Yunus Arifoğlu isti suya həsrət qaldı, 64 hektarlıq istixanasını bağladı

Yunus Arifoğlu isti suya həsrət qaldı, 64 hektarlıq istixanasını bağladı
15:30 30-08-2019 | icon 219

“Azərsun Holdinq”in keçmiş vitse-prezidenti, uzun illər Azərbaycanda işlədikdən sonra Türkiyənin  Aydın bölgəsinin Germencik rayonunda 64 hektarlıq ərazidə istixana quran Yunus Arifoğlu obyektini bağlayıb.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, istixananı qızdırmaq üçün yaxınlıqda yerləşən geotermal su mənbələrindən isti su ala bilmədiyi üçün illərdir hər yerə şikayət edən iş adamı axırda faliyyətini dayandırmalı olub.

Yunus Arifoğlu 90-cı illərin əvvəllərindən Azərbaycana gəlib, burada biznesə başlayıb, Azərbaycan vətəndaşlığı alıb. Lakin 2013-cü ildə bütün biznesini, o cümlədən mülklərini sataraq Türkiyəyə yerləşib. Orada istixana biznesinə girişib və 2015-ci ildə 35 milyon TL yatırımla Aydın bölgəsində 64 hektarlıq ərazidə istixana kompleksi açıb. Kompleksin 42 hektarı qapalı idi.

Erdem Yunus Arifoğlu deyir ki, istixana kompleksi 2016-cı ildə məhsul verməyə başlayıb. İldə 1200 ton pomidor yetişdirərək Rusiyaya və Avropa ölkələrinə satmağa başlayıb. Lakin o, isitmə üçün daş kömürdən istifadə etdiyinə görə istehsalın maya dəyəri yüksəlib, nəticədə müəssisə ziyanla işləməyə başlayıb. Arifoğlunun bildirdiyinə görə, o istixana kompleksini quranda isistmə suyunu yaxınlıqda yerləşən geotermal qaynaqlardan əldə edəcəyinə ümid edirdi. Lakin dəfələrlə müraciət etsə də ona həmin qaynaqlardan istifadə etməyə icazə verməyiblər.

İş adamı deyir ki, hökumətin qəbul etdiyi qərara görə onun yaxınlıqda yerləşən geotermal su qaynaqlarından istifadə etməyə icazəsi var idi. Lakin illərdir ona bu imkanı yaratmadılar və nəticədə istixana kompleksi ziyanla işlədi.

“Mən 25 il Azərbaycanda əmək verdim, qazandım. Digər ortaqlarımla birlikdə bu kompleksi qurduq, məqsədimiz bölgədə daha çox istixana kompleksi qurmaq idi, planlarımızda vardı. Amma bizi zərərə uğratdılar. Kompleksimiz hazırda bağlıdır. 50-dən çox işçi işsiz qaldı. Bütün elektron cihazlarımız günün altında qalıb xarab olur. 4 ay əvvəl geotermal su qaynaqlarını işlədən firmanı məhkəməyə vermişik. Türkiyədə ədliyyə sistemi ləng hərəkət edir, buna hörmət edirəm. Yəqin ki, nə zamansa cavab verəcəklər”,-iş adamı deyir.

Arifoğlu prezident Ərdoğandan onun probleminin həllinə kömək göstərməyi də xahiş edib.