Abbas Səhhətin məşhur misralarının arxasında gizlənən villalar, maşınlar...

Abbas Səhhətin məşhur misralarının arxasında gizlənən villalar, maşınlar...
15:25 04-09-2019 | icon 70

Kəramət Böyükçöl yazır...

Ədəbiyyatda elə mövzular var ki, orada istədiyin hoqqadan çıxa bilərsən, kefin istəyən qədər yalan danışa bilərsən, basıb-bağlaya bilərsən. Məsələn, əlimi yazıdan saxlayıb vətən haqqında şeirə başlasam, Molla Nəsrəddinin arxasına istiot sürtülmüş eşşəyi kimi məni bir yerdə tutmaqmı olar, saxlamaqmı olar?

Mən hər şeyi adladım, 
Göyün üzündən keçdim.
Başımdakı sevdadan,
Sevgi sözündən keçdim. 
Əyildim yüz yerimdən, 
İynə gözündən keçdim.
Təkcə səndən keçə bilmədim, vətən!

Yaxud:

Ölübdü o qızın üzündə nazı,
Erməni əsgəri naz ayaqlayır.
Düşüb Ələsgərin əlindən sazı,
Bu köpək uşağı saz ayaqlayır.

Hamısını indicə yazdım və bu boş-boş, qeyri-səmimi sözlərə dayanmadan səhərə kimi davam edə bilərəm, müsabiqələrdə qalib olar, təqaüdlər, mükafatlar alaram, axırda da xalqın sevimli şairi olaram. Çıxıb televizorda vətən, yurd həsrətindən elə danışaram, insan qəlbinin sarı simlərinə toxunan elə yanıqlı sözlər deyərəm ki, özümü gülmək tutmasa, camaat dəsmal çəkib başına-gözünə döyə-döyə ağlayar.

Bir də görürsən ki, hansısa bığıburma, qoltuğu papkalı yekəpər bir kişi vətən haqqında təxminən belə bir sicilləmə yazıb qalib gəldi, 1000 manat mükafat aldı.

Vətən, dağına qurban,
Aranına, bağına qurban.
Suyuna, bulağına, daşına,
Kababına, aşına qurban...

Vətəni çörək, dolanışıq yerinə döndərən bu cür şairlərin məclisində qalxıb bir-iki ifşaedici söz desən, əminəm, adamın pişiyini ağaca dırmaşdırar, səni vətən xaini çıxardarlar. Ədəbiyyatda vətənpərvərlik elə mövzudur ki, onun arxasında gizlənib özünə ev-eşik quran kim, oğul evləndirib qız köçürən kim, kürəkənini işə düzəltdirən kim... Belə adamların var, sayı-hesabı yoxdur. Adamlar var, işdə yol verdiyi nöqsanlarla bağlı irad bildirirsən, qalxıb sənə vətən şeiri deyir. Heç hənanın yeridir? Kim öz işini doğru-dürüst bacarmırsa, gözünü yumub ağzını açır: 

Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz!

Yeri gəlmişkən, Abbas Səhhətin bu misralarının arxasında bilirsinizmi nə qədər evlər, villalar, maşınlar gizlətmək olar? Bu misralar arxasında gizlənmək üçün bilirsinizmi necə əlverişli zonadır, səngərdir?

Və yaxud:

Bəlkə də borcundan çıxmadım, vətən,
Ömür bahar deyil, bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki, mən,
Çürüyüm bir ovuc torpağın artsın.

Hiss edirsən ki, bu cür vətən şeirləri get-gedə ən adi tələbəni, sadə bir gənci də yorub.

Universitetlərdə tələbələr bəzən Laçının, Kəlbəcərin işğal günləri ilə bağlı tədbirlərə getmək istəmir. Niyə? Çünki yalan sözlərə qulaqları toxdur. Çünki yorulublar, beziblər. Mən universitetdə oxuyarkən, bu cür təmənnalı, qeyri-səmimi, saxta, pafoslu münasibətlərlə vətən mövzusunu o qədər gözdən saldılar ki, yadıma gəlir, uşaqları Şuşanın işğal günü ilə bağlı keçirilən tədbirdə zala güclə doldururdular, heç mən özüm də getmək istəmirdim. 

Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı nə qədər şeir müsabiqəsi keçirilir. Bir də gördün Kəlbəcərin işğal günündə 10 şairin hərəsinə min manat mükafat verdilər. Yaxud Şuşanın işğal günü ilə bağlı müsabiqə keçirilir, yenə 15-20 şairin hərəsi 5-3 manat mükafat alır.

Vətənpərvərliyin təbliği adı altında keçirilən bu cür mükafatlandırma mərasimlərindən adətən, hamı razı qalır, hamı dolanır, hamı yeyir-içir, kef edir. Bircə vətən inciyir, vətən küsür...