Fəlsəfə, seks, terror, hind kinosu - Niyazi Mehdinin "Səfillər"ində

Fəlsəfə, seks, terror, hind kinosu - Niyazi Mehdinin "Səfillər"ində
21:50 05-09-2019 | icon 50

Aqşin Yenisey yazır...

Milan Kundera Amerika yazıçısı Filip Rota özünün yeni romanı haqqında belə deyir: "Romanın dəyişməz qaydalarına klişeləşmiş bünövrə kimi baxmaq yanlışdır. Bu yeni roman formasında böyük azadlıq gizlənib". Luisa Oppenqeymlə müsahibəsində isə roman yazan filosoflara "ilişir":

"Əslində, romanın fəlsəfəyə tabe tutulması, fikirlərin roman yolu ilə çatdırılması mənasında işlədilən, sözdə "fəlsəfi roman"dan bəhs etmirəm. 

Sartr, Kamyu (Taun). Bu əxlaqçı roman haradasa mənim sevmədiyim hər şeyin bir örnəyidir. Muzilin və ya Broxun niyyəti isə bambaşqadır; fəlsəfəyə xidmət etmək yox, əksinə, o günədək fəlsəfənin özünə saxladığı əraziləri ələ keçirmək".

Filosof, fəlsəfə professoru Niyazi Mehdi "Qanun" çap evində "Altay və Umay" adlı romanının nəşr olunduğunu sosial şəbəkə dostları ilə paylaşanda və kitabın elektron variantını Ankaraya göndərməsini qocaman filosofumuzdan xahiş edəndə, o da imzasının nirvanasından enib bu xahişi müsbət cavablandıranda mən təsadüfən "kiçik Avropa"nın böyük  yazıçısı Milan Kunderanın müsahibələrini oxuyurdum. Üstünə Niyazi Mehdinin ədəbi iddiasını Şahbaz Xuduoğlunun boynuna qoyduğu "ilk və son" romanını oxudum. 

O irəlidən iyirminci əsrin ikinci yarısından başlayaraq professorların (Eko, Maalof və s.) ədəbiyyata gəlişini tənqid edib, özümü məlumat aclığından və azlığından əziyyət çəkən, romanda fakt, dəlil, sübut axtaran bir xeyli adamın gözündən salmışdım. Sitatbazlığın statusbazlıqla əvəzləndiyi günümüzün "informatikus" oxucuları üçün tənqidimin anlaşılmaz olan iki səbəbi, daha doğrusu, iki iddiası vardı; birinci iddiam bu idi ki, professorlar bu mərtəbəyə yüksələnə qədər həmişə ölü faktlarla işlədikləri üçün onların dili yaradıcı həyəcandan məhrumdur, yəni onların dilində söz var, amma səs yoxdur.

Professorların romanları kinonun Çarli Çaplin dövrüdür. İkinci iddiam bu idi ki, professorlar nədən yazırlar-yazsınlar, əl-ayaqlarına dolaşan olmasın deyə mətndə cansız və çəkisiz mühit yaratmağı sevirlər. Yenə də bir yəni ki, professorlar məhz şeirə, romana lazım olan həyat təcrübələrinin yanından həmişə saymazyana keçib, lunatik kimi faktın, məlumatın işığına tələsdikləri üçün onların romanları həmişə "boyat" dadır. Çünki professorlar mütaliədən sənətə gəldikləri üçün onların obrazları çoxdan başqa kitablarda yaşayıb ölmüş zavallılardır. 

Ümid edirəm ki, həm filosof, həm professor Niyazi Mehdinin "ilk və son" romanı hər iki iddiamın ədəbi qısqanclıq, qərəz olduğunu sübut edib canımı bu "paxıllıq hissindən" biryolluq qurtaracaq. 

"Altay və Umay" romanının ilk fəsilləri məni alman şairi Henrix Heynenin "Harts səfəri" əsərinə götürdü. Ona görə yox ki, bu əsərində Heynenin "duel məsələsinə" görə Höttingenin fəlsəfə professorlarına atmadığı daş qalmır, ona görə ki, alman şairin "Harts səfəri”ndə hadisələr sanki altdan-altdan gülümsəyən, kinayə edən “müdrik bir xalçanın" üstündə cərəyan edir.

Yaddaşımı birdən-birə belə bir ezoterik hiss bürüdü ki, elə bil Niyazi Mehdi Şərqdən aparılmış "bu xalçanı" Heynenin alman filisterlərinin altından çəkib və o gülümsəyən, kinayə edən fona öz qəhrəmanlarını, onların başına gələnləri yerləşdirməklə doğuşu illər alan bu xalça müdrikliyini öz sahiblərinə qaytarıb.

Daha doğrusu, fırlanan qazan qapağından kənarlara sıçrayan noxud dənələri kimi mərkəzi ideyalardan, ortaq dəyərlərdən qaçan müstəqillik dövrünün Azərbaycan gənclərinin prototiplərini bu qədim müdrik xalçanın üstünə, yəni öz “meydanına” çəkməklə onlara daha rahat "qulaqburması" vermək məqsədi güdüb. Ancaq sonrakı fəsillərdə müəllifin də "kölgə personaj" olaraq kulturoloji "olmaz"larda başına yığdığı gənclərdən beş çömçə də artıq olduğunu görəndə ürəyim yerinə düşdü. Fəlsəfə professoru romanında da həmişəki kimi Voltersayağı nadincliyinin "peşində" idi. 

Yəqin ki, Nabokovu əsəbiləşdirərdi ki, niyə bu romanda bircə dənə də olsun ənənəvi bədii-estetik cümlə yoxdur və o, bunu öyrəşdiyimiz roman sənətinə meydan oxuma kimi qiymətləndirərdimi, görəsən? İnandırıcı deyil, çünki Nabokovun tənqidinə ruslara xas "psixoloji çöküş"dən törəyən" sui-qəsdçilik duyğusu hakimdir: o, romanın estetik gözəllikdən yoxsul olmasını çəkinmədən filosofların bədii təxəyyülünün kasıblığı kimi dəyərləndirər və məndən fərqli olaraq, qarşısındakının hansı Mehdi olduğuna qətiyyən fikir verməzdi. Çünki rus öz canını yazığı gəlmək hissindən qurtarmaq üçün zəifi öldürür.  

Ancaq mən Pyotrun qamçısından "əmələ gələn" Nabokovun yox, Nabokovun "qamçısı altında" böyüyən və "mujiksayağı" bir əda ilə "müəllifin deyil, romanın cinsi" olmalıdır deyən Milan Kunderanın bayaq yazdığım "azad roman" fikrini yuxarı başa dəvət edirəm: Niyazi Mehdinin bu romanın hər cümləsini yazarkən ənənəvi bədii-estetikanı "siqaret dalınca göndərməsi", məncə, artıq qaraçı tumanı kimi öz "taksi" rəngləri ilə bayağılaşmış köhnə romana meydan oxumaq cəsarətidir.

Çünki kitabı oxuyanda siz də hiss edəcəksiniz ki, qocaman filosof ələ aldığı mövzularla necə bir estetika düşkünü olduğunu yaşına uyğun həya ilə demək istəyir. Məsələn, 116-cı səhifədə "nekrofilsən" sözünü çürüyən yarpaqların qoxusundan xoşu gəldiyini deyən qıza elə "yedirir" ki, qızın bu qocafəndi "komplimentdən" qıdığı gəlir. 

Romanda bir neçə yerdə adı keçən, mərhum rejissor Vaqif İbrahimoğlu və teatrşünas-intellektual Aydın Talıbzadə ilə köməkləşib filosofun personajlarına bir ucdan "sitat daşıyan" başqa bir professor Kamal Abdulla sanki hər qarşıma çıxdığı cümlədə qucağına qalaqlanmış ağır sitatların, fəlsəfi fikirlərin üstündən işarə edir ki, kitab haqqında yazsan, mənim əvəzimə də bir-iki cümlə "tutuzdur", "yoruldum Niyazinin qəhrəmanlarına "sitat daşımaqdan".

Tək-tük qocaman dostlarımdan olan Kamal Abdulla "Dilçiliyə səyahət" kitabında Nitq və Dil bölgüsü aparır və mətndə nitqin dil, dilin nitq olmadığını iddia edir. "Dilçiliyə səyahət"i oxuyanda bu bölgü məndə sovetdənqalma şəhər və kənd ədəbiyyatı bölgüsü kimi əks-səda vermişdi.

Kommunizm quruculuğu illərində "sənət xalq üçün" nəzərdə tutulduğundan yazılanı hamının anlaması şərt idi. NİTQ hamının anladığı DİL olduğu üçün sovet ədəbiyyatı dilin şaquli qatlarında deyil, nitqin üfüqi səthiliyində yazılırdı (sözsüz ki, istisnalar həmişə var). Bu sovet təlimatının nəticəsi idi ki, Azərbaycan sovet ədəbiyyatı mövzularını DİLdən, yəni mətn laylarından deyil, NİTQdən, gələndən-gedəndən alırdı.

(Məncə, bu fikrə gəlməsində Kamal Abdullanın "quyuya" - Dədə Qorqud mətnlərinə enməsinin ciddi rolu olub). Beləliklə, nitqin deyil, dilin imkanları ilə yazılmalı olan mürəkkəb mövzular ədəbiyyatımızın tullantısına çevrilmişdi.

Hətta bu gün də Kamal Abdullanın yaxın dostu Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid modern Sokrat kimi gəncləri restoran masalarının ətrafına yığıb başlarına ağıl qoyur ki, sadə, oxunaqlı yazın. Ədəbiyyat şıdırğı olmalıdır. Əsər kababın vaxtından oğurlamamalıdır, nöqtə! Bir növ, gəncləri NİTQin dayazlığına çağıraraq, DİLdən, dilimizin dərinliyindən uzaqlaşdırır. Şəhər və kənd ədəbiyyatı bölgüsü də Kamal Abdullanın NİTQ və DİL bölgüsünün başqa adı idi. Şəhər ədəbiyyatı DİLin, kənd ədəbiyyatı NİTQin imkanları hesabına yaradılırdı.

Deməkdən özümü saxlamayacağam ki, bizdə DİL, yəni şəhər ədəbiyyatı çox azdır və oxunmur, hətta bu gün də gənclərimiz ədəbiyyatda dilçiliklə deyil, nitqçiliklə (kəndliliklə) məşğuldurlar.

Mübahisəyə meyilli oxucu bu yerdə soruşa bilər ki, NİTQ və DİLin fərqi nədir ki? Kamal Abdullanın bu suala yüzlərlə cavabı ola bilər, mənə görə isə NİTQ səbəbə, DİL nəticəyə verilən zehni reaksiyadır və bir ədəbiyyatda, hələ də nəticələrin deyil, səbəblərin mübahisəsi gedirsə, o ədəbiyyat cəmiyyət yetişdirə bilməz, onun yetişdirdiyi şey ya xalq olar, ya tayfa. Folklorunu yazılı ədəbiyyatına qurban vermək istəməyən ölkələrə baxsanız, bunu öz gözlərinizlə görəcəksiniz.   

Niyazi Mehdinin romanının dilinə gəlincə, bu romanda həm dil var, həm nitq. Ən maraqlısı odur ki, müəllif özü NİTQin səthiliyində yazır, qəhrəmanları isə DİLin imkanlarında danışır: "Hər yer unudulmağa layiq olmayan nəsnələrlə doludur", - təsəvvür edin, romanda bunu deyən, Mişel Fuko semantikası ilə Kamal Abdulla romantikasını bir cümlədə birləşdirib cəh-cəh vuran şəxs bacı-qardaş hesabına yaşayan Altay adlı bir Bakı avarasıdır. Yaxud "bu avaranın" Niyazi Mehdinin "dilxərcliyi" hesabına barda qıza qurduğu cümləyə baxaq: "Bilirəm ki, yenilik avanqardizminin avantürasından qurtulub kanonik, sabit yaşam dünyasına keçməliyəm". Bu da dili həmin avaraya verib nitqi özünə götürən müəllifin cümləsi: "Nazı təəccüblə gördü ki, ofisianta iki qədəh də konyak gətirdib içəndən sonra dedi: – Gedək?" 

Bakının kafeşantanlarında qaraciyər qazisi olmuş biri kimi deyə bilərəm ki, nitqin özünü qarışdırıb bu kökə salmaq üçün, ən azı, üç növ içkini qarışdırmalısan. Niyazi Mehdi sanki fəlsəfi kitablarında, publisistik yazılarında "kullandığı" qazma baltası kimi dərinlərdə dolaşan DİLini romanına qısqanıb, ya da genişürəklilik göstərərək DİLin "ətli yerini" qəhrəmanlarının qabına çəkib, özü isə çoxuşaqlı anam kimi çörəyini DİLin suyuna, NİTQə batırıb yeyib.

Niyəsini isə müəllif romanın ikinci cümləsində bir avtobus sürücüsü kimi küçəyə bağırıb keçir: "Azərbaycan yaxşısı, zir-zibili ilə həmişə biz düşündüyümüzdən daha böyükdür". DİLin "ətli yerini" personajlarının "qabına çəkməklə", onları dilin fəlsəfi, elmi, bədii-kulturoloji qatlarında danışdırmaqla Niyazi Mehdi sanki vətəni Azərbaycanı bir filosof kimi düşündüyündən böyük göstərmək istəyir; vətəninin avaralarından filosof düzəldir, öz filosofluğunu isə "qız tutmaq"dan yazan avara səviyyəsinə endirir. Ədəbiyyat isə həmişə bunun əksini edir; hər bir ədəbi müəllifin taxtı öz millətinin avaralarının, bədbəxtlərinin taleyi üzərində ucalır, Hüqonun "Səfillər"i, məsələn.

Heç bir xalq istəməz ki, övladları Hüqonun "səfillərinə" bənzəsin, amma hər bir xalq Niyazi Mehdinin bu romanını oxusa, allaha yalvarar ki, bizə o kişinin təsvir etdiyi ağızlarından dürr tökülən azərbaycanlı "səfillərdən" nəsib et, pərvərdigara. Niyazi Mehdi personajlarının DİLi ilə səbəbləri deyil, nəticələri üz-üzə qoyur və biz azərbaycanlıları ənənəvi məişət qatından düşüncə qatına qaldırır.   

Personajların bəzən oxucuya Niyazi Mehdinin "süni zəkaları" kimi görünməsi, mətnin daxili enerjisi hesabına deyil, iplə hərəkət edən kuklalar təsiri bağışlaması da, məncə, müəllifin Azərbaycanı böyük göstərmək arzusunun nəticəsidir. Niyazi Mehdi ipi öz "səfillərinin" əllərinə, ayaqlarına deyil, dillərinə bağlayıb. "Hərənin ağzından bir avazın gəlməsi” romanın polifonikliyini təmin edir. Bu "ağız-ağıza verən", “DİL-DİL ötən" mövzu xaotikliyi romanı dövrümüzün modern zir-zibillər içində eşələnən insanlarından bəhs edən "New York Times"ın ən çox satılanları" seriyasından olan müasir Qərb romanları ilə qardaşlaşdırır, Filosof kimi tanıdığımız Niyazi Mehdi bu romanı ilə bir anda Pol Osterin (sonluq hindsayağı muzkomediya ilə bitməsəydi, eynən Osterin "Quyudakı adam" romanının sonluğunu təkrarlayacaqdı), Yo Nesbonun, Maykl Palmerin, Rik Riordanın, hətta özünün "Qalib həmişə tək qalır" romanı ilə mistikadan hop edib şou-biznes dünyasına düşən Paulo Koelyonun rəqibi kimi zühur edir qarşımızda.    

Bu romanın məndə yaratdığı estetik zövq süjet boyunca müəllifin personajlardan gizlin mətndə yaratdığı vəziyyətlərdə özünü saxlaya bilməyib, ən azı, üslub dalanlarında gözə görünmək istəməsi, bəzən müəllif olmaqdan imtina edib, ya da müəllif olan gözündən oğurlanıb mətndə iştirakçı olmağa can atması idi. Niyazi Mehdi ilk roman təcrübəsinin verdiyi həvəslə bütün əsər boyunca istəyir ki, təsvir etdiyi hadisələrdə, quraşdırdığı dialoqlarda özü də olsun, məsələn, deyəsən, üçüncü fəsildə arvadbazlıqdan danışan dostların məclisində özü də bir-iki kəlmə desin. Ancaq klişeləşmiş roman ənənələri hər dəfə ona cavanların məclisinə qonşu otaqdan qulaq asan ağsaqqal yerini göstərir. Və mətn qanunları 72-ci səhifəyə qədər filosofa müqavimət göstərə bilir. 72-ci səhifədə müəllif, az qala, yağlı pəhləvan hünəri ilə meydana çıxır.  

Məsələn, 76-cı səhifədə artıq Niyazi Mehdi "kölgə personaj" olaraq deyir: "Quran" bizdə anlamlar oyadır, səviyyəmizdən asılı olaraq, bu anlamlar primitiv də ola bilər, dərin fəlsəfi də ola bilər" və dərhal  "dünyada elə bir nəsnə varmı ki, Leylinin gözəlliyini Məcnunun gözünün torlu qişasına bağlayan bu formul ona şamil edilə bilməsin" deyən hazırlıqlı oxucunu müəlliflə polemikaya dəvət edir.

Kitabın yazılma sirri də burada açılır: Niyazi Mehdi bu romanı oxucuların bir-biriləri ilə intellektual-kulturoloji səviyyədə dartışmaları, fikir, ideya alış-verişinə girmələri, qaranlıq, yasaq mətləbləri birlikdə saf-çürük etmələri və hərdən onun da fikirlərini dinləmələri, bir sözlə, dil-dilə, əl-ələ verib Azərbaycanın siyasi azadlığını həm də düşüncə, fikir, intellekt azadlığına çevirmək üçün yazıb.  

Kitab gündəlik həyatda lazım olan fəlsəfi, dini, tarixi fikirlərin, mövzuların qıtlığını çəkən oxucular, yazı yazarkən yerinə düşəcək söz, sitat axtaran jurnalistlər, əxlaqi qorxaqlıq kompleksinə urcah olmuş gənc yazıçı və şairlər üçün intellektual ehsan olacaq.