumaqdan, bu gün sən oxu, mən bir az mürgüləyim. Həkimlərimiz də həmçinin; tutalım, xəstə qulağının dibinin ağrıdığından şikayət edəcək. Həkim də fikirləşəcək ki, qulağın dibinin nədən ağrıdığını hələ keçməmişik və ikinci beyninə deyəcək, sən ölənlərimizin goru, bircə bunun qulağının dibi qalıb, onu da sən yola ver, gedək “bir qısmat” çörək yeyək. Hətta elə imkanlı şəxslərimiz olacaq ki, özünə iki, üç, bəlkə də, dörd, beş ikinci beyin sifariş edəcək; buna dinimiz də icazə verir, imkanın varsa, ən azı, dördünü saxlaya bilərsən. Bir beyin rayondakı obyektləri işlədəcək, o biri beyin "Kitaydan" mal vuracaq, digəri gecələr Bakıda ağacların dibinə sulfat turşusu tökəcək ki, qurusunlar, kəsib yerində ət dükanı açsın, ən axırıncı beyini də "mazlayıb" istirahətə-zada gedəndə özüylə götürəcək. İkinci beyni ikinci arvad kimi qıraqda saxlayanlar da olacaq aramızda, görəcəksiniz. 

Əsl həngamə “ikinci əl” “ikinci beyin” dükanları açılanda yaşanacaq. Tez-tez beyin dükanlarında belə sözlər eşidəcəyik: “Qardaş, biz “ikinci əl” beyinlərə baxırdıq, qırışları pozuq olsa da olar, əsas odur, “tupoy” olmasın”, yaxud “əmoğlu, bu beyni dünən sizdən almışıq, yaddaşı Afaq Aslanın şəkilləri ilə doludur, silmək də olmur, ya bunu silin, ya da başqası ilə dəyişdirin” və ya “Ə, bə qurumsaq, dünən deyirdin sizdən əvvəl filosof işlədib bu beyni? Dünəndən on sot torpağın qiymətini hesablaya bilmir bə niyə?” və s. bu cür beyin bazarlıqlarının şahidləri olacağıq yaxın illərdə. 

Kaliforniya Universitetində neyrofizioloji professoru olan Benjamin Libet bu gün dünyada narkoz verilmədən, yəni xəstənin şüuru tamamilə yerindəykən beyin əməliyyatları aparır. Ancaq Libetin kəşfi ağrısız beyin əməliyyatları deyil, professor böyük beyinin xarici hissəsində bəzi nöqtələri "oyadaraq" xəstələrdə əllərinə toxunulduğu hissini yaratdıqda onlar bu "toxunuşu" haradasa yarım saniyə əvvəl hiss etdiklərini deyirlər. Libetin, Freydi belə kölgədə qoyacaq kəşfi budur: Tale yarım saniyə insandan öndədir. Libet bunu belə izah edir: "Sözsüz ki, bütün hisslər beyinə çatdırılır. Burada alt şüurda qiymətləndirilib şərh olunarkən, "mən", "iradə", "eqo" heç bir şeyin fərqində deyil. Təsəvvürümüzdə  canlanan, yəni fərqinə vardığımız məlumat uzun bir gecikmədən sonra şüurun yerləşdiyi bölgəyə ötürülür və biz ötürülən məlumata uyğun hərəkət edirik. Yəni tale dediyimiz və yarım saniyə kimi bizdən öndə olan şey beynimizin qəbul etdiyi qərarlardır. Dekartın dediyi “Düşünürəmsə, demək varam” formulu doğru deyil, professor Antonio Damasionun dediyi doğrudur: “Varam ki, düşünürəm”. Libetin xəstələr üzərində apardığı təcrübələrdən çıxan nəticə budur ki, indiki zaman deyə bir şey yoxdur, insan həmişə beyni ilə münasibətdə keçmişdə yaşayır. Şərq şairləri “bir mən vardır məndə məndən içəri” dedikdə tanrının insan bədənində “icra nümayəndəsi” olan ruhun müstəqil varlığına işarə edirdilər, amma elmi təcrübələr sübut edir ki, ruhi, psixi, mistik dediyimiz şeylər beyindəki milyonlarla zəhmətkeş neyronların çəkdiyi əziyyətin nəticələridir. Bu neyronlar 5-6 saniyəlik tətil etmək fikirnə düşsələr, bizi heç bir fövqəlgüc xilas edə biməz. 

Elmin gəldiyi bu nəticədən sonra Maskın üstümüzdə gəzdirə biləcəyimiz “ikinci beyin” yaratmaq iddiası heç də avantüra kimi görünmür. Əsas məsələ odur ki, “ikinci beyin” əldə etdikdən sonra insan öz taleyinin sahibinə çevriləcək və əbədi arzularından birini həyata keçirə, öz taleyini özü yaza biləcək. 

Hə, o başqa yazının mövzusu ki, bizim insanın belə bir şansı olsa özünə necə bir tale yazacaq? Yəqin ki, bizim insanın özünə yazdığı  talenin ilk fəslinin adı belə olacaq: “Ev, iş, maşın”.