İtin bircə dəfə hürməyi ilə gəncin biri həbsə, biri qəbrə gedir...

İtin bircə dəfə hürməyi ilə gəncin biri həbsə, biri qəbrə gedir...
11:00 07-09-2019 | icon 64

Kəramət Böyükçöl yazır...

Azərbaycanda elə hadisələr baş verir, hərdən düşünürəm ki, bir alman, ingilis, fransız, ispan yazıçısı belə bir süjet uydurmaq üçün bəlkə də gecə-gündüz düşünür, litrlərlə viski içir, özünü oda-közə vurur. Bir neçəsini deyimmi? 

Məsələn, yadınızdadırsa Binəqədidə bir cinayət baş vermişdi. Demək, ərli qadın gənc bir oğlanla tanış olur, aralarında sevgi münasibətləri yaranır. Oğlan sevdiyi qadının, əslində, ailəli olduğunu bilmir, sevgilisi də bu barədə ona heç nə demir. Əri isə səhv eləmirəmsə, dənizdə işləyirmiş, on beş gün evdə, on beş gün də işdə olurmuş. Adicə bir tanışlıq əvvəlcə sevgiyə, ordan da ailəyə çevrilmək ərəfəsindəykən, gənc oğlan qadını öz halalca əri ilə əl-ələ tutub mağazaya girərkən görür, başına hava gəlir. Yaxınlaşır, mübahisə düşür və əvvəlcə ərini, sonra qadını bıçaqlayır. Kişinin biri qəbrə, o biri həbsə gedir. Qadınsa təsadüfən, sağ qalır. Məhkəmə prosesində cinayətkardan soruşurlar ki, onları niyə bıçaqladın? Oğlan qayıdasan ki, mənə xəyanət edirdilər, ona görə öldürdüm. 

Bu cinayət hadisəsini Markesin və yaxud hansısa bir dünya yazıçısının hekayəsi kimi kimə danışsan, başını yelləyib təsirlənər, deyər, nə gözəl yazıb, süjeti nə gözəl tapıb. Yoxsa hekayə deyil? 

Başqa bir cinayətdə isə bir oğlan iti ilə birlikdə Sahil metrosunun yanı ilə gedir, arxasınca da başqa biri arvadı ilə qol-qola gəlirmiş. Birdən it geri çevrilib hürür, qadın qorxur. Əri itin sahibinin üstünə cumur, mübahisə yaranır. Sözlə bir-birini başa sala bilməyən adamların davasına bıçaqla aydınlıq gətirilir, qan düşür. Boğazından aldığı xəsarətdən dünyasını dəyişən it sahibinin meyitini təcili yardım maşınına qoyub aparırlar, cinayətkarı polislər tutur, qadınsa ağlaya-ağlaya çıxıb gedir evlərinə. İt isə kor-peşman küçənin ortasında qalır, sahibinin qanına baxır, hürdüyünə it kimi peşman olur. Səhv eləmirəmsə, qadın hamiləymiş. 

Bu qeyri-adi hadisəni kimə hekayə kimi danışsan, vallah, dəli olar, deyər, nə gözəl yazılıb. İtin bircə dəfə hürməyi ilə gəncin biri həbsə, biri qəbrə gedir, ailə dağılır, uşaq atasız qalır. Göz yaşları, ana fəryadı, ata, qardaş, bacı həsrəti və daha nələr, nələr... Bunu bədii bir üslubda qələmə alsan, gözəl bir hekayə deyilmi? 

Azərbaycanda hər il yüzlərlə bu cür hadisələr baş verir. Hərdən papağımı qabağıma qoyub fikirləşirəm ki, doğrudan da, Azərbaycanın harasına baxırsan hekayədir, harasına baxırsan romandır, povestdir. Novruzəli, Şeyx Nəsrullah, Xudayar bəy, Kefli İsgəndəri Mirzə Cəlil İngiltərədən tapıb gətirməmişdi ki... Hamısı gözünün qabağındakı prototiplər deyildimi? Eləcə də, ən dramatik, faciəvi hadisələr bu gün gözümüzün qabağında baş vermirmi? Biz lətifə qəhrəmanları ilə bir ölkədə yaşamırıqmı? Sadəcə, yüngülvari bir istedad lazımdır ki, bunların hamısını rəvan bir dildə qələmə alsın və beləcə özünü imza kimi təsdiq eləsin, axırda da Xalq yazıçısı olsun...