Kliniki Tibbi Mərkəzdə həyati təhlükəsi olmayan yaralı öldü: kimdir günahkar – kürəkən, yoxsa səhiyyə sistemi?

Kliniki Tibbi Mərkəzdə həyati təhlükəsi olmayan yaralı öldü: kimdir günahkar – kürəkən, yoxsa səhiyyə sistemi?
13:30 04-09-2019 | icon 175

Bakının Binəqədi rayonunda yeznəsi tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib.

APA-nın məlumatına görə, 1987-ci il təvəllüdlü Roza Mahmudova həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada keçinib. Hadisə zamanı bıçaqlanan digər şəxs - 1989-cu il təvəllüdlü Ruhəngiz Mahmudovanın müalicəsi isə davam etdirilir.

Faktla əlaqədar istintaq araşdırmaları davam etdirilir.

Ovqat.com xəbər verir ki, iki gün öncə axşam saatlarında Binəqədi şossesi, döngə 4 ünvanında baş verən hadisə zamanı Quliyev Samir Qurban oğlu adlı şəxs öz həyat yoldaşı Mahmudova Ruhəngiz Abdul qızını və baldızı Mahmudova Roza Abdul qızını bıçaqlamışdı. Qatil həyat yoldaşına 14, baldızına isə 5 bıçaq zərbəsi endirmişdi. İlk baxışdan xüsusi amansızlıqla törədilən cinayət hadisəsi təsiri bağışlamasına baxmayaraq, dünən Səhiyyə Nazirliyinin yaydığı bir xəbər Mahmudovlar ailəsini xeyli ümidləndirmişdi.

Zira Səhiyyə Nazirliyinin rəsmi açıqlamasında yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilirdi: “Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur”.

Üzərindən bir gün keçməmiş daha az bıçaq zərbəsi alan baldızın artıq dünyasını dəyişdiyi xəbəri yayıldı. Digər xəstənin vəziyyəti barədə isə konkret heç bir məlumat verilmir. O halda sual yaranır: Yaralıların həyati təhlükəsi yox idisə, baldız niyə ölüb?

Səhiyyə Nazirliyinin açıqlamalarından belə çıxır ki, əsl qatil kürəkən yox, yaralıların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdir. Digər ehtimal da var: Səhiyyə Nazirliyi nə danışdığını bilməyən adamlar tərəfindən idarə olunur.