BMTM Strasburqdakı türk təşkilatı ilə əməkdaşlığa başlayır

BMTM Strasburqdakı türk təşkilatı ilə əməkdaşlığa başlayır
11:10 06-09-2019 | icon 29

Sentyabrın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüş zamanı Fərid Şəfiyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb.

O bildirib ki, yeni yaranmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əsas fəaliyyət istiqaməti Azərbaycan, region və dünyada baş verən proseslərlə bağlı arayışlar hazırlamaq, təşkilatlara və digər qurumlara təqdim etməkdir:

"Mərkəz bu istiqamətdə yerli və beynəlxalq düşüncə mərkəzləri ilə əməkdaşlıq edir. Mərkəzin əsas işi, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar və hesabatlar hazırlamaq, o cümlədən, Ermənistanın daxilində baş verən prosesləri və ümumilikdə bu ölkəni dərindən öyrənməkdir".

Daha sonra çıxış edən Ə.Gedikoğlu rəhbərlik etdiyi təşkilatın Fransanın Strasburq şəhərində  türklər tərəfindən yaradılmış və 15 Avropa ölkəsində filialı fəaliyyət göstərən beynəlxalq QHT olduğunu deyib.

O, təşkilatın əsas məqsədinin Türkiyə və müsəlman ölkələrinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə, qərb təşkilatlarına çatdırılması olduğunu əlavə edib.

Bu istiqamətdə COJEP nümayəndə heyəti Gürcüstan və Azərbaycana səfər edərək yerli təşkilatlara, beyin mərkəzlərinə əməkdaşlıq təklif edir. O, beynəlxalq təşkilatlara əməkdaşlıqda birgə işin çox vacib olduğunu diqqətə çatdırıb. 

Daha sonra tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər və konkret layihələrlə bağlı təmasları davam etdirməyə dair razılığa gəliblər.