“Kontakt Home”la vətəndaş arasında şirəçəkən qalmaqalı – İş məhkəmədədir

“Kontakt Home”la vətəndaş arasında şirəçəkən qalmaqalı – İş məhkəmədədir
17:45 27-08-2019 | icon 240

Sumqayıt sakini Şakir Məmmədov “Kontakt Home” mağazalar şəbəkəsini məhkəməyə verib.

Bu barədə “Millətinsəsi.info”ya Şakir Məmmədovun özü bildirib. Onun sözlərinə görə, məhkəməyə müraciət etməsinin səbəbi “Kontakt Home”dan aldığı şirəçəkənin yararsız olmasıdır.

“Dörd dəfə “Kontakt Home”un "Təmir Servis Mərkəzi"nə müraciət etmişdim. Təmir edirdilər amma yenə işləmirdi. Bu barədə Sumqayıt filialına məlumat verirdim ki, şirəçəkən işləmir. Tələb edirdim ki, ya cihazı dəyişdirin ya da pulumuzu qaytarın. Əks halda məhkəməyə müraciət edəcəm. Bildirdilər ki, məhkəməyə müraciət sizin hüququnuzdur”.

Şakir Məmmədovun sözlərinə görə, birinci dəfə işə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Behbudova baxıb. Lakin iddia təmin olunmayıb:

“Aynur Behbudova səbəb kimi “Kontakt Home”un baş ofisinin Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 73-də yerləşdiyini əsas gətirərək Nəsimi Rayon Məhkəməsinə müraciət etməyimizi, həmçinin 10 manat rüsum ödəmədiyimizi göstərmişdi. 

Əslində Sumqayıt şəhərində yaşadığımdan və iddia istehlakçının hüqüquna dair olduğundan iddiaçı rüsum ödəməkdən azaddır. Bu halları nəzərə almayan Aynur Behbudovanın qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verdim. Apellyasiya məhkəməsi savadsız və hüquqa zidd qərarı ləğv edərək, işi təkrar birinci instansiya məhkəməsinə göndərdi”. 

Şikayətçi bildirib ki, bu dəfə işə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Emin Abdullayev baxıb.

“Emin Abdullayev məhkəmə baxışında bütün hallarda " Kontakt Home"un tərəfini tutaraq, ədalətsiz qərar çıxararaq iddiamı təmin etmədi. Yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verəcəm”,- deyə Şakir Məmmədov bildirib.

Məsələ ilə bağlı "Kontakt Home" mağazalar şəbəkəsinin Sumqayıt filialından elektron poçt ünvanımıza açıqlama gəlib. Həmin açıqlamanı olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

" 27.08.2019 tarixində saytınızda yayımlanan ““Kontakt Home”la vətəndaş arasında şirəçəkən qalmaqalı – İş məhkəmədədir” başlıqlı xəbərlə bağlı açıqlamamızı nəzərinizə çatdırmaq istərdik.

Nəzərinizə çatdırmaq istərdik ki, 02.08.2018 tarixində Kontakt Home mağazalar şəbəkəsinin Sumqayıt filialından Məmmədli Könül Şakir qızı adına Kenwood JE850 markalı şirəçəkən əldə edilib.

Müştəri bu ilin mart ayında məhsulda qüsur olması iddiasıyla rəsmi servis mərkəzinə müraciət edib. Servis diaqnostika zamanı məhsulda istehsal qüsuru aşkarlamayıb. Diaqnostika zamanı şirəçəkəndən düzgün istifadə edilməmə nəticəsində məhsulun reduktorunun zəiflədiyi müəyyən edilib və müştəriyə məhsulu təlimat kitabçasına uyğun qaydada istifadə etmək tövsiyə olunub.

Müştəri məmnuniyyətini nəzərə alaraq, ona ödənişsiz şəkildə motorun dəyişdirilməsi və yaxud da istisna hal kimi dəyərləndirilərək dəyişdirilməsi təklif edilib. Lakin müştəri heç bir təkliflə razılaşmayaraq, məhkəməyə müraciət edəcəyini və şirkəti anti-reklam edəcəyini bildirib.

Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinə müraciət edən müştərinin iddiası əsasında həyata keçirilmiş məhkəmə araşdırması nəticəsində iddianın əsassız olduğu təsdiqini tapmış, beləliklə, sözügedən məhkəmənin qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

Sonda bir daha qeyd etmək istərdik ki, yuxarıda adıçəkilən məqalədə əks olunan məlumatlar tamamilə əsassızdır, subyektiv xarakter daşıyır və şirkətimizin işgüzar nüfuzuna ziyan vurur, həmçinin Məhkəmənin ədalətliliyini şübhə altına alır.

Belə ki, Azərbaycan Respubikası Konstitusiyasının 129-cu maddəsinin birinci hissəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Odur ki, mövqeyimizi KİV haqqında Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə uyğun olaraq yayımlanmasını Sizdən xahiş edirik."